ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Müharibədən üç il sonra veteran statusu ala bilməyənlər

“Müharibənin bitməsindən üç ilə yaxın vaxt keçib, amma hələ də veteranlıq statusunu ala bilmirəm. İşlədiyim müəssisəyə veteran pulunu kimsə çıxarmağa gələndə bu hadisə mənə psixoloji təsir edir… Niyə ayrıseçkilik var axı?! Niyə hamı kimi statusumu və təqaüdümü ala bilməyib məhrum qalmışam?!”, – bu sözləri AzadlıqRadiosuna 2020-ci il Qarabağ müharibəsində döyüşmüş Nicat Cabbarov deyib.

Döyüş medalı var, döyüşmək barədə status isə yox

Həmin il Azərbaycan 44 günlük əməliyyatlar nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etdi. Müharibə bitəndən az sonra Prezident İlham Əliyevin sərəncamı ilə müharibədə iştirak edənlərə veteranlıq statusu verilməsi tapşırıldı və həmin şəxslər üçün 80 manat məbləğində aylıq təqaüd ayrıldı.

Şuşa, Cəbrayıl, Füzulinin alınması uğrunda medal ilə təltif edilən Nicat Cabbarov isə veteranlıq statusunu hələ də ala bilməməsindən narazıdır.

“İyulda bir illik əsgərliyə yollandım, üç-dörd ay sonra müharibə başladı və döyüş bölgəsinə aparıldıq. Müharibənin ilk günündən Qarabağın bir çox yerlərində döyüşmüşəm. Dövlət medallarımı verib döyüşməyimi təsdiqləyib, amma veteranlıq statusum bugünə kimi verilməyib. 2022-ci ilin mayından həm Ombudsmana, həm də nazirliklərə məktublar yazmışam, hətta yanvarda minlərlə şəxsə bu status veriləndə həvəsləndim ki, mən də o siyahıdayam. Lakin adım çıxmadı, maraqlandım, dedilər ki, məktubun hələ də mayda göndərdiyin yerdədir, heç bir icraat yoxdur. Status verilmədiyi üçün nə prezidentin ayırdığı təqaüdü ala bilirəm, nə rəsmi şəkildə veteran olduğumu təsdiqlədə bilirəm, nə də digər güzəştlərdən yararlana bilirəm”, – Cabbarov AzadlıqRadiosuna söyləyib.

O, xidmət keçdiyi hərbi hissənin onun sənədlərini Veteran komissiyasına göndərmədiyini, problemin də məhz bu səbəbdən həll olunmadığını qeyd edir.

Cabbarov onunla birgə döyüşənlər arasında da veteranlıq statusu ala bilməyənlərin olduğunu deyir və döyüşçülərin 20 faizinin hələ də gözü yolda qaldığını iddia edir. Elə martın 7-də özlərini İkinci Qarabağ müharibəsinin iştirakçıları kimi təqdim edən bir qrup şəxs də Bakıda Müdafiə Nazirliyinin önünə yığışaraq veteran statusu ala bilmədiklərini deyiblər.

Müharibəyə gedənlərin çarəsizliyi

Rəsmi məlumata görə, indiyədək 1 min 42 nəfərə Nazirlər Kabinetinin müvafiq (216 saylı) qərarının tələblərinə zidd olduğuna görə veteranlıq adı verilməyib. Ekspertlər və müstəqil mənbələr isə adı veteranlıq siyahısına düşməyən 10 mindən çox vətəndaşın olduğunu iddia edirlər. Həmin dövrdə hərbi xidmətə çağırılan, yaxud döyüşlərə könüllü qatılan keçmiş hərbi qulluqçulardan bəziləri sosial şəbəkələrdə adlarının “Müharibə veteranı” siyahısına salınmadığını yazırlar.

Adını açıqlamaq istəməyən, müharibə vaxtı ön cəbhədə çalışan həkim AzadlıqRadiosuna deyir ki, özü daxil olmaqla, həmkarlarının heç birinin adı bu kateqoriyaya daxil edilməyib: “Savaş gedən ərəfələrdə bizi “qəhrəman” adlandırır, yaralı şəxsləri sağaldıb yenidən ön cəbhəyə yola salanda alqışlayırdılar. Xalqın bizə inamı ruhlandırsa da, hakimiyyətin laqeydliyi incidir. Gah dedilər ki, “adınız siyahıya alınır və veteranlıq statusu alacaqsınız”, gah da “veteranlıq statusu sizə aid deyil” söylədilər. Onsuz da verilən təqaüdün məbləği azdır, bu, heç yaralı barmağa dərman deyil. Amma veteranlıq statusu bizim üçün müqəddəsdir, o status verilsin, heç olmazsa”.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button