Son iki gündə iki nəfər güllələnib
Polis əməkdaşlarının paytaxtın Sabunçu rayonunda bir nəfər vətəndaşı güllələyərək öldürdüyü bildirilir. Hadisə sentyabrın 4-də axşam saat 21.00 radələrində baş verib. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidməti də təsdiqləyir.
Bu qurumun məlumatında iddia olunur ki, öldürülən Akif Məmmədov polislərə silahlı müqavimət göstərib. Bu səbəbdən ona qarşı tabel silahı tətbiq olunub.
İddiaya görə, narkotiklərin qanunsuz dövriyyəsilə bağlı məlumat əsasında polislər evdə əməliyyat keçirən zaman bu hadisə baş verib:
“Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb”.
Öldürülən Akif Məmmədovun yaxınlarının onun haqqındakı rəsmi açıqlamaya münasibəti hələlik məlum deyil.
Bir gün əvvəl də Sabunçu rayonu ərazisində bənzər hadisə baş vermişdi. Sentyabrın 3-nə keçən gecə polis əməkdaşları 25 yaşlı Elşən Haqverdiyevi güllələyərək öldürmüşdü.
Bu hadisə ilə bağlı da DİN-in Mətbuat xidməti iddia edirdi ki, gecə saatlarında evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərərək, qaçmağa cəhd edib:
“Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib”.