AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Lenindən Putinə qədər Rusiyada İslamla bağlı dəyişikliklər/tahlil

 

Rusiya hökumətinin müsəlmanlara münasibətini çox dəyişib və müsəlmanları bu ölkənin vətəndaşlarının bir hissəsi kimi qəbul edib. Belə ki, Putin Rusiyanı dünyada İslamın əsas müdafiəçilərindən biri hesab edir. Digər tərəfdən Rusiyanın müsəlman cəmiyyətinin təlaşına və yüksək vəzifəli rus məmurlarının müsbət rəyinə baxmayaraq, ölkənin müsəlman cəmiyyətində vahid informasiya mərkəzinin olmaması və İslam məzhəbləri arasında ciddi fikir ayrılıqları divergent və mərkəzləşdirilməmiş nəşrlərin mühüm məsələlərindən biridir.

Qafqaz Həqiqətləri – Rusiyanın Tatarıstan vilayətində ilk islami qəzetlər məşhur “Cədidiyyun” (yenilikçilər) qruplarının, xüsusən də onların tanınmış lideri İsmayıl Qaspiralının fəaliyyəti sayəsində işıq üzü görüb. O, 1883-cü ildə hərəkatın əsas mətbuat orqanına çevrilən “Tərcüman” qəzetini nəşr etməyə başladı. Bu arada modernist hərəkatın (Cədidiyyun) “Tərəqqi”, “Ticar”, “Əl-İslah”, “Ədl” kimi qəzetləri ən populyarlar idilər. Orenburq müftisi Rizaəddin bin Fəxrəddin “Şurasevər Tərəqqi” jurnalını təsis etdi. XX əsrin əvvəllərində Parisdə Rusiya müsəlman ümmətinin həyatını rus dilində əks etdirən müsəlman jurnalı nəşr olundu.

Qədimiyyun (qədimçilər) cədidçilərin (yenilikçilər) etiqad və ideologiyaları ilə müxalif idilər. 1906-cı ilin sonlarından müsəlman ruhanilərinin mühafizəkar fraksiyasının fikirlərini ifadə edən “Dünya”, “Məişət” və “Din Məişət” jurnalları nəşr olunurdu. Orenburq İslam Ruhani Məclisi 800 nüsxə ilə “Orenburq Şərq Məhkəməsinin Məlumatı” qəzetini nəşr edirdi.

Sovet dövründə islami nəşrləri 1928-ci ilə qədər öz fəaliyyətini davam etdirdi, sonra onların nəşrinin qarşısı alındı. Yalnız 1940-cı onillikdə müsəlman ruhanilər idarələri bərpa edildikdən sonra bu mövzuda müsbət dəyişikliklər baş verdi. 1947-ci ildən Orta Asiya və Qazaxıstan Ruhanilər İdarəsinin təşəbbüsü ilə “Sovet İttifaqı Şərqinin Müsəlmanları” jurnalının az tirajla nəşrinə başlandı. Jurnalın nəşri qısa müddətdən sonra dayandırıldı və 1968-ci ildən yenidən bərpa edildi. Bu jurnalda dini elmlərə bağlı mövzular, islami təşkilatların ibadət və beynəlxalq sahədə fəaliyyətləri işıqlandırılırdı. Habelə, fətvalar, xütbələrdən parçalar, konfranslar və iclasların mətn və məzmunları yer alırdı. 1989-cu ilə qədər bu  jurnal Sovet İttifaqında yeganə müsəlman nəşri idi.

