ArxivIslamQarabağtahlil va magaleXəbər lentiXəbərlər

Qarabağ müharibəsi və qələbəmizdə inancın rolu -Abbas Hüseynin yazısı

Şübhə yoxdur ki, bir dövlət kimi Azərbaycanın tarixində yer alan ən unudulmaz, qürurverici hadisə zəfərlə tamamlanan 44 günlük Vətən müharibəsidir. Müstəqillik dönəmimizə öz möhürünü vurmuş, qələbə ilə nəticələnmiş Vətən Müharibəsində başlıca rol oynayan əlbəttə ki, yenilməz Azərbaycan ordusudur. Bu ordunun cəsarətli, qorxmaz əsgərləri möhtəşəm və şanlı qələbəni Azərbaycan xalqına qazandırdılar. Bəs bu qələbənin qazanılmasında əsgərləri ruhlandıran, yenilməz və güclü edən amillər nələr idi? Bir ordunu müzəffər edən yalnız silah və texnikalardırmı? Yoxsa əsgərinin inamı və imanımı? Hansı amil bu böyük qələbənin qazanılmasında Azərbaycan əsgərinə stimul verdi?

Milli-mənəvi, dini dəyərlərə bağlılıq xalqımızı digər xalqlardan daha fərqli edir. Eyni zamanda birlik, vəhdət hissi Azərbaycan xalqında daha qabarıqdır. Bütün bunların fonunda işğalda olan torpaqlarımızın azad olunmasında rol oynayan ən əsas amil isə inanc idi. İnancına, imanına sarılmış Azərbaycan əsgəri məhz bunun sayəsində vətən torpaqlarını düşmən əsirliyindən xilas etdi. İman və inancın olmadığı yerdə sadəcə silahlarla, ən son model hərbi texnikalarla qələbə qazanmaq mümkün olmazdı. Vətən müharibəsində əsgərlərin “Allahu Əkbər”, “Ya Hüseyn” şüarlarını səsləndirərək, mənfur düşməni torpaqlarımızdan qovmağı zəfərin bizimlə olacağı mesajını verirdi. Azad edilən torpaqlarda azan səsləndirilməsi, igidlərimizin illərlə insanlara həsrət qalmış məscidlərdə vəhdət namazı qılması, şəhid olan qardaşlarımızın adına əsgərlər tərəfindən o torpaqlarda imam Hüseynin əza məclisləri qurulması Vətən Müharibəsinin ən gözəl səhnələrindən biri idi.

İgid əsgərlərimizdə şəhadətə bağlılıq yaradan şəxslərin rolunu əsla unutmaq olmaz. 44 gün ərzində arxa cəbhədə, ön cəbhədə vətənə xidmət edən ilahiyyatçıların, din xadimlərinin cəmiyyətə şəhidlik sevgisini aşılamaqda əvəzsiz əməkləri var. Onların xütbələrindən dərs almış igidlər məhz “Ya Hüseyn” şüarını özlərinə deviz seçib şəhidlik zirvəsinə ucalmaq üçün tələsmişdilər. Kimisi namaz halında , kimisi oruc halda, kimisi də “Ləbbek Ya Hüseyn” zikri ilə hücuma keçdiyi anda şəhid olmuşdu. Bütün bunlar şəhidliyin bütövlükdə eşq məktəbi olduğu gerçəyini özündə əks etdirir. Bu dinin haqqa bağlılıqla yaratdığı eşq məktəbidir ki, torpaqlarımızın azad edilməsinə səbəb olub. İnsanı şəhidliyə tələsdirən məhz eşqdir! Vətən eşqi! Hüseyn (ə) eşqi! Şəhidlər sərvəri Hz.Hüseynin (ə) adı ilə bağlı olan şəhidlik fəlsəfəsini isə insanlara ən gözəl şəkildə çatdıran, təbliğ edən isə ruhanilərdir, dindarlardır. Hamımız bilirik ki, Vətən Müharibəsi başlandığı zamandan neçə-neçə din xadimlərimiz, minlərlə dindar qardaşlarımız torpaqların azadlığı uğrunda ön sıralarda döyüşdülər. Onlar həm də cəbhədə ordunun əhval-ruhiyyəsini yüksək tutmaq üçün böyük səylə çalışdılar.

Vətən Müharibəsini təsirli qılan digər məqamlardan biri şəhid vermiş anaların “Oğlumu Allah yolunda qurban verdim”, “Oğlum Hz.Hüseynə (ə) qonaqdır”, “Mənim balam Hüseyn (ə) aşiqi idi” və sair bu cür cümlələrlə ürəkləri riqqətə gətirməkləri idi. Məğrur duruşları ilə bütün dünyaya dərs verən bu analar məhz o cür fədakar oğulları dünyaya gətiriblər. Qələbənin qazanılmasında şəhid anaları da torpaqları azad edən şəhid övladları qədər qürurlu duruşları ilə pay sahibidirlər.

Əziz İslam Peyğəmbəri (s) “Vətəni sevmək imandandır” deyə buyurub. Qeyrətli oğulları döyüşlərə aparan Rəsulallahın (s) hədisinə bağlılıq, Allaha olan iman idi. Bu imanın onlara diqtə etdiyi qətiyyət idi. Nə qədər ki, vətən sevgisi ilə Hz. Hüseyn (ə) sevgisi daim vəhdət halında təzahür edəcək, bizim işğalda qalmış Qarabağ zonasına aid digər torpaqlarımız, Zəngəzur, Dərəlyəz də erməni əsirliyindən xilas olacaq.

Mübarək qanları ilə bu cəmiyyətə yenidən həyat bəxş etmiş bütün şəhidlərimizin qarşısında ehtiramla baş əyirik!

Abbas Hüseyn

Yazı Müsəlman Birliyi Hərəkatının “Qarabağ müharibəsi və qələbəmizdə inancın rolu” yazı müsabiqəsinə təqdim edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button