Islam

Mübahilə nə deməkdi?

Mübahilə kəlməsinin kökü “bəhl”dir və mənası “lənət etmək”dir. Bu sözün lüğətdə də mənası budur. Amma sоnralar mənasını dəyişib, hər cür dua etmək mənasında işləndi. Müsəlmanlar Quranın 3-cü surəsi Ali-İmran surəsinin 61-ci ayəsini Mübahilə ayəsi adlandırırlar.

İmam Sadiq (ə) Əbulabbasa mübahilə barəsində belə buyurmuşdur: “Ovcunu onun ovcuna qoyub deyirsən: “Allahım! Əgər filankəs haqqı inkar, yaxud batili iqrar edirsə onu səma bəlasına və ya öz tərəfindən olan bir əzaba düçar et. Ona yetmiş dəfə nifrin və qarğış et”. “Nəcran xaçpərəstləri öz başçı, canişin və… ilə Peyğəmbərin (s) yanına gəlib dedilər: “Bizi nəyə dəvət edirsən?” Peyğəmbər buyurdu: “Allahdan başqa bir tanrının olmamasına, mənim Allahın elçisi olmağıma və İsanın Allahın yeyib-içən və ifrazat xaric olan… yaradılmış bir bəndəsi olmasına şəhadət verməyə… Buna görə də mənimlə mübahilə edin! Əgər mən doğru danışanamsa Lənət və nifrin sizi tutacaq və əgər yalançı olsam Lənət və nifrin məni tutacaq”. Dedilər: “Ədalətli qərardır. Sonra mübahilə üçün vaxt təyin etdilər.”. Onlar evlərinə qayıdandan sonra böyükləri dedi: “Əgər o, mübahiləyə öz qövmü ilə gəlsə onunla mübahilə edərik. Çünki əgər belə olsa, o, peyğəmbər deyil. Amma mübahiləyə yalnız ailəsi ilə gəlsə onunla mübahilə etmərik. Çünki əgər ailəsini təhlükəyə atırsa deməli doğrudan da düz deyir. Səhər açılandan sonra Peyğəmbərin (s) yanına gəldilər. Gördülər ki, Əmirəl-möminin, Fatimə, Həsən və Hüseyn onun yanındadırlar. Onlar qorxdular və Peyğəmbərə (s) dedilər: “Səninlə razılaşırıq, bizi mübahilə etməkdə üzürlü bil”. Beləliklə, Allahın Peyğəmbəri (s) cizyə əsasında onlarla razılaşdı və onlar dağılışıb getdilər”.

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

«Ey Peyğəmbər, sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: «Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: «Allahın lə᾽nəti yalançılara olsun.» (Ali İmran ayə 61)

Tarix və təfsir kitablarının müəllifləri islam tarixində baş vermiş bir hadisəni nəql edirlər ki, bu hadisə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseyn (s)) Allah yanında olan hörmət və əzəmətini və o cümlədən müsəlmanlar arasındakı məqamlarını aşkar edir. «Mübahilə» adı ilə məşhur olan bu hadisəni tarixçilər və ravilər belə rəvayət edirlər: «Nəcran» xristianlarından ibarət bir hey᾽ət həzrəti Peyğəmbərin yanına gəlib, peyğəmbərliyi haqqında onunla mübahisə və mücadilə etmək istədilər. Bu vaxt Allah-taala, bu ayəni Peyğəmbərə(s) nazil edib buyurdu ki, «Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb, onlarla birlikdə çölə çıxsın. Xristianlar da öz növbəsində özləri, uşaqları və xanımları ilə birlikdə çölə çıxsınlar, birlikdə dua edib Allahdan yalan deyənlərə lə᾽nət diləsinlər».

Zəməxşəri «Kəşşaf» təfsirində belə yazmışdır: Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə də᾽vət etdiyi zaman onlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək. Onlar öz aralarında məşvərət edib öz fikir sahibləri olan Aqibə müraciət edərək dedilər: «Ey Əbdül-Məsih, bu haqda nəzərin nədir? O, cavab verdi: «Ey xristianlar! And olsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and olsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Əgər onunla mübarizə etsəniz hamınız həlak olacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın. Bu əsnada gördülər ki, həzrət Peyğəmbər (s) Hüseyn qucağında, Həsən isə əlindən tutmuş halda və arxasınca xanım Fatimeyi Zəhra və ondan sonra da Əli (ə) gəlirlər. Peyğəmbər (s) onlara buyurdu: «Mən dua edərkən siz amin deyərsiniz».