Sovet İttifaqının dağılmasından sonra medianın transformasiyası

Sovet İttifaqının dağılması ərəfəsində ilk islami qəzetlər dublikatorlar tərəfindən ucuz kağızlarda nəşr olunurdu. Bu arada İslami Həyatın Dirçəliş Partiyasının mətbu orqanı olan “Tövhid” qəzeti və Saratov Böyük Məscidinə bağlı “Müsəlman Peyki” kimi oxşar məzmunlu radikal nəşrlər İslam mətbuatının əhəmiyyətli bir hissəsini təşkil edirdi. 1990-cı ildə Avropa və Sibir Müsəlmanları Ruhani İdarəsi öz qəzetlərinin nəşrini bərpa etdilər və onu Orenburq Ruhanilər Məclisinin fəaliyyətinin davam etdirilməsinin əlaməti olaraq “Məlumat” adlandırıdılar. Bu qəzetin nəşri maliyyə problemlərinə görə dayandırılsa da, 1997-ci ildə Perm vilayətinin müftisi Məhəmməd Əli Xozinin səyləri ilə yenidən bərpa olundu.

1991-ci ildə Kazanda “İman” adlı ədəbiyyat nəşriyyatı açıldı. Bu, Rusiyada ilk İslam ədəbiyyatı nəşriyyatı idi. Nəşriyyat tatar dilində eyniadlı qəzet çap etdi. 1993-cü ildə Kazanda “Nuri İslam” jurnalının nəşrinə başlandı və bir ildən sonra rus dilində “İman” və tatar dilində “Yəqin” qəzetləri islami mətbuat sırasına qoşuldular. Avropa və Sibir Müsəlman Ruhanilərinin parçalanmasından sonra ayrılmış müftilər təşkilatları öz qəzetlərini nəşr etdilər. 1992-ci ildə Başqırdıstan Müsəlmanları Ruhani İdarəsi rusdilli “İslam və cəmiyyət” qəzetini buraxdı və 1994-cü ildən isə Rusiyanın Avropa hissəsindəki Müsəlman Ruhaniləri İdarəsi “Minbəri-İslam” jurnalını nəşr edir. Dağıstan müsəlmanları da 1990-cı illərin əvvəllərində öz nəşrlərini buraxdılar.

XX əsrin sonlarına kimi mərkəzləşdirilmiş İslam təşkilatlarının əksəriyyəti qəzetlərə sahib idi. Rusiya Müftilər Şurasının da rəsmi orqanı olan Rusiyadakı Avropa Müsəlmanları Ruhani İdarəsinə məxsus “Minbəri-İslam” qəzeti ən müntəzəm nəşrlərdən sayılırdı. Digər nəşrlər müntəzəm nəşr olunmadığı halda, bu jurnal 999 nüsxə ilə çap olunurdu. Bəzi islami birliklər öz qəzetlərini çıxarmağa çalışsalar da, onların şövqü ilk bir neçə nömrə üçün kifayət edirdi.

1999-cu il parlament seçkiləri ərəfəsində milli islami qəzetinin yaradılmasına cəhd edildi. Çünki bu nəşrə vacib ehtiyac duyulurdu. Rifah Hərəkatının sifarişi ilə Vyaçeslav Polosin (1999-cu ilin yayında İslamı qəbul etmiş Kaluqa keşişi) buna nail oldu. Polosin 2001-ci ilin sonlarında Dağıstan Müsəlman Ruhaniliyinin sponsorlarının köməyi ilə “İslam haqqında hər şey” qəzetini nəşr etməyə başladı. Geniş oxucu kütləsinə müraciət edən bu nəşr müsəlman qəzetinin işini davam etdirməli idi. 35 min tirajla çıxan nəşr 2003-cü ildə öz işini dayandırdı və indiyə kimi heç bir başqa nəşr milli İslam qəzetini əvəz edə bilməyib.

Təbii ki, Rusiyada islami nəşrlərin buraxılmasına maliyyə problemlərindən daha çox, bu ölkənin islami icmasında vahid informasiya mərkəzinin olmaması və İslam məzhəbləri arasında ciddi fikir ayrılıqları əsas maneə sayılır.  Əslində Dağıstan, Sankt-Peterburq, Kalininqrad və Saxalin vilayətlərinin müsəlmanları üçün eyni dərəcədə maraqlı və məqbul olan materialı bir qəzetdə toplamaq mümkün deyil.

