ArxivmədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Məktəbin ayaqyolu problemini ictimailəşdirən müəllim töhmət alıb

Leyla Nəcəfquliyeva direktora: “Nə oldusa, siz direktor olduqdan sonra baş verdi”
İmişli rayonu Aranlı kənd tam orta məktəbində ayaqyolunun olmamasına etiraz edən ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya töhmət verilib. Bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilir ki, həmin məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilib.
Təhsil idarəsi onu da vurğulayıb ki, sözügedən məktəbdə 3 sanitar qovşağı var. Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq.
“Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq. Qeyd edək ki, 2022-ci il ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan 11 ümumi təhsil müəssisəsinin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib. Həmçinin 13 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb.  Eyni zamanda İmişli rayonu üzrə 5 məktəbin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib, 2 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb”.
Sosial şəbəkələrdə Leyla Nəcəfquliyevanın sinif otağından çəkdiyi videogörüntü yayımlanıb. Müəllim orada məktəbdə tualetin olmamasından gileylənib, azyaşlılardan birinin islanmış paltarını sobanın kənarında dayanıb qurutmağa çalışdığını göstərib. Həmçinin qeyd edib ki, ayaqyolu problemi həll olunmayınca uşaqların və özünün dərsə gəlməsini istəmir.
Müəllimin videosundan sonra təhsildəki problemlər, Təhsil Nazirliyinin fəaliyyətsizliyi tənqid olunub. Əksəriyyət hesab edir ki, müəllimin töhmət almasına səbəb məktəbə gəlməməsi yox, problemləri ictimailəşdirməsidir. Bundan sonra Leyla Nəcəfquliyeva növbəti video yayaraq, çalışdığı məktəbin direktorunu tənqid edib:
“Əslində əvvəlki video 2-3 ay əvvəl çəkilib. Onu kim yayıb bilmirəm, Allah köməyi olsun. Hər şey xeyrimizədir. Bu gün məktəbin problemlərini mən gizlətmirəmsə mənə ayıb olsun, yox, siz gizlədirsizsə, sizə ayıb olmasın, eləmi? Bir qarabağlı kimi bu məktəbə elə-belə gəlmədiyim üçün bunu etməli idim. Məktəbin direktoru deyir:  “Leyla müəllim, məşhurlaşmaq istəyir”. O direktora demək istəyirəm ki, mən müğənni deyiləm məşhurlaşmaq istəyim. Nə oldusa, siz direktor olduqdan sonra baş verdi. Siz orada “banda” yaratdız, təhsilin də səviyyəsi aşağı düşməyə başladı. Boynunuza alın, o məktəbdə yeganə müəllimə mənəm ki, ilk ildən şagirdlərin nəticələri yüksəkdir. Bunu heç yerdə demədiz, ictimailəşdirmədiz, amma hazırda problemləri ictimailəşdirdiyim üçün haqqımda o ifadəni işlədirsiz”.
Leyla Nəcəfquliyeva deyib ki, məktəblərdə fakültativ məşğələlər üçün nəzərdə tutulan pullar da ödənmir. Əvəzində direktorun qohum-əqrabasının adı işçi kimi məktəbə yazılır.
“Mən şagirdlərə görə hər şey edəcəm. Bu məktəbi alt-üst etdirib yenisini tikdirmək hamımızın borcu idi, tək mənim yox”, – deyə müəllim sonda vurğulayıb.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı “Pravda.az”-a açıqlamasında deyib ki, problem əvvəlcə məktəbin daxilində müzakirə olunmalı idi:
“Kiçik uşaqdır, evdən gəlir, ehtiyacı var, harasa getməlidir… Şagirdlərin yaxşı oxumaları üçün məktəbdə şərit yaradılmalı, hər şey olmalıdır. Amma müəllimin ayaq yolu olmadığı üçün uşaqların məktəbə gəlməmələri barədə çağırış etməsi düzgün deyil. Belə çıxır ki, bu günə qədər şagirdlər məktəbə gəlməyiblər? Axı gəliblər. Yəqin ki, məktəbdə direktorla birlikdə müəllimlərin iclası olur. Yalnız bir müəllim yox, başqa müəllimlər də məsələni direktorun iştirak etdiyi iclasda qaldırmalı, müzakirə etməli idilər. Belə bir müzakirənin olub-olmadığını və məktəb rəhbərliyi tərəfindən necə reaksiya verildiyini bilmirəm. İclasda hansısa dərsi müzakirə edirlərsə, bu da məktəb probleminin bir hissəsidir. Vacib məsələdir. Bunu həll etmək o qədər də böyük problem deyil ki. Bunun üçün ayrıca vəsait ayrılamamalıdır. İki-üç nəfər valideyn də müraciət etmiş olsaydı, yəqin, problemi həll etmək mümkün olardı”. “Müraciət edildiyi təqdirdə həllini tapmayıbsa, bu, direktorun, ümumiyyətlə, kollektivin böyük səhvidir. Pedaqoji kollektiv bir məsələni həll edə bilmirsə, bunu ictimailəşdirir, respublika səviyyəsinə qaldırırlarsa, bu, nə pedaqoji kollektivdir? Bu, necə direktordur? Onun müavinləri, müəllim kollektivi var. Belə bir məsələni bu səviyyəyə qaldırmaq özü ayıbdır. Öz daxillərində bu vaxta kimi həll edilməyən problemə görə müəllimin günahlandırılması, ona töhmət verilməsi, işdən çıxarılması məgər problemi həll edəcək? Sabah çıxılmaz vəziyyətdə qalan uşağın halı pis ola bilər. Bəlkə, elə bir problemi var… Bəs bu uşaq nə etməlidir? Məktəbə necə gəlsin? Direktor problemin kökündən həll olunmasına çalışmalıdır. Müəllimə töhmət verməklə bu məsələni həll etmiş olmur. Bu, vəziyyətdən çıxış yolu deyil. Sabah başqa bir müəllim də problemi qaldırsa, ona da töhmət verəcək? Bütün məktəb kollektivinə töhmət veriləcək? Kollektiv oturub düşünməlidir. İcra hakimiyyəti, başqa qurumlar var ki, məsələni qaldırmaq olar. Elə bir böyük problem deyil ki, bunlar belə səviyyəyə qaldırıblar””.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button