Müsahibə

“Nəticəni düşünmədən işə başlamaq – bu İslam deyil!”

Son günlər Azərbaycanın dini çevrələrində növbəti gərginlik yaşanıb. Hacı Tale Bağırovun həbsi, ardından isə Nardaranda keçirilən etiraz aksiyası, sosial şəbəkəlrdə bu həbsə verilən şərhlər və s.
Dini mühitdə yaranmış vəziyyətə şərh vermək xahişi ilə ilahiyyatçı-alim, fəlsəfə doktoru Hacı Elşən Mustafaoğluya müraciət etdik.
– Hacı, Tale Bağırovun həbsinə münasibətiniz necədir?
– Allah-Taala insanı azad yaradıb. Təbii ki, bu ilahi azadlığın istənilən formada məhdudlaşdırılması insan fitrətinə ziddir. Bu baxımdan nəinki Hacı Tale Bağırovun, istənilən Adəm övladının həbsi üzücü və təəssüf doğuran hadisədir. Amma bir qədər konkretləşdirsək, şübhəsiz ki, sözügedən ilahiyyatçının narkotik istifadəsində ittiham edilərək tutulmasını qınayıram. Allahdan dua edirəm ki, haqsız ittihamlarla həbsə atılan bütün qardaşlarımız tezliklə ailə ocaqlarına qayıtsınlar, inşAllah.
Eyni zamanda, bir məsələni də qeyd edim ki, belə həssas dövrdə inanclı şəxslər, xüsusilə, dini çevrələrdə söz sahibi olanlar həssaslıqla davranmalı, elə etməlidirlər ki, atılan addımlar mövcud problemlərin dərinləşməsinə yox, həllinə xidmət etsin. Elə olmasın ki, “qaş düzəltdiyimiz yerdə vurub gözü də çıxaraq”.
– Elə onların da şüarı “Hicaba azadlıq” idi, yəni hicabla bağlı yaranmış problemin həlli…
– İstər hörmətli Hacı Tale, istər bir çox dəyərli ilahiyyatçılarımızın qaldırdığı məsələ – hicaba qoyulan qadağanın ləğvi tələbləri ilə şərikəm. Bu məsələ həllini tapanadək ictimai gündəmdə durması da vacibdir. Problem varsa, həll olunmalıdır! Amma bu, mütləq həbslər bahasına olmamalıdır. Hər halda, məsələyə müxtəlif yanaşmalar var, amma məncə, hicab qadağası bir problemdirsə, bunun arxasınca inanclıların həbsi də yeni bir problem olur. Axı ötən təcrübədən də şahidi olduq ki, nə qədər kəskin etirazlar oldu, həbslər oldu, amma problem çözülmədi. Bu baxımdan, konkret olaraq həbslə nəticələnən proses zamanı seçilmiş üsul nəinki ən uğurlu deyil, hətta zərərlidir.
Dinc etirazlar, tənqidlər insanların konstitusion haqqıdır. Amma dünyanın heç bir yerində dövlətlə, hökumətlə təhdid, ultimatum dilində danışmaq müsbət nəticə vermir. Bu, əvvəlcədən iflasa məhkum bir üsuldur. Etirazın müxtəlif təzahür formaları, üsulları var. Zənnimcə, ən emosional olanını deyil, ən effektiv olanını seçmək lazımdır. Artıq neçə illərdir ki, bu istiqamətdə ardıcıl iş aparılır, özü də qanunlar çərçivəsində. Bu olduqca vacib amildir. Laki təəssüf ki, bəzi qardaşlarımız Həzrət İmam Museyi-Kazımın (ə) zindana düşməsini əsas gətirərək, dini bilikləri elə də çox olmayan insanlara, gənclərə bir qayda olaraq, həbs olunmağın sonsuz fəzilətlərə malik olduğu ideyasını təbliğ edirlər. Nədənsə digər imamlarımızın həyatında belə bir mərhələ olmadığı unudulur.
Yaxud da Kərbəla hadisələri. Onlar lazımınca təhlil edilməlidir! Niyə deməyək ki, imam Mədinədən nə üçün Məkkəyə, ordan da Kufəyə üz tutdu? Məqsədi bu dünyadan köç etmək idisə, elə peyğəmbər şəhərində, yaxud Kəbə divarları yanında bu məqsədini həyata keçirə bilərdi. Amma imam ona beyət edəcəyinə söz verən kufəlilərə sarı irəlilədi. Yəni “ya zindanda öləcəyik, ya meydanda” demədi. Son ana qədər məqbul vasitələrlə belə sonluqdan qurtulmağa çalışdı. Yalnız mühasirəyə alındıqdan sonra qətiyyətlə şəhidlik yolunu seçdi. Hətta döyüşdən əvvəl qarşı tərəfə anlatmağa çalışdı, moizə etdi ki, qan axıdılmasın. Amma qarşısına iki yol qoyuldu – ya Yezid zülmü qarşısında sınmaq, ya da şəhid olmaq.
– Bəs çıxış yolunu nədə görürsünüz?