2002-ci ilin yanvarında Rusiya İslam jurnalının nəşri ilə bağlı ilk uğurlu təcrübənin şahidi oldu. Dağıstan Müsəlmanarı Ruhani İdarəsi “İslam” jurnalını nəşr etməyə başladı və bu jurnal indiyə kimi müntəzəm şəkildə nəşrini davam etdirir. 2004-cü ilin birinci rübündə Rusiyanın Avropa hissəsinin Müsəlman Ruhani İdarəsi, Tatarıstan Respublikası Müsəlman Ruhani İdarəsi və Nijni Novqorod Ruhani İdarəsinin təşəbbüsü ilə “Minar”jurnalı Rusiyanın “İslam məktəbi” jurnalı kimi təsis edildi. Bu jurnal daha geniş auditoriyaya müraciət edən islami jurnaldan fərqli olaraq, ilahi elmlər məsələlərini önə çəkir.

2007-ci ildə Rusiya Müftilər Şurası həmin ildən Yaxın Şərqdə proqramlarını yayımlamağa başlamış “Rusiya əl-Yəvm” telekanalının bu ölkədə fəaliyyətinə razılıq verdi, habelə, “İslam dünyası” televiziya kanalı ilə yanaşı, “İslam televiziyası” saytını da təsis etdi.

Məkkə televiziya kanalı

Elə həmin il Səudiyyə Ərəbistanı rəsmiləri Ravil Eynəddinin ilkin dəstəyi ilə Məkkə televiziya şəbəkəsinin rus versiyasının istifadəyə verildiyini elan etdilər. Telekanalın məqsədi tamaşaçıların şüurunu işıqlandırmaq, İslamın mənəvi, əxlaqi və bəşəri məqsədlərini xalqa çatdırmaq, İslam dini ilə bağlı süni və dürüst olmayan iddiaları aradan qaldırmaq, İslam anlayışını terrorizm və ekstremizmdən ayırmaq olduğu bildirildi. Həmçinin bildirilib ki, telekanal müsəlmanları siyasi məqsədlər üçün istifadə edən ekstremistlərin təsirindən qorumaq üçün ölkənin müxtəlif bölgələrində yaşayan müsəlmanlara din haqqında maarifləndirici verilişlər yayımlayacaq. Buna görə də Rusiya müsəlmanları yaxın gələcəkdə daha çox vəhhabi (Səudiyyə Ərəbistanının rəsmi məzhəbi) təbliğatına məruz qalacaqlar.

Rusiya islami qruplara aid KİV-nin bu günü və gələcəyi

Hazırda Rusiya Federasiyasında islam KİV sahəsi çox zəif və inkişaf etməmişdir. Bu məsələ digər dinlərin, o cümlədən pravoslav xristianların, yəhudilərin və protestantların mediasından daha çox nəzərə çarpır. Mövcud vəziyyətdə və Rusiyanın islami cəmiyyətinin təqiblərinə və yüksək vəzifəli rus məmurlarının həqiqi islami fikirlər irəli sürməyə müsbət münasibətinə baxmayaraq, Rusiya müsəlmanlarının vahid milli qəzet və ya jurnal, habelə federal səviyyədə radio və televiziya proqramları yoxdur.

Cümə günü yayımlanan “Müsəlmanlar” televiziya proqramı daha çox etnoqrafik xarakter daşıyır və İslam təlimlərini deyil, müsəlman qəbilələrinin adət-ənənələrini əks etdirir.

Geniş ictimaiyyət üçün ən yaxşı proqram kimi tanınan ortodoksal “Ruhani atanın sözü” kimi verilişlər də yalnız Tartarıstanda yayımlanır. Habelə, “Gecə xütbəsi” proqramı Tartarıstan Müsəlman Ruhaniləri Beynəlxalq İdarəsinin rəhbəri, xətib Cəmil Yuskayevin aparıcılığı ilə yayımlanır.

