ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ Qarabağ ermənilərinin köçünü etnik təmizləmə adlandırmadı

Dövlət Departamentinin rəsmisi bunun üçün əsaslı dəlillər istəyib

ABŞ Dövlət Departamenti Qarabağ ermənilərinin bölgədən çıxmasını “dəlil olana qədər” etnik təmizləmə adlandırmaqdan imtina edib.
Bu barədə oktyabrın 2-də Dövlət Departamentinin rəsmisi Metyu Miller keçirdiyi brifinqdə danışıb.
Metyu Miller bildirib ki, Birləşmiş Ştatlar etnik təmizləmə, soyqırım və digər vəhşiliklərlə bağlı iddiaları ciddi qəbul edir:
“Soyqırım və ya etnik təmizləmə qərarı düşünülmüş, sübuta söykənən prosesə əsaslanır. Mən bu tribunadan bu barədə heç bir yekun söz deyə bilmərəm”.
Yüz min, mən deyərdim ki, yüz minə yaxın etnik erməni Dağlıq Qarabağı tərk edərək Ermənistana gedib. Hazırda deyə bilmərik, onların neçə faizi həmişəlik Ermənistanda qalmağı planlaşdırır, yaxud neçə faizi şərtlər imkan verərsə, qayıtmaq istəyə bilər. Biz şəffaflığı təmin edəcək və Dağlıq Qarabağ xalqını, xüsusən də ermənilərin hüquq və təhlükəsizliyinin qorunacağına əmin edəcək müstəqil beynəlxalq monitorinq missiyasının yaradılması çağırışımızı təkrar edirik”, – Miller əlavə edib.
O, Azərbaycanın beynəlxalq monitorinqə təminat verdiyini vurğulayıb:
“Hesab edirik ki, onları müşahidə edəcək və zəmanət verəcək beynəlxalq monitorinq missiyası olmalıdır”.
Bununla belə Metyu Miller BMT-nin Qarabağdakı missiyasını alqışlayıb:
 “Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla daha uzunmüddətli missiyanın necə olması barədə işləməyə davam edirik”.
“Turan”ın müxbirinin “Sülh sazişi üçün hələ də yer qalıbmı?” sualına Metyu Miller belə cavab verib:
Düşünürük ki, mütləq olmalıdır. Dağlıq Qarabağın statusundan kənarda Ermənistanla Azərbaycan arasında mübahisə yaradan başqa məsələlər də var. Onları müzakirə etmək üçün sülh danışıqlarına qayıtmağa və nəticədə bu məsələlər üzrə bir qərara gəlməyə çağırırıq”.
Oktyabrın 1-də BMT missiyası Qarabağa səfər edib.
Qurumun yaydığı məlumatda deyilir ki, Ağdamdan səfər edən missiya üzvləri Xankəndi şəhərində olub.
Burada onlar yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə tanış olublar.
Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. BMT təmsilçiləri fəaliyyət göstərən heç bir mağaza görməyib”, – məlumatda deyilir.
Bildirilir ki, missiya Xankəndi şəhərində çox az sayda yerli əhalinin qaldığını müşahidə edib.
Qarabağda qalan ermənilərin sayına gəldikdə həmsöhbətlər 50-dən 1000-ə qədər müxtəlif rəqəmlər səsləndiriblər.
Oktyabrın 2-də  Azərbaycan hökuməti reinteqrasiyaya dair hazırladığı planı açıqlayıb.
Planda qeyd olunur ki, Qarabağda erməni sakinlərin yaşadıqları ərazilərdə fermerlərə subsidiyalar veriləcək, onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad ediləcəklər.
Planda qeyd edilir ki, etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə şərtlənir ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”, – deyə sənəddə bildirilir.
Separatçı respublika nə vaxt yaranıb?
1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.
Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.
Qarabağda son əməliyyatlar
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.
Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.
Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.
İkinci Qarabağ münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button