– İslamın, peyğəmbər və imamlarımızın həyatının düzgün, obyektiv təhlilində, bu proses zamanı emosialar əsasında deyil, dərindən düşünüb-daşınmış qaydada tədbirli olmaqda. Təsəvvür edin, bəzi qardaşlarımız deyir ki, “bizi nəticə maraqlandırmır”. Vəzifə ilə nəticə az qala qarşı-qarşıya qoyulur. Axı bu, obyektiv yanaşma deyil. Necə yani nəticə maraqlandırmır? Axı bizim əsas vəzifəmiz elə problemi həll etməkdir. Üzərimizən düşən vəzifə də budur ki, sonda müsbət nəticə əldə edək. Nəticəsiz fəaliyyətin nə mənası var axı? Budur peyğəmbər və Əhli-Beyt yolu? Bütün məzhəblərin qəbul etdikləri məşhur bir rəvayət var. İmama sual verirlər ki, nə üçün qiyam etmirsən? Cavab verir ki, “bu çəməndəki qoyunların sayı qədər tərəfdarım olsaydı, qiyam edərdim”. Biz burdan nə anlamalıyıq, hansı nəticə hasil olmalıdır? Deməli imam qiyamının heç bir nəticə verməyəcəyini anlayaraq tərəfdarlarını güdaza vermək istəmir. Əhli-beyt imamlarımızın həyatını incələyək, dərindən öyrənək – onların dövründə olan haqsızlıqlar qarşısında necə davranıblar, öz tərəfdarlarına hansı tapşırıqları veriblər? Onlar mübariz olmayıbmı? Haqsızlıqlara qarşı mübarizənin öndərləri olmayıblarmı?
İmamlarımız haqq və ədalət uğrunda mübarizənin öndərləridir. Onların tərəfdarlarına buyurduqlarını, verdiyi tövsiyələrini, yazdığı məktublarını diqqətlə oxuyaq – onlar əllərindən gələni edib ki, tərəfdarları zərər görməsin, zindanlara atılmasın.
Təəssüf ki, bu gün dinimizi elmdən, intellektdən və qəlbdən daha çox emossiyalarla, hisslərlə anlayan qardaşlar əsasən gənclərimizi bu istiqamətə deyil, fərqli düşüncəyə yönəldirlər. Hər mübarizənin bir məntiqi sonluğu, nəticəsi nəzərə alınmalıdır. Bu olmasa, məntiqsizlik olar axı. Belə çıxır ki, nəticəni düşünmədən addımlar atmalıyıq. Halbuki, Rəbbimiz Quranda təkidlə bəndələrini düşünməyə çağırır.
Çox istərdim ki, mübarizəni yalnız bircəhətli üsul kimi görən, başqa yolları sərt tənqid və rədd edən qardaşlarımız bunun yanlış olduğunu anlasınlar. Belə ki, səhv addımlar bir tərəfdən dindarlar arasında parçalanmaya səbəb ola bilər, digər tərəfdən onları təxribata çəkər, onsuz da gərgin durumu bir az da gərginləşdirər. Açığı, istəməzdim ki, müsbət nəticə verməyəcək, problemləri həll etməyəcək addımlar anaların, bacıların, balaların gözlərini yolda qoysun. İstəməzdim iman qardaşlarımızın, ilahiyyatçılarımızın səsi zindanlardan, məhkəmə zallarından gəlsin. Bu gün o səslər ən yüksən akademik çevrələrdən gəlməli, cəmiyyətin ən qabaqcıl, proqressiv, intellektual zümrəsi olaraq, insanların həyat yoluna işıq salmalıdırlar. Buna olduqca böyük ehtiyac var.
– Deməli, Sizə görə, mübarizə zamanı nəticənin göz önünə alınması labüddür…
– Əlbəttə. Nəticəni düşünmədən işə başlamaq – bu İslam deyil, məncə! Bunu qətiyyətlə deyirəm, bunu anlamaq lazımdır. Bu, təhlükəli yanaşmadır, həm də. Hər islami şüarın arxasında dərin təqva, iman ilə bərabər, həm də dərin intellekt, düşüncə, məntiq dayanmalıdır! Quranın, peyğəmbərimizin, imamlarımızın öyrətdiyi yol budur! Əks halda, Allah eləməmiş, bir növ xəvaricilik ideyası ilə qarşı-qarşıya qalmış olarıq. Hərçənd, Əhli-beyt davamçıları bu vasitələrdən nəinki uzaq olmalıdırlar, hətta belə halla mübarizə aparmalıdırlar. Sözün düzü, məndə hərdən elə təsəvvür yaranır ki, hakimiyyətdə olan müəyyən qüvvələr Azərbaycanda məhz belə məntiqsizliyi, emosionallığı təbliğ edən dindarların meydanlarda olmasında maraqlıdır. Onlar istəyirlər ki, inanclılar məhz belə qiyafədə görünsünlər, marginal səviyyədə qalsınlar. İslam isə sağlam mənəviyyat, sağlam əql-intellekt və sağlam əməlin üzvi vəhdətidir! Odur ki, Azərbaycan müsəlmanlarını da hər eşitdiklərinə kor-koranə inanmamağa, təhlil etməyə, dərindən ölçüb-biçməyə çağırıram! Allah özü bizə yar olsun, müsəlmanları, məmləkətimizi, cəmiyyətimizi, bütün bəşəriyyəti fitnələrdən qorusun!..

“Yeni Şərq”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button