Demək olar ki, Rusiya Müsəlman Ruhanilərinə aid hər 57 idarənin öz qəzeti var və ya yaxın gələcəkdə qəzetə sahib olmaq istəyir. Adətən, bu nəşrlər ən çoxu ayda bir dəfə çap olur və az sayda tirajlanır və daha çox qeyri-dini internet və qəzetlərini xəbərlərini çap edirlər. Ruhani idarələrinin qəzetlərinin təqribən 40 faizdən çoxu etnik və daha çox tatar dillərində nəşr olur. Böyük dini idarələrin (Rusiyanın Avropa hissəsinin Müsəlman Ruhaniləri İdarəsi, Tatarıstan Respublikası, Dağıstan, Çeçenistan, Rusiya Müsəlman Ruhanilərinin Mərkəzi İdarəsi, Nijni Novqorod və Perm vilayəti) bir neçə nəşri var.

“Əs-Salam” və “Məlumat” qəzetləri

Müsəlman Ruhanilərinin təsis etdiyi qəzetlər arasında Dağıstan Müsəlmanları Ruhani İdarəsinin qəzeti “Əs-Salam” 47 min nüsxə ilə ən çox tiraja malikdir. Qeyri-müsəlmanlar Rusiyada Avropa Müsəlman Ruhaniləri İdarəsinin 10 min nüsxə nəşr etdiyi “Minbəri-İslam” qəzeti ilə daha çox tanışdırlar. Bu qəzetlər Rusiya Müftilər Şurasının rəsmi mətbu orqanı sayılır. Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin 1990-cı ildən “Məlumat” qəzetini bir neçə dəfə fasilələrlə nəşr etdirir. Qəzet 999 nüsxə ilə qeyri-müntəzəm şəkildə çap olunur. Rus və tatar dillərində çapdan çıxan “İman” qəzeti Tatarıstan müsəlmanlarının ən qədim nəşrlərindən sayılır. Ümumilikdə, Tatarıstan Respublikası Müsəlman Ruhaniləri İdarəsi və onun nəzdində olan qurumlar 20-dən çox qəzet və jurnal nəşr edir. Həmçinin Rusiya İslam Universiteti (Ferrum) və Kazan İslam Kollecinin (Əl-Mərcan) tələbələri tərəfindən qəzetlər nəşr olunur.

Nijni Novqorod ruhanilərinə məxsus “Mədinə əl-İslam” qəzeti tamamilə elektron şəkildə bütün maraqlananlar üçün əlçatandır. Bu bölgədə ildə bir dəfə nəşr olunan və dini elmlərdən söz açan “Peyğəmbərin mövludu” və “İslam” jurnalları da mövcuddur. Habelə, 1997-ci ildən 6 min tirajla nəşr edilən və Dağıstan Müsəlmanları Ruhani İdarəsinə yaxın “Nurul-İslam” (Mahaçqala) və İslam Konqresi Nəşriyyatına aid “Təfəkkür”, “İslam Peyki” (Mahaçqala) qəzetlərinin adlarını çəkmək olar. Həmçinin Dağıstan Müsəlmanları Ruhani İdarəsi “İslam”, Rusiya Müftiləri Şurası “Mənar” jurnallarını nəşr edir.

Rusiyada vəhhabi KİV-ləri

Rusiyada müsəlmanların çoxluq təşkil edən bölgələrində yerli radio və televiziyalarda İslamla bağlı verilişlər yayımlanır. Bu əməkdaşlıq Çeçenistan, Dağıstan, Tatarıstan, Qaraçay-Çərkəz, İnquşetiya və Orenburq regionlarında uğurlu davam edir. İslami qəzetlərin əksəriyyəti az sayda və təkrar edilmiş məzmununa görə müsəlmanların şüurunda o qədər də təsirli deyil. Eyni məsələ yüksək qiymətlər və zəif paylama şəbəkəsi səbəbindən daha az əlçatan olan jurnallara da aiddir. Bu vəziyyətdə internet KİV-ləri əsas mənbələrə çevrilib. Vəhabilərə aid bir neçə mətbuat orqanı vardır. Onlardan daha tanınmışları arasında “Əl-Qaf”, “İslam bayrağı”, “Dağıstan”, “Hikmət”, “Başqırıstan” qəzetlərinin adını sadalamaq olar.

