ArxivXəbər lentiXəbərlər

Bir ailənin bütün üzvlərinə höküm oxundu-AZƏRBAYCANDA

Fariz Namazlı: “Nardaranda 2015-ci ilin noyabrındakı polis əməliyyatından sonra 200-dən çox günahsız adam həbs olunub”

“2007-ci ildən etibarən Zaqatalada “Meşə qardaşları” ilə bağlı əməliyyat keçiriləndə yalnız dəstə üzvləri həbs edildi, Zaqatalada yaşayan sakinlərə toxunmadılar. Amma 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatından sonra 200-dən çox günahsız insan həbs edildi. Nardaranda hazırda hər ailədən ən azı, 2 nəfər həbs olunub.

Bu yetmirmiş kimi, kənd polis orqanları tərəfindən mühasirəyə alınıb. Daxili işlər orqanları əməkdaşlarının Nardaran sakinlərinə qarşı yol verdikləri qanunsuzluqlar, qisasçılıq əməlləri bundan sonra da bir çox həbslərə gətirib çıxaracaq. Təəssüf ki, məhkəmə də bu qanunsuzluqlara göz yumur”, – bu vəkil Fariz Namazlının mayın 23-də Sabunçu Rayon Məhkəməsindənki müdafiə çıxışının bir hissəsidir.

Fariz Namazlı Nardaran sakini Fail Şahbazovun hüquqlarını müdafiə edir. Şahbazovlar ailəsinin dörd üzvü hazırda həbsdədir – ata və üç oğlu. Hamısı da Nardaranda 2015-ci il noyabrın 26-da keçirilən və 6 nəfərin ölümünə səbəb olan əməliyyatdan sonra həbs olunub. Bu qanlı əməliyyatdan bir neçə gün sonra ata saxlanılıb, ardınca evin kiçik oğlu.

Fail Şahbazov Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və digərlərinin məhkəməsinə gəlirdi, məhkəmədə baş verənlər haqda məlumatları sosial şəbəkələrdə yayırdı. Elə məhkəmə gedən müddətdə həbs olundu. Ona CM-nin 228.1 (qanunsuz silah saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Şahbazovlar ailəsinin başına gətirilənlər

Fariz Namazlı bu gün məhkəmədə çıxışında bildirib ki, bu ittiham saxtadır və Fail Şahbazova aidiyyəti yoxdur. Vəkil çıxışında Şahbazovlar ailəsinin başına gətirilənlər haqda da ətraflı məlumat verib: “Fail Şahbazov Nardaran sakinidir, 4 qardaşdırlar. Ataları Atabala Şahbazov 2015-ci il noyabrın 26-da Nardaranda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyatdan bir neçə gün sonra həbs olunub. Ona da CM-nin 228.1 maddəsi ilə ittiham irəli sürülüb.

Fail Şahbazovun qardaşı Əli Şahbazov atasının həbs səbəbini öyrənmək üçün polis şöbəsinə gedib. Orada ona atasının əvəzinə qardaşlardan birinin həbsə girməsi təklif edilib. Əli Şahbazov evin sonbeşiyi olduğundan buna razılaşıb. 2 dekabr 2015-ci ildə həbs edilib və ona CM-nin ondan artıq maddəsi ilə ittiham verilib. Onların arasında terrorçuluğa cəhd, kütləvi iğtişaşların təşkili, qanunsuz silah-sursat saxlama, dövlət çevrilişi hazırlama kimi ittihamlar var. İndi Əli Şahbazovun işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Amma atasını da həbsdən azad etməyiblər. Atası Sabunçu rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli hökmü ilə 2 il 9 ay azadlıqdan məhrum edilib.

Fail Şahbazovun daha bir qardaşı Natiq Şahbazov mayın 8-də həbs edilib, ona da CM-nin 228.1 maddəsi ilə ittiham elan edilib. Hazırda onun işi üzrə istintaqı Sabunçu Rayon Polis İdarəsi aparır”.

Sabunçu polisində işgəncələr: dişləri sındırma, soyuqda lüt saxlama…

Vəkil Fail Şahbazovun həbsinin gerçək səbəbi haqda da danışıb. Bildirib ki, o, Taleh Bağırzadə və daha 17 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən məhkəmə prosesləri haqda sosial şəbəkələrdə məlumatlar yayırdı.

Həmçinin Nardaranda polis əməliyyatı zamanı qətlə yetirilmiş 4 yerli sakinin məzarının dağıdıldığını göstərən şəkilləri sosial şəbəkədə paylaşıb. Məhz bu hərəkətlərinə görə də onu silah saxlama ittihamı ilə şərləyiblər. Amma bundan əvvəl ona polisə müqavimət ittihamı ilə inzibati cəza veriblər.

