ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Mingəçevir sakini: “İri dükanlarda un yoxdur”

Azərbaycanın rayonlarında son günlər əhali əvvəlki illərdə təsadüf edilməyən tərzdə un tədarükü görməyə başlayıb. Unun yaxın vaxtlarda yenidən bahalaşacağını deyən bir çox insanlar qışa indidən tədarük görürlər. (bu ilin əvvəlində 30 faizdən çox bahalaşıb) Satış məntəqələrində birdən 7-8 kisə un alanların olduğu da deyilir. Hətta bir çox rayonlarda bəzi satış məntəqələrində unun artıq satışının dayandırıldığı ilə bağlı şikayətlər də eşidilir. Verilən məlumatlarda o da qeyd edilir ki, un satılan bəzi mağazaların önündə isə artıq uzun növbələr yaranıb.

“Bəzi mağazalarda un satışı dayandırılıb”
Mingəçevir şəhərində yaşayan Sənan Əliyev (adı şərtidir) də AzadlıqRadiosuna bildirib ki, artıq bir neçə gündür bəzi mağazalarda un satışı dayandırılıb: “İri dükanlarda un yoxdur. Hamı yaxın günlərdə unun bahalaşacağını deyir. İndi bazarda 50 kiloqramlıq unun kisəsi 42 manatdan təklif edilir”.

Son günlərə qədər Azərbaycanda 50 kiloqramlıq un, markasından asılı olaraq, 38-42 manata satılıb. Amma un satış məntəqələrinin bir çoxundan AzadlıqRadiosuna deyiblər ki, son günlər qiymət artımı olmayıb.

Rəsmi statistikaya görə, Azərbaycanın illik çörəklik buğda tələbatı 3.5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbatın 40 faizi idxal hesabına ödənilir. 2021-ci ildə Azərbaycanın özündə isə 595 min hektar ərazidə buğda əkilib. İllik buğda istehsalı isə 1.9 milyon ton olub.

“Qiymətlər son dönəmlərdə dəyişməyib”
Kənd Təsərrüfatı Nazirliyindən “Turan”a bildirilib ki, Rusiya, Qazaxıstan və Ukraynadan idxal olunan buğdanın bir tonun qiyməti ölkəyə 550-600 manata başa gəlir: “Bu qiymətlər son dönəmlərdə dəyişməyib”.

Qurumdan qeyd olunub ki, ölkədə un dəyirmanlarının tələbatdan iki dəfə çox buğda rezervləri var: “Bu sahədə risklərin qarşısının alınması üçün cənab prezident tərəfindən ərzaqlıq buğda əkinlərini təşviq etmək məqsədilə müvafıq fərman imzalanıb. Sənədə əsasən, fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də “Turan”a deyib ki, hazırda unun qiymətində artım hiss olunmur: “Əvvəllər Rusiya-Ukrayna müharibəsi başlanması dövründə un məhsullarının qiymətində müəyyən artım oldu. Ancaq son dövrdə artıq bu yoxdur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button