Aktual

Qarabağ üçün kürd açılımı təhlükəsi – Xəbərdarlıq

Arif Yunus: “Kürdlərin öz düşüncələrindəki dövləti yaratmaq üzrə atdıqları hər bir addım ermənilər üçün də tutarqa olacaq”

“Bir zamanlar Quzey İraq dedikdə kürdüstanı nəzərdə tuturduq, indi də Türkiyənin güneydoğusuna Türkiyə kürdüstanı deməkdə heç bir problem yoxdur”. Bu sözləri Diyarbəkir Böyükşəhər Bələdiyyəsinin sədri Osman Baydemir CNN Türk kanalında Ceneyt Özdəmirin müəllif proqramındakı çıxışında deyib. “Yeni Şərq”-in Musavat.com-a istinadən verdiyi xəbərə görə Baydemirin bu açıqlamasını Türkiyənin ünlü yazarları ölkənin ərazi bütövlüyünə təhdid kimi dəyərləndirib. “Kürdüstan” kəlməsini Türkiyə rəsmilərindən ilk dəfə baş nazir Rəcəb Tayyib Ərdoğan noyabrın 16-da Quzey İraqın kürd yönətiminin başçısı Məsud Bərzaninin Diyarbəkirə səfəri zamanı səsləndirmiş və bununla da xeyli təpki toplamışdı.
“Yeni Müsavat”a açıqlamasında Milliyyətçi Hərəkat Partiyasından Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Qaya AKP hökumətinin yürütdüyü bu siyasətin yaxın coğrafiyadakı proseslərə ciddi təsir edəcəyini bildirmişdi. Zaman-zaman Qarabağ məsələsinin müzakirələrində kürd faktoru önə çəkilib. İşğal edilən ərazilərin bir hissəsinin kürdlərin yaşadıqları ərazilər olduğu və ABŞ-ın kürdüstan projesində bu ərazilərin xəyali dövlətə aid ediləcəyi fikirləri səsləndirilib. Bəs Türkiyənin adı terror himayədarı kimi anılan Məsud Bərzani yönətimi ilə yaxınlaşması prosesi Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı hansı məqamları üzə çıxara bilər?
“Yeni Müsavat”ın bu sualını cavablandıran politoloq Arif Yunusun sözlərinə görə, hələlik durum söz savaşı mərhələsində olsa da bu siyasətin davamı Azərbaycan üçün ciddi problemlər yarada bilər: “İndiyə qədər Ermənistan imkan vermir ki, Laçını, Kəlbəcəri ermənilərin deyil, kürdlərin işğal etməsi ilə bağlı xəbərlər gündəmdən düşsün. Bu da təbii, bir sıra qüvvələrin Azərbaycanın işğal olunan bəzi ərazilərinin kürdüstanın tərkibinə salınması cəhdlərinin bir hissəsidir. 20 ildən çoxdur ki, bu proses yürüdülür. Ən müxtəlif ölkələrdəki kürdlərin işğal edilən Qarabağ ərazilərinə yerləşdirilməsi də bu planın bir hissəsidir”.
A.Yunusun fikrincə, kürdlərin artıq İraqın quzeyində öz müqəddəratlarını təyinetmə hüququna əsaslanaraq muxtariyyət yaratmalarından ermənilər öz ideyalarının gerçəkləşməsi üçün istifadə edəcək: “Qarabağ məsələsi ilə bağlı informasiya savaşı gedir. Təbii, kürdlərin öz düşüncələrindəki dövləti yaratmaq üzrə atdıqları hər bir addım ermənilər üçün də tutarqa olacaq. İndilik informasiya olaraq belə bir məsələ ortaya atılıb. İkinci mərhələ ilk informasiyaya münasibətdən birbaşa asılıdır. Əgər Türkiyədə bu məsələyə təpkilər, etirazlar güclü olacaqsa, təbii, planın icrası yubanacaq. Yox, əgər seyrçi mövqe üstün gələcəksə, yaxın gələcəkdə tamamilə arzuolunmaz mənzərə ortaya çıxa bilər. Məncə, söhbət yalnız Türkiyənin güneyində yaşananlardan getmir. Ümumiyyətlə, hər hansı dövlətdə separatizm meylləri güclənərək həmin dövlətin ərazisi bütövlüyü üçün təhlükəyə çevrilirsə, Azərbaycan diplomatiyası bu məsələyə dövlətin ərazi bütövlüyünün müdafiəsi prizmasından yanaşaraq mövqe bildirməlidir. Azərbaycan XİN hətta formal xarakter daşısa belə bu məsələyə münasibət bildirməlidir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri E. Şahinoğlu isə tamamilə fərqli düşünür. Onun sözlərinə görə, Türkiyədəki kürdlərin daha çox hüquq qazanmaları Dağlıq Qarabağ ermənilərinə nümunə ola bilməz: “Əksinə, kürdlərin Türkiyədə bu imkanları qazanmasından Azərbaycan hakimiyyəti