Fariz Namazlı bu haqda da ətraflı məlumat verib: “Fail Şahbazov 23 noyabr 2016-cı ildə Sabunçu rayonu, 42-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib. Ona təklif olunub ki, polisə müqavimət göstərdiyi haqda etiraf xarakterli izahat yazsın. Hədələyiblər ki, əks halda, haqqında cinayət işi başlanacaq. Fail Şahbazov da buna razılaşıb, nəticədə ona 30 gün inzibati həbs verilib. O, saxlanılması üçün Binəqədi rayonunda yerləşən İnzibati həbs olunanların Müvəqqəti saxlama məntəqəsinə göndərilib. Burada olduğu müddətdə işgəncəyə, təzyiqlərə məruz qalıb.

15 dekabr 2016-cı ildə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları saxlama məntəqəsinə gələrək, ona işgəncə veriblər. Onu götürüb Sabunçu Rayon Polis İdarəsinə aparıblar. Bildiriblər ki, “ya silahla bağlı etirafedici ifadəyə qol çəkəcəksən, ya da evinizə heroin qoyub, bütün ailə üzvlərini tutacağıq”. Məruz qaldığı işgəncələr nəticəsində Fail Şahbazovun dişləri sındırılıb, soyuq yerdə paltarsız saxlanıldığına görə böyrəkləri sıradan çıxıb.

Fail Şahbazov işgəncələrə və ailəsinə qarşı təzyiqlərə görə saxta ittihamlarla razılaşıb və Nardaran kəndində yolun kənarında palma ağacının altında 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd “F-1″ qumbarası gizlətməsi haqda etiraf xarakterli ifadəni imzalayıb”.

Bir ailəyə qarşı qisas və qərəz…

İttihamda yazılıb ki, Sabunçu rayonu, 42-ci polis bölməsinə həmin vaxt inzibati həbsdə olan Fail Şahbazovun silah-sursat gizlətməsi haqda əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında da onu Binəqədidəki məntəqədən gətiriblər. Amma Fariz Namazlı deyir ki, onun barəsində belə bir əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarın qəbulu absurddur, məntiqsizdir: “İşdəki sənədlərin, faktların təhlili sübut edir ki, Fail Şahbazovun qanunsuz silah saxlaması barədə heç bir əməliyyat məlumatı 42-ci bölməyə daxil olmayıb və bu cinayət işi qondarmadır, saxtadır. Niyyət sadəcə, Fail Şahbazov və onun ailəsinə qarşı qisasçılıq və onların cəzalandırılması olub”.

Vəkil onu da qeyd edir ki, əməliyyat axtarış tədbirləri haqqında qanuna görə, müəyyən tikililərə, yerlərə baxış keçirilməsi, axtarış aparılması müəyyən hallar istisna olmaqla, məhkəmə qərarı əsasında həyata keçirilir. Amma bu işdə məhkəmə qərarı yoxdur: “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı protokol tərtib edilib və protokola görə, palma ağacının dibində qara sellofanda bükülü vəziyyətdə silah-sursat aşkar edilib. Həmin protokol hal şahidləri və Fail Şahbazov tərəfindən imzalanıb.

Məhkəmədə ifadə verən hal şahidləri Şiralı Əsgərov və Xəyal Hüseynov bildirdilər ki, onlara hansısa sənədə imza etdiriblər, amma həmin sənədin məzmunu onlara oxunmayıb, ümumiyyətlə, onlara hal şahidinin hüquq və vəzifələri barədə heç nə bildirilməyib, onlar nəyə şahidlik etmələrini bilməyiblər. Hətta Şiralı Əsgərov latın qrafikası ilə yazıb-oxumağı bacarmadığını dedi”.
Fariz Namazlı çıxışının sonunda bir daha Fail Şahbazovun günahsız olduğunu bildirib və məhkəmədən onun haqqında bəraət hökmünün çıxarılmasını istəyib: “Fail Şahbazova qarşı ittihamların saxta olması yuxarıda göstərilən hallarla sübut olunur. Bir ailənin 4 üzvünün eyni ittihamla həbs edilməsi, atasına maksimum cəza verilməsi, digər qardaşlarının da analoji ittihamlarla həbs edilməsi bu ailəyə qarşı qərəz və qisasçılıqdan xəbər verir.
Daxili işlər orqanlarının əməkdaşlarının Nardaran sakinlərinə qarşı yol verdiyi bu qanunsuzluqlar, qisasçılıq əməlləri bundan sonra da bir çox həbslərə gətirib çıxaracaq. Bu qanunsuzluqlara isə təəssüf ki Sabunçu məhkəməsi göz yumur, maksimum dərəcədə cəza verməyə çalışır.
Ona görə də məhkəmənin ədalətli qərar verəcəyinə inanmıram, amma inanmaq istəyirəm”.
Amma hakim qısa müşavirədən sonra Fail Şahbazovun 1 il 9 ay azadlıqdan məhrum edilməsi haqda hökmü elan edib.
Vəkil bildirib ki, Sabunçu Rayon Məhkəməsinin hökmündən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button