ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Moskvanın hazırladığı “vahid paket” nələri ehtiva edir?

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlər haqda danışıb.

“Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə işlərin ən başlıca istiqamətlərindən biridir. Rusiya bu prosesin bilavasitə iştirakçısıdır”, – deyə nazir müavini bildirib.

Rudenko xatırladıb ki, 2021-ci ilin yanvarında Moskvada keçirilən üçtərəfli görüşdə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi altında işçi qrup yaradılıb. Bu mexanizm çərçivəsində regionda həm dəmir yol, həm avtomobil yolunun açılması üçün mühüm hazırlıq işləri görülüb. Hazırda vahid “paket” üzərində işlər gedir. Belə yanaşma qəbul edilən qərarların dayanıqlığını təmin edəcək.

Xatırladaq ki, ötən il noyabrın 26-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Soçidə baş tutmuş üçtərəfli görüşündə Zəngəzur dəhlizinin dəmir yol hissəsinin açılmasına dair praktiki razılaşma əldə edilmişdi. Ermənistan artıq bu dəmir yolunun öz ərazisindən keçən hissəsinin bərpası üçün hazırlıq işlərinə başlayıb, Azərbaycanda isə Horadiz-Ağbənd dəmir yolunun bərpası işləri hələ hərbi əməliyyatların başa çatmasından qısa zaman sonra başlamışdı. Və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Naxçıvana Azərbaycandan avtomobil yolunun açılması məsələsində isə hələlik qeyri-müəyyənlik qalır. Ən başlıcası, bu yolun marşrutu məlum deyil. Ermənistan tərəfi bir neçə ay əvvəl bildirmişdi ki, Naxçıvana quru yolunun Laçın-Gorus marşrutunu təklif edir. Hansı ki, bu yolla Naxçıvanın Şahbuz rayonuna çıxmaq mümkündür.

Bu arada Rusiya xarici işlər nazirinin müavini “vahid paket” barədə danışırsa, bu paketə çox güman ki, Naxçıvana dəmir yolunun açılması ilə eyni vaxtda Azərbaycan üzərindən Ermənistana dəmir yol əlaqəsinin də bərpası daxildir. Bu dəmir yolu isə həm də Rusiyanın Ermənistanla birbaşa quru əlaqəsini təmin edəcək.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizində də Laçın dəhlizində olduğu sərbəst gediş-gəliş rejiminin mövcud olması şərtini irəli sürüb.

Müşahidəçilər yaxın aylarda artıq nəqliyyat kommunikasiyalarının açılmasına dair ilk razılaşmanın imzalanacağını təxmin edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button