istifadə edə bilər. Çünki indiki halda Türkiyədəki radikal kürdlərin tələb etdiyi haqları Azərbaycan Dağlıq Qarabağ ermənilərinə hələ SSRİ illərində verib, indi də verməyə hazırdır. Türkiyədəki kürdlərin uzun illər dillərində məktəbləri olmayıb, mədəniyyətlərinin inkişaf etdirilməsi bəzi əngəllərlə üzləşib, muxtariyyat isə uzaq arzularıydı. Bunların hamısı Dağlıq Qarabağ ermənilərində olub. Dünyada ən böyük muxtariyyət statusunu indi də ermənilərə verməyə hazırıq. Ancaq axı, erməni separatçılarının liderlərinə bu azdır. ”Müstəqillikdən” başqa heç bir həll yolu istəmirlər. Ona görə də Türkiyədə kürdlərin artan haqları, terrorçuların silahı təhvil verərək dağlardan enərək siyasətə baş vurmaları İrəvandan çox Bakının işinə yarayır. Eynisini biz də ermənilərə təklif edirik: Torpaqları azad edin, istəklərinizi silah və işğalçılıq yoluyla deyil, siyasi formada dilə gətirin. Bu halda Azərbaycan-Ermənistan dialoqu genişlənər, əməkdaşlıq başlayar, bölgədə davamlı sabitlik yaranar. Yox, əgər işğalçı siyasətlə bizi şantaj edəcəklərsə, qarşılarında da hər zaman silahlı azərbaycanlıları görəcək, bundan heç zaman rahatlıq tapa bilməyəcəklər. Necə ki, silah yoluyla dağlara çəkilən PKK-çılar və onlara dəstək verənlər qarşılarında güclü Türkiyə ordusunu görürdü”.
E.Şahinoğlu deyir ki, Rəcəb Tayyib Ərdoğanın Diyarbəkirə səfəri və orada “Kürdüstan” ifadəsini işlətməsi aylardır hazırlanan planın tərkib hissəsidir: “Ərdoğanın iki məqsədi var. Birinci məqsəd taktikidir, baş nazir mart ayında bələdiyyə seçkilərində kürdlərin də yaşadığı bölgələrdən partiyası üçün böyük səs çoxluğu qazanmaq istəyir. İkinci məqsəd stratejidir, ”kürd açılımı” siyasətini irəliyə apararaq, terrorun ortadan qaldırılmasına, PKK-çıların dağlardan enərək, tələblərini silahla deyil, siyasi fəaliyyət yoluyla dilə gətirilməsinə nail olmaqdır. Ərdoğan hələ ki istədiyi nəticəni əldə edir, ən azı bir ildir ki, Türkiyədə ölüm-itim yoxdur, kürdlərin yaşadığı bölgələrdə nisbi sakitlik hökm sürür. Ancaq Ərdoğanın “kürd açılımı”nda daha böyük məsafə qət etmək istəməsinin müəyyən riskləri də var. Məsələn, Ərdoğan Diyarbəkirə İraq kürdlərinin lideri Məsud Bərzanini dəvət etmişdi. O da müsahibəsində dedi ki, gələcəkdə bütün PKK-çılarla yanaşı, uzun müddətə terrorun başında dayanan Abdulla Öcalanın də sərbəst buraxılacağına inanır. Barzani haqsız deyil, o, Ərdoğanla söhbətlərdən bu qənaətə gəlib. 3-4 il əvvəl Öcalanın azad oluna biləcəyi nağıl kimi səslənsə də, indiki dövrdə bu, o qədər də mümkünsüz hadisə deyil. Türkiyə cəmiyyəti də buna hazırlanır. Əlbəttə, Ərdoğanın Türkiyənin əsas probleminin həllindəki istəyi başadüşüləndir, ancaq baş nazirin gələcək təhlükələri hesabladığını söyləmək çətindir. Dağlıq Qarabağ ermənilərinin timsalında gördük ki, separatçıların tələblərinin sərhədi yoxdur. Yəni Türkiyədə radikal kürdlərin dil və mədəniyyət, siyasi fəaliyyət imkanları ilə məhdudlaşacaqlarını söyləmək problematikdir. İştah diş altındadır. Vaxtilə radikal kürdlər Ərdoğana deyirdilər ki, kürd bölgələrində fövqəladə vəziyyəti götür, bu bizə yetərlidir. Yetərli olmadı, ardınca tələblərin sayı həndəsi silsilə formasında artdı. Başqa cür olması da çətindir. Separatçılığın tərifində bu var. Bu gün firavan həyat sürən Şotlandiya belə müstəqilliklə bağlı referenduma hazırlaşır. Odur ki, gələcəkdə Türkiyədəki radikal kürd cərəyanların dil və mədəni hüquqlarla kifayətlənməyəcəklərini düşünürəm. Əvvəlcə, muxtariyyət, sonra isə müstəqillik tələbi gündəmə gələ bilər. Cin şüşədən çıxıb”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button