ArxivXəbər lentiXəbərlər

Ölkədə işsizlərin sayı 800 mindən çoxdur

13 il ərzində cəmi 227 min iş yeri yaradılıb

İqtisadçı Nemət Əliyev apardığı araşdırmalar nəticəsində ölkədə işsizlik və iş yerlərinin yaradılması ilə bağlı rəsmi rəqəmləri alt-üst edən faktlar aşkara çıxarıb:

İşsizlərin sayı 2017-ci ilin əvvəlinədək 412 min nəfər artıb və
“5% işsizlik” söhbətləri yalanıymış.

Rəsmilərin danışmağa həvəs göstərmədiyi rəqəmlər adamı dəhşətə gətirir. Neft milyardlarının güclü axın etdiyi illərdə belə ölkədə işsizlik səviyyəsinin aşağı salınmaması böyük rüsvayçılıq, böyük rəzalətdir.

Ucdantutma hamını aldadıblar. Araşdırmalar üzə çıxarıb ki, “5% işsizlik” haqqında yayılan rəsmi açıqlamaların heç bir əsası yoxuymuş. Bu əsası olmayan məlumatlara ayaq verən, bu cür yalanları öz hesabatlarına daxil edən beynəlxalq təşkilatları da bağışlamaq olmaz.
Çoxlarına quru görünən üzüboz rəqəmlər az qala insan kimi dil açıb danışır… Nə deyir rəqəmlər?

1) İşçi qüvvəsinin hərəkətini əks etdirən balans məlumatlarından məlum olur ki, 2004-2016-cı illər ərzində ölkə üzrə üst-üstə 2 milyon 214 min nəfər işə qəbul edilib. Lakin elə həmin dövrdə də 1 milyon 987 min nəfər işdən çıxıb. Bu iki məlumatın müqayisəsindən qətiləşdirmək mümkündür ki, ölkədə faktiki işləyənlərin 2004-cü ildəki sayı 2016-cı ilin sonunadək ötən dövrdə cəmi 227 min nəfər (2214–1987=227) artıb. Bu, artıq nəticədir. İnkarolunmaz və təsdiqedici faktdır. Bu nəticə göstərir ki, son 13 ildə mövcud iş yerlərindən başqa, ölkədə cəmi 227 min sayda yeni iş yeri yaradılıb.

Belə olan halda sual yarana bilər ki, bəs rəsmilərin bu dövrə dair açıqladığı “1 milyon 667 min yeni iş yeri” məsələsini necə başa düşək? Diqqətimizi əsas məsələdən, nəticədən yayındırmamaq şərti ilə, mübahisəyə yer vermədən bildirməliyəm ki, əgər bu açıqlamaya inanmalı olsaq, gərək eyni dövrdə 1 milyon 440 min (1667-227=1440 min) iş yerinin iflas edərək sıradan çıxmasına da inanaq. Əks halda, bu arada qalan 1 milyon 440 min sayda “yeni iş yeri”ni yeni qiyafədə, qırmızı lentlərlə bəzədilərək ortaya çıxarılan köhnə iş yerləri olmasını qəbul etməkdən başqa çarə qalmır. Bunu inkar etmək mümkün deyil.

Əsas məsələyə qayıdaq və ötən 2004-2016-cı illərdə işçi qüvvəsinin sayının dəyişmə dinamikasına nəzər yetirək.
2) İşçi qüvvəsinin hərəkəti balansı həm də iş qüvvəsinin sayına dair məlumatları özündə əks etdirir. Bu məlumatlara əsasən ölkəmizdə işçi qüvvəsinin sayı 2004-cü ilin əvvəlinə olan tarixə 4 milyon 373 min 500 nəfər, 2017-ci ilin əvvəlinə olan tarixə isə 5 milyon 12 min 700 nəfər olub. Deməli, ötən 13 ildə bu göstərici 639 min 200 nəfər böyüyüb (əmək qabiliyyətli əhalinin artması hesabına). Bu da mühüm nəticədir. Bu mühüm nəticəyə görə 13 ildə işsizlərin sayını sabit saxlamaq üçün ölkədə 639,2 min yeni iş yeri yaradılmalıydı, o şərtlə ki, mövcud iş yerlərini də qoruyub saxlamaq mümkün olsun. Bu halda işsizlərin 2016-cı ildəki sayı 2003-cü ildəki səviyyəsində qala bilərdi. Bu işin öhdəsindən gəlinsəydi, nisbi (%-lə) ifadədə işsizlik səviyyəsi də aşağı düşə bilərdi.

Fəqət yuxarida 1-ci hissədə qeyd etdiyimiz kimi, bu sayda insanların siyahısından yalnız 227 min nəfər işlə təmin edilib. Başqa sözlə, arada qalan 412,2 min nəfər (639,2-227=412,2) işlə təmin olunmayıb və onların hesabına işsizlərin sırası daha da genişlənib.

Araşdırmalar göstərir ki, işsizlərin sayı üst-üstə 2004, 2005, 2006 və 2012-ci illərdə 26,8 min nəfər azalsa da, 2007-2011-ci illərdə 149,4 min nəfər, 2013-2016-cı illərdə isə 289,2 min nəfər çoxalıb. Faktların-rəqəmlərin ortaya qoyduğu mənzərə bundan ibarətdirsə, “5% işsizlik” söhbətinin heç bir ciddi əsaslandırması ola bilməz.

Ölkədə işsizlik səviyyəsinin nə qədər olması sualına cavab verməyə çalışaq. Bu məsələdə də rəsmi məlumatlara istinad etməklə kifayətlənməli olacağıq. 2003-cü ildə işsizlik səviyyəsi 401 min nəfər olmaqla 9,2% təşkil edib (əvvəlki illərdə yüksək olub). Yuxarıdakı araşdırmalardan isə məlum oldu ki, sonrakı illərdə işsizlərin sıraları daha 412,2 min nəfər böyüyüb. 2003-cü ildəki işsizlik səviyyəsini şərti olaraq, doğru göstərici kimi qəbul etsək, o zaman 2017-ci ilin əvvəlinədək ötən dövrdə işsizlərin sayının 813,2 min nəfərə çatması məlum olar (401+412,2=813,2 min). Əgər bu göstəricini işçi qüvvəsinin 2017-ci ilin sonuna olan sayına bölüb faizlə ifadəsini tapsaq, 16,2% alınar. Bu, hələ sübuta yetirə bildiyimiz işsizlik faizidir. Real işsizlik faizi isə daha çoxdur. Ona görə ki, 2004-cü ilə qədər işsizliyin 9,2 faizə düşməsi haqqında açıqlanmış məlumatlar çox şübhəlidir. Əgər ölkəyə neft milyardlarının axın elədiyi 2004-2016-cı illərdə işsizliyin ümumi səviyyəsinin aşağı salınmasına nail olunmayıbsa, maliyyə imkanlarının zəif olduğu əvvəlki illərdə bu işin öhdəsindən gəlməyin mümkün olmasını düşünmək sadəlövhlük olardı. Odur ki, 2003-cü ildə işsizlərin sayı daha çox olub və buna görə hazırkı işsizlik səviyyəsi 16,2%-dən yüksəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button