ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Ölkənin bir tərəfində içməli su pulla satılır, bir tərəfində küçəyə axıdılır”

Sabunçu qəsəbəsinin sakinləri illərdir ki, içməli suyun küçələrə axmasına görə həyəcan təbili çalır

“İllərdir ki, içməli su küçəyə axıdılır, ölkənin bir tərəfində su qıtlığı yaşanır, əhali suyu pulla alır, ancaq bizim küçədə içməli suyun bir hissəsi kanalizasiyaya axıdılır, bir hissəsi küçələrə… “Azərsu” bir tərəfdən suyun qiymətini qaldrıır, digər tərəfdən suyu çölə buraxır”.

Bunu Meydan TV-yə Sabunçu qəsəbəsi, Əzim Əzimzadə küçəsinin sakinləri deyir. Onların sözlərinə görə, qəsəbədə içməli suyun küçəyə axıdılması, kanalizasiya sisteminin və məhəllələrarası yolların bərbad vəziyyətdə olması ilə bağlı 27 dekabr 2019-cu ildə toplaşaraq Sabunçu Rayon İcra Hakimiyyətinə gediblər. Sakinləri həmin gün icra başçısı Adil Vəliyev qəbul edib. Növbəti gün – dekabrın 28-də icra başçısı məhəlləyə gələrək sakinlərlə yenidən görüşüb və söz verib ki, ən qısa zamanda məhəllələrin kanalizasiya, yol və su axıntısıyla bağlı problemləri həllini tapacaq.

“Başçı söz verdi ki, tezliklə həll olunacaq, amma…”

İlyarım ötməsinə baxmayaraq problemlərdən yalnız biri həllini tapıb:

“Həmin vaxt başçı icra nümayəndəsinə, bələdiyyə sədrinə, su idarəsinin rəisinə tapşırıqlar verdi. Sakinlərə də vəd etdi ki, uzağı fevral ayınadək hər şey həll olunacaq. Düzdür, kanalizasiya xətləri yeniləndi, ancaq yol və su axıntısı problemləri hələ də həllini tapmayıb. Ötən ilin martında “Azadlıq” qəzetinin əməkdaşı gəlib çəkiliş apardı, o video paylaşılandan sonra başçı növbəti dəfə sakinlərə söz verdi ki, mayın sonunadək problemlər həll olunacaq. 1 il ötür, hələ də heç bir iş görülməyib”.

Nəhayət, sakinlər özləri yolu yarımçıq təmir ediblər:

“İllərlə müraciətlərdən sonra əlimizi aidiyyəti qurumlardan üzüb, özümüz 5 min manat topladıq, texnikalar gətizdirdik, yolun astarını düzəltdik. Gücümüz ona çatdı, indi asfalt örtüyü qalıb, heç olmasa onu da hökumət eləsin. Örtük çəkilməsə, astar da dağılıb gedəcək, həm əziyyətimiz, həm də pulumuz itəcək ortada…”

“Su küçəyə axır, adamın ürəyi sızıldayır”

“Bölgələrdə, elə Bakının bəzi kənd və qəsəbələrində adamlar içməli suyu pulla alır, ancaq bizim məhəllələrdə su küçədə yerə axır. Uzun müddətdir ki, su xətləri çürüyüb, sıradan çıxıb. Küçəyə çıxanda görürsən ki, içməli su küçəylə axır, düşünrsən ki, bu suyu tapmayanlar var, adamın ürəyi sızıldayır. “Azərsu” ASC-nin Sabunçu idarəsinə gedirik, deyirlər, 450-500 metrlik yeni xətt çəkilməlidir. Nə vaxt çəkiləcək, onu deyən yoxdur. İdarənin əvvəlki rəisi heç olmasa sakini dinləməyi bacarırdı, indiki rəisin otağına düşmək də mümkün deyil, nə vətəndaş sayır, nə şikayət dinləyir…”

Bəzi su xətləri birbaşa kanalizasiyaya birləşdirilib, yəni içməli su kanalizasiyada çirkab sulara qarışıb gedir. Bəzi yerlərdəsə sakinlər kiçik arxlar açıblar ki, su heç olmasa yaşıllıqlara axsın. Əslində sakinlər bu axıntının qarşısını almaq üçün də qollarını çırmalamaq istəyib. Ancaq ana xətlərin yerin səthindən 2 metr dərinlikdə olması onları bu fikirdən daşındırıb. Onlar bu işin aidiyyəti qurumlar tərəfindən görülməsini tələb edirlər:

“Əsasən payız, qış, yaz aylarında suyun təzyiqi yüksək olanda küçələri su basır. Üzü yaya suyun təzyiqi aşağı düşür deyə, çox vaxt gecə saatlarında axıntı güclü olur, səhər azalır. “Azərsu” bir tərəfdən suyun qiymətini qaldırır, o biri tərəfdən içməli suyu küçəyə buraxır və bu, 1-2 günün, həftənin məsələsi deyil, illərdir ki, məhəlləmizdə su küçəyə axıdılır”.

Sakinlər son 10 gün ərzində daha bir neçə dəfə “Azərsu” ASC-nin Sabunçu Rayon İdarəsində olublar. Ancaq problemin həlli hələ də müşkülə çevrilib.

Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Əzim Əzimzadə küçəsindəki problemlərin həlli gündəmdədir, yaxın vaxtlarda sakinlər görülən işlərin şahidi olacaqlar. Sabunçu Sukanal İdarəsindən bildirilib ki, yaxın vaxtlarda qeyd olunan məhəllədə su xətləri yenilənəcək.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button