Putin Rusiyanı dünyada İslamın əsas müdafiəçilərindən biri hesab edir

Hazırda Rusiya müsəlmanlarının rəhbərliyi iki ayrı strukturun öhdəsinədir: Rusiya Müsəlmanlarının Mərkəzi İdarəsi və Rusiya Müftilər Şurası. Bu iki dini qurumun rəhbərləri Rusiya dinlərinin məsələlərini araşdıran Rusiya Prezidenti yanında Dini İşlər Şurasının üzvləridir. Rusiya Müftilər Şurasının rəhbərliyi dörd ildən bir seçilir və hazırda Ravil Eynəddin bu ali islami qurumun sədridir.

Rusiya Müftilər Şurası təşkilatı daha vahid quruluşa malikdir və qərargahı Başqırdıstan Respublikasının Ufa şəhərində yerləşən Rusiya Müsəlmanları Mərkəzi İdarəsi ilə müqayisədə daha üstün mövqeyə yiyələnir. Bu şura bir neçə idarəçilik bölməsindən təşkil olunub. Onların arasında Qafqaz Müsəlmanları İşləri üzrə Koordinasiya İdarəsinin Asiya bölməsinin və Volqa müsəlmanların müsəlman idarələrinin müdirləri də var. Sovet İttifaqının dağılmasından sonra Rusiya müsəlman rəhbərləri İslami təhsil üçün Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla İslam ölkələrinə tələbə göndərmək ehtiyacını aradan qaldırmaq üçün çox səy göstərdilər. Rusiyada dini tələbələrin təhsili üçün Moskva, Sankt-Peterburq, Kazan (Tatarıstan Respublikasının paytaxtı) və Qroznıda dörd İslam universiteti fəaliyyət göstərir. Tatarıstan, Dağıstan və Çeçenistan da daxil olmaqla Rusiyanın müsəlman bölgələrində bir neçə İslam fondu və mədrəsələr də fəaliyyət göstərir.

Müsəlman təşkilatlarının həyatında baş verən müsbət dəyişikliklər dolayısı ilə demokratiya ilə bağlıdır

Rusiyada məscidlər davamlı olaraq artmaqdadır. Bugün faktiki olaraq ölkənin müsəlmanlar yaşayan bütün yerlərində dini qurumlar fəaliyyət göstərir. Məscid İslam təbliğatı, müsəlmanların dini tərbiyəsi, etiqadi məsələlərini öhdəsinə alır. Dini fəallar sərbəst şəkildə moizə etmək və təbliğ işlərini yerinə yetirirlər və dini təlimləri asanlıqla təbliğ edə bilirlər. Dini təşkilatlar və valideynlər də sərbəst şəkildə yeni nəslin tərbiyəsi ilə məşğul ola, övladlarını İslam qayda-qanunları əsasında yetişdirə bilirlər. İslami təşkilatlar islamçı xadimlər hazırlamaq imkanına malikdirlər. Unutmaq olmaz ki, 70 illik sovet hakimiyyəti dövründə Rusiyada müsəlmanların dini təhsili üçün heç bir qurum və yer yox idi.

