Professor Çernenko qərb mediasını tənqid edib və Ərdəbil imam cüməsinin mövqeyini alqışlayıb
Rusiyalı tədqiqatçı və tərcüməçi professor Taras Çernenko Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili ilə görüşüb.
Çernenko bu görüşdə deyib: “Mətbuatda sizin “İmam cümə hətta şərab içən şəxsə də sığınacaq olmalıdır” sözünüzü gördükdə, fəxr etdim. Çünki bu ifadə İncilin ayələrinin məzmunudur.”
Rusiyalı professor Ayətullah Amilinin bu mövqeyinin yüksək əhatəlili olduğunu, hətta xristian inanclarını da əhatə etdiyini və bir növ dinlərin yaxınlaşması olduğunu vurğulayaraq deyib: “Yəhudilər həzrət İsaya sələmçilərlə və bədnam adamlarla yoldaşlıq etdiyinə görə irad tuturdular. İsa isə deyirdi ki, mən doğru yoldan uzaq düşənləri doğru yola qaytarmaq üçün göndərilmişəm. Elə olmalıyam ki, bələdçiliyə ehtiyacı olanlar mənə üz tuta bilsinlər.”
Bəzi qərb medialarının Ərdəbil imam cüməsinin mövqeyinə yanaşmasına toxunan Çernenko deyib: “Bəzi qərb mediaları sizin mövqeyinizi tənqid etməklə öz peyğəmbərlərini ələ salıblar. Onlar İsanın davranışının hansı olduğunu çox yaxşı bilirlər, amma siyasi məqsədlər üçün İncil ayələrindən üz döndərib, öz dinlərini tapdaladılar və sizin sözlərinizə etiraz etdilər.”
Qeyd edək ki, bu yaxınlarda Ərdəbil imam cüməsi Ayətullah Seyid Həsən Amili müsahibələrinin birində bildirib: “İmam cümə heç kimi söyməməli, qovmamalı və qəzəblənməməlidir. İmam cümə hər hansı cinaha qarşı sərt olmamalıdır. İmam cümə hamının imamıdır. İmam cümə şərab içənin də imamıdır. Ona görə də hamını öz qanadı altına almalıdır. Hətta inadkar olanlar belə imam cümədən xeyirxahlıq istəməyə inamlı olmalıdırlar.”
Ayətullah Amilinin bu ifadələri virtual məkanda müsbət qarşılanıb və müsbət reaksiyalarla nəticələnib. Ona görə də qərb mediaları ruhanilərə və imam cümələrə yaranan bu müsbət etimadı tənqid etməyə çalışıb.