ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Həbsdə olan hüquq müdafiəçisinin səhhətinin ağırlaşdığı bildirilir

Həbsdə olan jurnalist və hüquq müdafiəçisi Elçin Məmməd 14 saylı cəzaçəkmə müəssisəsində həkimlər tərəfindən müayinə olunub.

Bu barədə onun rəhbərlik etdiyi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatının məlumatında deyilir.

O, bir il qapalı kamerada olub və bu müddətdə səhhətində problemlər yaranıb və sonra daha da ağırlaşıb. Lakin həkimlər ancaq əl və ayaqlardakı şişləri müayinə edib, bronxdakı problemlərlə əlaqədar nəfəs almanın çətinləşdiyini müəyyən ediblər.

Bundan sonra koloniyanın tibb məntəqəsində ambulator müalicə təyin edilib, heç bir sənəd verilməyib və diaqnoz bildirilməyib.

Məhkumun anası Rəhilə Məmmədlinin sözlərinə görə, onun oğlu müalicə müəssisəsinə köçürülməsinə israr edir.

“Ultrasəs müayinəsi və müxtəlif təhlillər olmadan düzgün müalicə təyin edilə bilməz. O, venaların varikoz genişlənməsindən, prostatitdən əziyyət çəkir və ona hərəkət etmək çətindir. Elçin çox öskürür. Bundan başqa, hepatit C daşıyıcısıdır və bu da vaxtaşırı müalicə tələb edir,” Rəhilə Məmmədli bildirib.

Hüquq-müdafiə təşkilatlarının monitorinq qrupu Elçin Məmmədin xəstəxanaya yatırılması üçün Ədliyyə Nazirliyinə təkrar müraciət etmək niyyətindədir.

“Biz indi ədliyyə nazirinin adına məktub hazırlayırıq ki, Elçin Məmməd müalicə müəssisəsinə keçirilsin. Ciddi xəstəliklər, hepatit C simptomları olan adam xəstəxanada müalicə olunmalıdır,” monitorinq qrupunun üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Amerikanın Səsinə deyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsində məsələ ilə bağlı məlumatın olmamasına istinad edərək Məmmədin vəziyyəti barədə şərh verməyiblər.

Qurumda əlavə ediblər ki, müalicə müəssisəsi bu strukturun tabeliyində deyil.

17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Elçin Məmmədi “oğurluq” və “qanunsuz silah saxlamaq”da təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bundan öncə isə həmin qadın kriminal.az saytınını redaktoru Anar Məmmədovdan şikayət edib.

Elçin Məmməd cinayət işini öz hüquq-müdafiə fəaliyyətilə əlaqələndirir. Amnesty International, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button