Bunu da qeyd etmək lazımdır ki, Rusiya müsəlmanları həqiqətən də özlərini İslam dünyasının bir hissəsi kimi hiss edirlər. Rusiyada hər bir müsəlman şəxsin yaxşı qeyri-dini təhsili vardır. O, ən azından orta məktəb bitirmişdir. Məscidə gedən müsəlmanların çoxu ali təhsilə yiyələnmişdir. Digər tərəfdən, qəbul etmək lazımdır ki, Rusiyanın müasir müsəlmanları Avropa mədəniyyət dəyərləri atmosferində böyüyüblər. Ona görə də onların mənəvi istəklərini Şərqin ənənəvi dəyər və qaydaları ilə məhdudlaşdırmaq olmaz. Rusiya müsəlmanları müasir həyatda başqa dinlərin ardıcılları və etnik qrupların təmsilçiləri ilə iş fəaliyyətində və ünsiyyətdə olarkən, yaxud kitab oxuyarkən və filmlərə baxarkən qarşıya çıxan fəlsəfi-etiqadi suallara İslamda cavab tapmağa təlaş edirlər.

Rusiya hökumətinin müsəlmanlara baxışı

Rusiya hökumətinin də müsəlmanlara münasibətini çox dəyişib, onları müsəlmanları Rusiya vətəndaşlarının bir hissəsi kimi qəbul edib, belə ki, Putin Rusiyanı dünyada İslamın əsas müdafiəçilərindən biri hesab edir. Hətta, Moskva İslam Əməkdaşlıq Təşkilatında üzv olmağı irəli sürüb və HƏMAS rəhbərlərini Rusiyaya dəvət edib.

Ötən əsrin aparıcı müsəlman islahatçılarından olan İsmayıl Qasprinski yazır ki, Rusiya (çar) hökuməti “Rusiya İslamı” ilə bağlı heç bir prinsip və yol nəzərdə tutmamışdı və belə bir qərarın o dövr üçün daha yaxşı və lazımlı olduğu düşünülürdü. Müxtəlif dövrlərdə bu millətin (ruslar) müsəlmanlarla bir növ hansısa şəkildə əlaqəsi olub – istər müharibə şəklində, istər müsəlmanların Rusiyaya kütləvi köçü və ya hər hansı digər bir şəkildə, hər biri öz növbəsində İslama və müsəlmanların həyat tərzinə baxışda təsir göstərmişdir.

Nəticə

İslama mənfi baxışın formalaşmasında Rusiyanın coğrafi maraqları da az rol oynamayıb. Bu vəziyyətdən çıxmağın bir həll yolu vardır və o da budur ki, Rusiya bugün İslam və müsəlmanlarla münasibətdə, İslamın qərəzsiz qiymətləndirilmə siyasətində, müsəlmanların mənafeyini və şəraitini dəyərləndirməkdə, cəmiyyətdə beynəlxalq və dinlərarası münasibətlərin qurulmasında siyasətin bütün hüquqlarını nəzərə almalıdır. Rusiya Müftilər Şurası bu siyasətlərin formalaşdırılması və həyata keçirilməsində fəal iştirak etməyə hazırdır. Araşdırmalar göstərir ki, Rusiyanın İslam dünyası ilə əlaqələrinin genişləndirilməsinin yaxşılaşdırılması Rusiyanın gələcəyində xüsusi əhəmiyyət kəsb edəcək. Bu məsələ cəmiyyətin İslam və onun ümmətə, müsəlmanların davranışlarına necə təsir etdiyi barədə düzgün təsəvvürə malik ola bilməsi ilə başlamalıdır. Təəssüf ki, Rusiya əhalisinin qeyri-müsəlman hissəsi indi İslam haqqında yanlış təsəvvürə malikdir.

Seçilmiş mənbələr:

Əbuzər, İbrahimi Türkman, “Sovet İttifaqı və Rusiya Federasiyası arasındakı fərqlər və oxşarlıqlar”, İttilaat nəşri, 1395.

Professor və beynəlxalq əlaqələr üzrə analitik doktor Firuzə Radfər və

beynəlxalq münasibətlə üzrə tədqiqatçı Seyid Mahmud Kamalaraya (Zəkəriyyə) tədqiqat işləri üzrə verdikləri məsləhətlərə görə təşəkkür edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button