ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Özünü maşından atdığı deyilən gizirin vəziyyəti ağırdır

Dövlət Sərhəd Xidmətinin 29 yaşlı giziri Həsən Hikmət oğlu Məmmədov ağır kəllə-beyin travması diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, ailəsinə Həsən Məmmədovun “qubbağ“a (hauptvaxt) aparılarkən özünü maşından atdığını deyiblər.

Gizirin atası Hikmət Məmmədov da faktı təsdiqləyib. O, Meydan TV-yə deyib ki, hadisə iyulun 15-də baş verib:

“Oğlum özü könüllü iş üçün müraciət etmişdi. 7 ay əvvəl getdi, əvvəlcə Xızıda kurs keçdi, martda da gizir kimi Yevlax rayonuna göndərildi. İndi mənə deyirlər ki, guya özünü maşından atıb. Mənim oğlum dəli deyildi özünü maşından atsın”.

Atanın sözlərinə görə, oğlu bir neçə gün əvvəl işdən çıxmaq üçün ərizə ilə müraciət edib, ancaq istəyi qəbul olunmayıb. “Məsələ ilə başlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlayıb. Dünən prokurorun Elçin adlı müavini ilə, eləcə də müstəntiqlə görüşmüşəm. Oğlumun komandiri Misir Əliyev də gəlmişdi. Deyirlər, hadisənin görüntüləri rəhbərliyə göndərilib, indi rəy gözləyirlər. Mən də deyirəm ki, o görüntüləri mənə də göstərin, özüm aparıb ekspertizadan keçirim, yoxsa mən oğlumun özünü maşından atdığına inanmıram, bunu etməzdi. Burda cinayət var”, – ata deyib.

Neyrocərrahiyyə Xəstəxanasından Meydan TV-yə Həsən Məmmədovun vəziyyətinin ağır olduğunu, aparata qoşulduğunu bildiriblər. Həsən Məmmədov da onlara ümid verilmədiyini deyir:

“Sağ olsunlar həkimlər, əllərindən gələni edirlər. Ancaq ümidverici heç nə demirlər. Deyirlər, beyni zədələnib, hərəkət yoxdur, yalnız aparatla yaşayır. Yenə də Allah kərimdir, bəlkə möcüzə oldu, beyin işlədi. Biz oğlumuzu geri istəyirik. Həyat yoldaşım da, mən də şikayət etmişik. Həyat yoldaşımın onkoloji problemləri var, əməliyyat olunub, xəstə adamdır. Az əvvəl qıc oldu, ürəyi getdi, göndərdim evə“.

Bərdə Rayon Prokurorluğundan hadisənin araşdırıldığı bildirilib, əlavə məlumat verilməyib.

Dövlət Sərhəd Xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button