Nəcran keşişi bu mənzərəni görəndə xristianlara üz tutub dedi: «Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz».

Buna görə də onlar Peyğəmbərə (s) dedilər: «Ey Əbil-Qasim! Biz qərara gəldik ki, səninlə mübahilə etməyək və sən öz dinində qalasan, biz də öz dinimizdə.» Həzrət Peyğəmbər (s) buyurdu: «Əgər mübahilə etmirsinizsə, onda islam dinini qəbul edin və müsəlmanların xeyir və şərlərində şərik olun». Xristianlar bu təklifi qəbul etmədilər. Həzrət Peyğəmbər (s) buyurdu: «Bəs sizinlə müharibə etməli olacağam.» Onlar dedilər: «Bizim ərəb milləti ilə müharibə etməyə qüvvəmiz yoxdur. Amma sizinlə müqavilə bağlamağa hazırıq. Müqavilənin məzmunu aşağıdakı kimi olsun: Bizimlə müharibə etməyəsiniz, bizi hədələməyəsiniz və bizi öz dinimizdən ayırmayasınız. Biz də söz veririk ki, hər ildə sizə iki min dəst paltar verək. Yarısını səfər və yarısını da rəcəb ayında. Bundan əlavə, dəmirdən hazırlanmış otuz dəst zireh verməyə hazırıq.»

Peyğəmbər (s) bununla razılaşdı və belə buyurdu: «And olsun o Allaha ki, canım onun əlindədir, az qalmışdı həlakət Nəcran əhalisinə üz gətirsin. Əgər onlar mübahilə etsəydilər, şübhəsiz insan surətindən çıxıb heyvan (donuz və meymun) surətinə düşərdilər və bu düzənliklər onlar üçün odlu bir cəhənnəmə çevrilərdi. Çox zaman keçmədən Nəcran əhalisinin hamısı, hətta ağacdakı quşlar da belə, həlak olardılar. Bir il keçməzdi ki, xristianlrın hamısı məhv olub aradan gedərdi.»

Zəməxşəri bu hadisəni nəql etdikdən sonra yuxarıda qeyd olunan Mübahilə ayəsinin təfsirinə və Əhli-beyt (ə)-ın məqamını bəyan etməyə və Aişədən rəvayət etdiyi bir hədislə onların yüksəkliyini izah etməyə başlamışdır. O, öz sözünün bir hissəsində belə deyir: «Allah-taala bu ayədə Əhli-beyt (ə)-ı həzrət Peyğəmbərin (s) özündən qabaq zikr etmişdir. Bununla Allah-taala onların xüsusi məqamlarına və öz dərgahında olan xüsusi mövqelərinə işarə edərək bildirmək istəyir ki, onlar böyük bir mə᾽nəvi dəyərə və rəhbər olmaq haqqına malikdirlər. Bu ayə Əshabi-kəsanın haqqında nazil olmuşdur. («Əshabi kəsa» ifadəsi o adamlara deyilir ki, Peyğəmbərin (s) əbasının altına yığışdılar və Təthir ayəsi onların barəsində nazil oldu. Onlar Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarətdirlər.)

Bu ayə Əhli-beyt (ə)-ın fəzilət və üstünlüyünə ən böyük və ən möhkəm sübutdur. Həmçinin bu hadisə Peyğəmbərin (s) nübüvvətinin doğruluğuna ən aydın bir sübutdur. Çünki, heç kəs tərəfindən, istər dost olsun, istərsə də düşmən, xristianların Mübahiləni qəbul etməkləri nəql olunmamışdır.

Bilmək lazımdır ki, bu Mübahilə ayəsi islam qoşunu ilə kafir qoşununun qarşı-qarşıya durmağını göstərir. Burada islam cəbhəsinin önündə dayananlar hidayət rəhbərləri və ümmətin arasında olan ən müqəddəs və ən şərəfli şəxslərdir. Hansı ki, Allah onları bütün pislik və günahlardan uzaq etmişdir. Onların sözləri və duaları geri qayıtmazdır.

