ArxivXəbər lentiXəbərlər

“MÜBAHİLƏ” AYƏSİ VƏ ONUN QISA İZAHI

“Ali-İmran” surəsinin 61-ci ayəsində buyurulur:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

“(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.”

“Mübahilə” əslində “azad, özbaşına buraxmaq, bir şeyi qeyd-şərtsiz nəzərə almaq” mənasını bildirən “bəhl” sözündən götürülmüşdür. Məsələn, balasına süd vermək üçün özbaşına buraxılan heyvana “bahil” deyilir. Dualarda da “ibtihal”ın mənası işlərin Allaha tapşırılmasından ibarətdir. Bəzən bu sözü “həlakət, qarğış, lənət və Allahdan uzaqlaşmaq” kimi mənalandırmışlar.

“Mübahilə”nin bu ayədəki məfhum və mənasına gəldikdə isə, “mübahilə” iki nəfərin bir-birinə qarşı nifrin və qarğışı mənasını ifadə edir. Belə ki, hər şey şüur və məntiq baxımından aydın olduqdan sonra mübahisə kəsilməyəndə iki nəfər, yaxud iki qrup bir yerə toplaşıb Allaha dua edir və Ondan yalançının rüsvay olmasını, cəzalanmasını diləyir.

Sünni və şiə təfsirlərində, eləcə də, bəzi hədis və tarix kitablarında qeyd olunur ki, hicrətin 10-cu ilində bir neçə nəfər Rəsuli-Əkrəmin (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı yaymağa, təbliğ etməyə təyin olundular. Nəcran məsihiləri Peyğəmbəri-Əkrəmlə (s) danışıq aparmaq üçün bir nümayəndə heyətini Mədinəyə göndərdilər. Danışıqlardan sonra onlar bəhanə axtararaq şəkdə olduqlarını deyir, heç bir məntiq və dəlilə əsaslanmadan həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edirlər. Bu ayə nazil olaraq buyurur: “Ya Peyğəmbər! Səninlə mübahisə apararaq haqqı qəbul etməkdən imtinaedənlərə deGəlin biz  oğullarımızısiz  oğullarınızıbiz  qadınlarımızısiz qadınlarınızıbiz  özümüzüsiz  özünüzü çağıraqSonra mübahilə edib(yalvarıb qarğış edərəkyalançılara Allahdan lənət istəyək.” Yəni bu qarğış hər kəsi tutsa, onun batil yolda olması məlum olacaq və bununla da mübahisəni sona yetirərik.

Bu ayə nazil olandan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı. Onlar o həzrətdən fikirləşmək üçün bir gün möhlət istədilər. Xristianların başçısı dedi: “Əgər sabah Məhəmməd öz ailəsi və övladları ilə birgə mübahiləyə gəlsə, onunla mübahilə etmədən geri qayıdarıq; amma hay-küylə, təm-təraqla və öz tərəfdarları ilə gəldiyini görsək, onunla mübahilə edərik.”

Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianların başçısı ətrafındakılardan soruşdu: “Bunlar kimdir?” Ona dedilər: “Biri əmisi oğlu və kürəkəni, o iki oğlan uşağı qız nəvələri və o qadın da hamıdan əziz bildiyi qızıdır!” Xristianların yepiskopu dedi: “Mənim gördüyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaət və cürətlə gəlmişdir. Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü Peyğəmbərə tutub dedi: “Ey Məhəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunur: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!” (“Məcməül-bəyan”, 2-ci cild, səh. 452.)

Əhli-sünnə və Əhli-beyt (ə) ardıcıllarının mötəbər və məşhur mənbələrində nəql olunan bir çox rəvayətlərə əsasən, “mübahilə” ayəsi imam Əli (ə), xanım Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında nazil olmuşdur.

Bəzi rəvayətlərə əsasən “mübahilə” Zil-hiccə ayının 24-də, yaxud 25-də, o zaman Mədinə şəhərinin kənarında yerləşən Peyğəmbər məscidində baş vermişdir ki, hazırda şəhərin içərisində yerləşir.

“MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ

“Mübahilə” hadisəsi İslam Peyğəmbərinin (s) risalətinin doğru və haqq olduğunu göstərən aydın bir nişanə və dəlildir. Çünki Allahla qəti və mənəvi əlaqəsi olmayan şəxsin belə təhlükəli işə razı olması mümkün deyildir. Peyğəmbəri-Əkrəm (s) çəkinmədən müxaliflərinə deyir ki, gəlin, birlikdə dua edib Allahdan yalançıları rüsvay etməsini diləyək. Bunun mənası odur ki, sözsüz, mənim nifrin və qarğışım sizi tutacaq və siz bunun nəticəsini görəcəksiniz!

Şübhəsiz, belə bir meydana girmək asan iş deyil; əgər qarğış Allah dərgahında qəbul olunmasa və qarşı tərəf cəzasına çatmasa, bu özü böyük rüsvayçılıq olar. Heç bir ağıllı insan qarşı tərəfin məğlub olacağına inanmadan belə bir işə əl atmaz. Məhz bu səbəbdən də, rəvayətlərdə deyildiyi kimi, mübahilədən söz düşdükdə, Nəcran xristianları Peyğəmbəri-Əkrəmdən (s) bir qədər fikirləşmək üçün möhlət istədilər. Onlar Peyğəmbərin (s) özü ilə gətirdiyi şəxslərin yalnız dörd nəfərdən ibarət olduğunu, səs-küy salmadan, qəti inam və xatircəmliklə vəd edilmiş yerə gəldiyini gördükdə, dəhşətə gələrək mübahilədən boyun qaçırdılar və o həzrətin haqq olduğuna inanmaqla əzabdan amanda qaldılar.

Digər tərəfdən, bu ayə Peyğəmbərin (s) Əhli-beytinin(ə) yüksək məqama malik olduğunu göstərən ən aydın və möhkəm sübutdur. Şübhəsiz, ayədə qeyd olunan “əbnaəna”(oğullarımız) sözündə məqsəd imam Həsən və imam Hüseyn (ə), “nisaəna”(qadınlarımız) sözündə məqsəd xanım Fatimeyi-Zəhradır (ə.s). “Ənfüsəna” (özümüz)sözünə gəldikdə isə, şübhəsiz məqsəd təkcə Peyğəmbəri-Əkrəmin (s) özü deyil. Çünki ayədə özümüzü dəvət edək ifadəsi vardır ki, əgər yalnız Peyğəmbər (s) nəzərdə tutulsaydı, onda insanın öz-özünü dəvət etməsinin heç bir mənası olmazdı. Buna əsasən, yeganə yol budur ki, belə deyək: “Məqsəd yalnız Əlidir (ə)!” (Təfsiri-nümunə”, “mübahilə” ayəsinin təfsiri.)

Rza Şükürlü

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button