Xəbərlər

Azərbaycanda qorxulu xəstəlik yayılıb

Yüz mindən artıq heyvanda aşkarlanan xəstəlik əhalinin qidalanmasında hansı fəsadlar yarada bilər?

Yüz mindən artıq heyvanda aşkarlanan xəstəlik əhalinin qidalanmasında hansı fəsadlar yarada bilər?

Azərbaycanda iribuynuzlu heyvanlar arasında naməlum xəstəlik yayılıb. Həmin xəstəlik artıq 31 rayonu əhatə edib. Bu barədə Dövlət Baytarlıq Xidməti (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. O bildirib ki, son məlumatlara görə, 114 min 447 baş heyvanda bu xəstəliyin müalicəsi aparılıb: “Aparılan müalicə 100 faizə yaxın effekt verib və heyvanlar iki-üç gün ərzində sağalıb.

Lakin xəstəliyin tam müalicəsi 15 gün-1 ay ərzində yekunlaşır. Gərginlik olduğu kimi davam edir və problemlər yavaş-yavaş aradan qaldırılır”.

Y.Xanvəli DBX-nin qeyd olunan xəstəliklə bağlı Səhiyyə Nazirliyinə dərman çatışmazlığıyla əlaqədar müraciət etdiyini də deyib. Həmin dərmanlar həm səhiyyə, həm də baytarlıq apteklərində satılır və rayonların dərmanla təchizatı yaxşılaşdırılıb.

Mətbuat xidmətinin rəhbərinin digər saytlara açıqlamasında qeyd edilib ki, Bakıda və digər rayonlarda fəaliyyət göstərən baytarlıq laboratoriyalarına təqdim olunan iribuynuzlu heyvan ətlərində məlum xəstəlik aşkarlanmayıb. Y.Xanvəli bildirib ki, Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik virus ailəsinə məxsus olan şomonda, akabene və aina viruslarının qarışığından yaranan xəstəlikdir və onun birbaşa müalicəsi mümkün olmadığı üçün müalicə dolayı yolla aparılır.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, ilkin versiyaya görə, xəstəliyin daşıyıcıları ağcaqanad, mığmığa, gənə və digər qansorucu həşəratlardır, lakin xəstəliyin konkret olaraq mənbəyi məlum deyil: “Beynəlxalq Epizodik Büronun məlumatlarına görə, bu xəstəliyin ilk simptomları 2011-ci ildə Çində yox, Avropa ölkələrində müşahidə olunub. Bu xəstəlik insana və hətta heyvandan heyvana da yoluxmur. Yoluxma qansoran həşəratlar vasitəsilə xəstə heyvanla sağlam heyvan arasında baş verir. Qansoran həşərat insanı dişləyərsə, virus insana keçmir. Başqa sözlə desək, zoonos xəstəliyi hesab edilmir.ÿXəstəliyin etiologiyası tam öyrənilməyib, gələcəkdə hansı modifikasiyaya uğrayacağı bəlli deyil. Bilmək olmaz ki, gələcəkdə bu xəstəlik özünü hansı formada göstərəcək, necə nəticə verəcək, heyvanda immunitet yaradıb-yaratmaması, digər hansı əlamətlərin meydana gəlməsi barədə hələlik elmi araşdırmalar davam edir. Epizodik Büronun məlumatında da qeyd olunur ki, ilin sonuna qədər bu xəstəlik barədə müfəssəl məlumatlar bütün ölkələrə çatdırılacaq”.

Y.Xanvəli əlavə edib ki, dərmanlar birbaşa mal-qara təsərrüfatı sahibinin özləri tərəfindən alınaraq müalicə həyata keçirilir. Çünki xəstəliyin müalicə təminatını hələlik dövlət öz üzərinə götürməyib.