Qur᾽an Əhli-beyt (ə) vasitəsilə islam düşmənləri ilə qarşı-qarşıya durdu və onların düşmənlərini lə᾽nət və əzaba layiq adamlar kimi tanıtdırdı. Əgər Əhli-beyt (ə)-ın sözləri, əməlləri və yolları doğru olmasaydı, Allah heç vaxt belə bir əzəmətli məqamı onlara verməzdi və Qur᾽an bu şəkildə onların haqqında söhbət açmazdı. Fəxri Razi (sünni təriqətinin ən böyük təfsirçilərindən biri) öz «Təfsiri-kəbir» kitabında Zəməxşərinin nəql etdiyi həmin rəvayəti kamil şəkildə nəql etdikdən sonra, sözlərinə bir cümlə də əlavə etmişdir: «Bilmək lazımdır ki, bu hədisin doğruluğu barədə bütün təfsirçilər və hədis söyləyənlər həmrəydirlər.»

Mərhum Əllamə Təbatəbai öz təfsirində bu ayə barəsində bəhs etdikdən sonra mübahilədə iştirak edənlərin həzrət Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət olduğunu bəyan edərək buyurmuşdur: «Hədis nəql edənlərin hamısı, o cümlədən Müslüm, Termezi və bu kimi böyük hədis kitabları yazan alimlər də onu öz kitablarında yazaraq təsdiq etmişlər.

Həmçinin böyük təfsirçilər, o cümlədən Təbəri, Əbilfəda, ibni Kəsir, Süyuti və bu kimi alimlər də o hədisin doğruluğunu təsdiq edərək öz təfsir kitablarında nəql etmişlər.

Göründüyü kimi təfsirçilər Əhli-beytin (ə) kimlər olduğunu və onları sevməyin nə dərəcədə vacib olduğunu və ümmət içərisində hansı məqam və hörmətə sahib olduqlarını aydın surətdə bəyan ediblər. Əvvəldə dediyimiz iki ayədə Qur᾽ani-kərim Əhli-beytin (ə) Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət olduğunu və onların pakizəliyini və ruhi-mə᾽nəvi üstünlüyünü isbat edirdi. Bu ayədə isə Allah-taala və Peyğəmbər (s) Əhli-beytin (ə) vasitəsi ilə islam düşmənləri ilə mübahilə etdiyini bəyan edərək, onların böyük və şərafətli məqamlarını izah edir. Əgər Əhli-beyt (ə) Allah yanında yüksək və özünəməxsus hörmətə malik olmasaydılar, heç vaxt Peyğəmbərə (s) əmr olunmazdı ki, onları Allah düşmənləri ilə mübahilə etməyə və əzabın nazil olmasını istəməyə aparsın. Həmçinin, onlara dualarının qəbul olacağını və᾽d verməzdi… Bu ayədə bir çox ədəbi və qrammatik ifadələr də vardır ki, onlara diqqət yetirmək lazımdır. Məsələn, onlardan birisi, ayədə övladlar və qadınların [yə᾽ni, Həsən, Hüseyn, Fatimə və Əli (ə)] Peyğəmbərə (s) artırılmasıdır (yə᾽ni, qadınlarımız və övladlarımız deyilmişdir). Əgər bu hadisədə Peyğəmbərin (s) əməli olaraq adlarını çəkdiyimiz o müqəddəs şəxsiyyətlərlə birlikdə mübahiləyə çıxması həyata keçirilməsəydi mümkün idi ki, bu kəlmələrdən başqa adamlar nəzərə çarpardı. Məsələn, «qadınlarımız» kəlməsindən hadisənin həyata keçirilməsinə baxmadıqda Peyğəmbərin (s) xanımları, övladlarımız kəlməsindən isə həzrət Fatimədən əlavə Peyğəmbərin (s) qalan qızları və «özümüz» kəlməsindən, yalnız Peyğəmbərin (s) öz müqəddəs vücudu başa düşülərdi.

Amma, əziz Peyğəmbərimiz (s) yalnız, o dörd nəfəri özü ilə birlikdə mübahiləyə aparmaqla bizə başa saldı ki, ümmətin qadınlarının ən seçilmiş və ən nümunəvisi həzrət Fatimə (ə) və müsəlmanların övladlarının ən bəyənilmişi Həsən və Hüseyndir (ə). Qur᾽an onları Peyğəmbərə (s) mənsub etmişdir. Qur᾽anın aşkar tə᾽biri ilə onlar Peyğəmbərin (s) öz övladları hesab olunurlar. «Özümüz» kəlməsində isə Qur᾽an, həzrət Əlini (ə) Peyğəmbərin özü kimi hesab etmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button