ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Lənkəran sakini: “Mənim övladım hərbi xidmətə bu vəziyyətdə getməmişdi axı”

Habil Səmədov: “Xahiş edirəm, dövlət məsuliyyətini nəzərə alsın…”

Qafqaz Həqiqətləri agentliyi “Meydan tv” ə istinadən xəbər verir ki,Lənkəran rayonunun Osaküçə kənd sakini Habil Səmədovun 19 yaşlı oğlu Rəvan Səmədov hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında (“Papanin” hospitalı) müalicə olunur. Atası deyir ki, 2022-ci ilin oktyabrında oğlunu hərbi xidmətə yola salanda səhhətində problemi yox idi.

“Mən sağlam oğul yola salmışdım”

“Mən hərbi xidmətə sağlam oğul yola salmışdım. Əsgərlikdən əvvəlki videoları, şəkilləri var. Heç üstündən altı ay keçməyib, övladım nə vəziyyətdədir. Əvvəldən xəstə olsaydı, onu heç aparmazdılar…”, – Habil Səmədov danışır.

Onun sözlərinə görə, Rəvanın xəstəliyilə bağlı dəqiq diaqnoz haqda məlumatı yoxdur. Çünki hospitalın həkimləri bu barədə ona məlumat verməyib.

Habil Səmədov deyir ki, oğlunun hərəkət və nitqində ciddi problemlər yaranıb – kəkələyir, tez-tez qıcolmalar yaşanır.

Rəvan Səmədov 2022-ci il oktyabrın 4-də Lənkəran Hərbi Komissarlığından Gəncədəki N saylı hərbi hissəyə xidmət göndərilib. Karantin dövrünü orada keçib. Təxminən ayyarım sonra ailə üzvləri onun yanına gedəndə Gəncədə xəstəxanada olduğunu biliblər. Bir müddət orada müalicə olunub. Sonradan hərbi xidmətini davam etdirmək üçün Goranboydakı N saylı hərbi hissəyə göndərilib.

“Komandirə demişdim ki, bu adamda tutmalar var”

“Arada 15 günlük evə məzuniyyətə göndərdilər. Gördüm ki, bu, mənim əsgər yola saldığım uşaq deyil. Sonra yenə Goranboya qaytarılmışdı. Hərbi hissədə vəziyyəti yenidən pisləşdiyinə görə evə göndərmişdilər. Bu dəfə onu iki əsgərlə birlikdə göndərmişdilər, tək buraxmamışdılar. Mənə də zəng elədilər ki, qarşısına çıxım. 15 günlük məzuniyyətə gələndə də komandirə demişdim ki, bu adamda tutmalar var. Amma sözümə baxmadılar, qaytardılar hərbi hissəyə. Sonra gördülər ki, mümkün deyil, gətirdilər “Papanin” hospitalına…”, – Habil Səmədov bildirib.

Rəvan Səmədov martın 12-dən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunur. Atasının sözlərinə görə, onda psixi problemlər də müşahidə olunur. Son vaxtlar temperaturu da yüksəkdir:

“Narahatam ki, məni yubadarlar”

“Çox narahatam ki, məni yubadarlar, aldadarlar. Ona görə xahiş edirəm, dövlət bu məsələdə məsuliyyətini nəzərə alsın, tədbir görsün. Əgər burada müalicəsi mümkün deyilsə, vaxtında xarici ölkəyə göndərsin.Təki övladım sağalsın. Mənim övladım hərbi xidmətə bu vəziyyətdə getməmişdi axı…”.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalından Rəvan Səmədovun durumu haqda məlumat verməkdən imtina ediblər: “Xəstələr haqqında məlumatlar konfidensialdır və heç kimə məlumat verilmir. Ümumiyyətlə isə bütün xəstələrə nə lazımdırsa, olunur”.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button