Xəstəlik ətin qiymətinə təsir edəcək

Bu xəstəliklə bağlı açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov gəmiricilər, qansoran həşəratlar, gənələrin yoluxmaya qaynaq kimi göstərildiyini bildirir. Yəni, daşıyıcı kimi ağcaqanadları göstərirlər, hətta ev quşları da mənbə ola bilər: “Bu virusu hərbi məqsədlər vasitəsi kimi də istifadə edə bilərlər. Xəstəliklə bağlı verilən informasiya, elmi araşdırma və nəticələr bundan ibarətdir. Virus hərbi məqsədlə həyata keçirilən vasitədirsə, bunu bir sıra qonşularımızdan görmək olar. Onlar Azərbaycanın iqtisadi cəhətdən zəifləməsi üçün təxribat xarakterli bir vasitə kimi istifadə edə bilərlər”.

V.Məhərrəmov qeyd edir ki, ölkədə artıq külli sayda mal-qara xəstəliyə düçar olub. Onların bir hissəsi tələf olub, bir qismi də məhsuldarlığı aşağı saldığı üçün çıxdaş edilib: “Azərbaycanda ət satışı sistemi nəzarət altında deyil. Nəzarət edənlər belə, ət satanların qarşısını almır. Xəstə heyvanların, at və ulaq ətinin satılması faktları geniş yayıldığı üçün həmin xəstə heyvanların da əti bazarda özünə yer tapacaq. Onun keyfiyyəti aşağı olduğu üçün alıcılara ucuz təklif olunacaq. Eyni zamanda, xəstəliyin arealının genişlənməsi idxal olunan ətin qiymətinə təsir edəcək. Keyfiyyətli ətin qiyməti qalxacaq. Doğrudur, istehlakçılar bir müddət mal və qoyun ətindən kənar durmağa çalışacaq. Amma mal-qara və qoyunçuluqda kütləvi ölüm, balasalma halları davam edərsə, bu məqam gələcəkdə mal ətinin qiymətinə mütləq təsir edəcək və qiymət artımı olacaq”.

Rayonlarda kəndlilərin heyvanlarını əlindən almağa çalışırlar

Azad Istehlakçılar Birliyinin (AIB) sədri Eyyub Hüseynov xəstə heyvanlarla bağlı məsələni günün aktual hadisəsi adlandırır. Onun sözlərinə görə, AIB-in yerlərdəki 30 təşkilatı rayonlardan mütəmadi şəkildə məlumatlar verir: “Ayın sonunda isə bu məlumatlar ümumiləşdiriləcək və yekun rəyə gəlinəcək. Mən buna oxşar hadisələrlə bağlı Baytarlıq xidmətindən Emin Şahbazovla əlaqə saxlayıram. Qeyd edim ki, Sabirabad rayonunun Nəsimi və Nizami kəndlərində əcaib heyvan xəstəliyinin meydana çıxmasını araşdırarkən maraqlı məqamlar ortaya çıxır. Baytarıq xidmətinin əməkdaşları kəndlərə çatan kimi adamların heyvanlarını əllərindən alıb aparmağı təklif edir. Kəndlilər də sağ heyvanı vermək istəmir. Halbuki, öncə heyvanların xəstələnməsinin diaqnozu qoyulub müalicəsi aparılmalıdır. Amma əksinə, ölməmiş heyvanı aparırlar. Rayonlarda dəfələrlə belə hallar olub və Baytarlıq xidməti bununla bağlı heç bir iş görmür. Düzdür, Baytarlıq komitəsi əlindən gələni etsə də, yerli baytarlar heç bir iş görmür”.

Heyvanlardakı xəstəlik insan üçün də təhlükəlidir

Tibb sahəsi üzrə mütəxəssis Rasif Bağırov deyir ki, bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yayılan xəstəliyin insan üçün təhlükəsini danmaq olmaz. Ekspertin sözlərinə görə, hər bir virusun fəaliyyətini təhlil edərkən, onun insan orqanizminə keçməməsini əsas kimi göstərirlər: “Lakin onun insana keçməməsi hələ sual altındadır. Həmin heyvanların əti və məhsullarından istifadənin insan orqanizmində hansı xəstəliklərə səbəb olması bir müddət sonra müəyyənləşə bilər. Insanın heyvanlar arasında yayılan xəstəliyə tutulmamasına kim zəmanət verə bilər? Ilkin olaraq bu nəticəyə gəlmək hələ çətindir. Çünki öyrənilməmiş bir virusun insanda hansısa bir fəsad törətməməsindən danışmaq düzgün deyil”.

azadliq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button