ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Korrupsiyaya bulaşmış məmurlar azad olunub”

Hüquq müdafiəçiləri və siyasətçilər sərəncamı birmənalı qarşılamırlar

 

Prezident İlham Əliyevin mayın 8-də imzaladığı əfv sərəncamı 801 məhkuma şamil olunub.
Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Meydan TV-yə danışan hüquq müdafiəçiləri sərəncama müxtəlif yanaşmalar sərgiləyiblər.
“Hakimiyyətin insan haqlarına qarşı niyyəti bəllidir”
Məsələn, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov əfv sərəncamından narazıdır.
Onun sözlərinə görə, onların siyahısında 180 məhbusun adı var:
Mən, ümumiyyətlə, imzalanan sərəncamdan çox narazıyam. Çünki siyasi məhbus problemi yenə də qalır, amma korrupsiyaya bulaşmış keçmiş məmurlar əfv olunub, məsələn, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov…”.
Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov
Foto: Elşən Həsənovun şəxsi arxivindən
E.Həsənov deyir ki, hökumətin formalaşdırdığı Əfv Komissiyası dövlət başçısına siyahı təqdim edir, ancaq həmin siyahıda nə ömürlük məhbusların, nə də siyasi məhbusların adı olur:
Elçin Əmiraslanov 25 ildən çoxdur ki, məhbus həyatı yaşayır və heç vaxt daxili qaydaları pozmayıb. Yaxud dindarlar var ki, illərdir həbsdədir… Elə buna görə də biz komissiyaya siyahı təqdim etmədik, çünki hakimiyyətin insan haqlarına qarşı niyyəti bəllidir”.
Bakı İnsan Hüquqları Klubunun sədri müsbət qiymətləndirir…
Bakı İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov sərəncamı müsbət dəyərləndirib:
“801 nəfərin əhatə edən sərəncam nəticəsində 463 məhbus birbaşa azad edilir, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb”.
Foto: Rəsul Cəfərovun şəxsi arxivindən
Rəsul Cəfərov Əfv Komissiyasına 50 nəfərlik siyahı təqdim etdiklərini bildirib:
“Bizim siyahıdan 10 məhbus əfv edilib, 9-u birbaşa azad edilib. Ancaq “Tərtər işi”nə görə həbs olunan İsmayıl Hüseynovun cəzası yarıya endirilib. Əlbəttə, istərdik ki, daha çox məhbus əfv olunsun, siyahımızda “Tərtər işi”, “Gəncə işi” ilə bağlı xeyli məhbus var ki, əfv olunmadı, yaxud ömürlük azadlıqdan məhrum olunanlar həbsdə qaldı. Bundan sonra həmin insanların azad olunması istiqamətində çalışacağıq”.
“Siyasi məhbus problemi danışıqlar predmetindən çıxarılıb”
“Müdafiə Xətti” Təşkilatının təmsilçisi Rüfət Səfərov sərəncamı mənfi qiymətləndirib:
Əslində, fərqli sərəncam gözləyirdim. Amma nə baş verdi: 3 korrupsiyaya görə həbs olunan məmur əfv olunub və 2 siyasi məhbus. Onlardan biri – Elçin Məmmədlə bağlı ABŞ Dövlət Departamenti kampaniyaya başlamışdı və azad olunmağına 3-4 ayı qalmışdı. Ömürlük cəza çəkən Elçin Əçmiraslanov və digərləri, yaxud İlham Aslanoğlu, Abid Qafarov həbsdə qaldı”.
Rüfət Səfərov
Foto: Rüfət Səfərovun şəxsi arxivindən
Rüfət Səfərov yaranmış mənzərənin səbəbini beynəlxalq təşkilatların hökumətə təzyiqinin olmamasında görür:
“8 may əfv sərəncamı 2019-cu ilin martında imzalanan sərəncamdan zəifdir, o vaxt 51 siyasi məhbus əfv olundu. Çünki Avropa Birliyinin təzyiqləri yetərincəydi. Görünür, indi geopolitik şərtlər dəyişdiyindən siyasi məhbus problemi danışıqlar predmetindən çıxarılıb”.
İnsan Haqlarının Monitorinq Qrupunun üzvü Səadət Bənənyarlı Əfv Komissiyasına təqdim etdiyi siyahıda 29 məhkumun olduğunu, ancaq onlardan 3 nəfərin əfv edildiyini bildirib:
Səadət Bənənyarlı
Foto: Meydan TV
“Bununla belə, mən bütün əfv sərəncamlarını müsbət qiymətləndirirəm. Çünki kimliyindən asılı olmayaraq azad olunanların ailələri sevinir. Təbii ki, biz ictimaiyyətin diqqətində olan məhbuslar azad edilməsini gözləyirik və istəyirik”.
“İlham Əliyevin sərəncamı “yarımçıq əfv”dir…”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli deyir ki, İlham Əliyevin əfv sərəncamı başdan-ayağa ictimaiyyətə hörmətsizlikdir.
AXCP sədri bu barədə “Facebook” hesabında yazıb.
O hesab edir ki, siyasi məhbusların azadlığa buraxılmaması hakimiyyətin repressiya siyasətinə sadiq qalmasından xəbər verir:
“Əvvəla, ona görə ki bu günlərdə hər hansı əfv sərəncamı olacaqdısa, bu, 28 Mayda –  dövlətimizin qurulmasının 105-ci ildönümü münasibətilə olmalı idi. Dövlətin quruluş yubileyi necə ata yubileyinə qurban verilə bilər? Bu sərəncam ailə hakimiyyəti maraqlarını dövlət maraqlarının önünə keçirməyin parlaq nümunəsidir. İkincisi, ölkənin həbsxanalarında 100 nəfərdən xeyli artıq siyasi məhbus varkən, əfv sərəncamı ilə  801 məhbus azad edilirkən, yalnız 2 nəfər siyasi məhbusun azad edilməsi  rejimin repressiya siyasətinə sədaqətinin nümayişidir”.
Əli KərimliFoto: Meydan TV
“Yeri gəlmişkən, əfv sərəncamı ilə azad ediləcək siyasi məhbuslar Əli Əliyev və Elçin Məmmədi təbrik edirəm. Bu “əfv” sərəncamı  həm də onun mesajıdır ki,  İlham Əliyev zorla, həbslə, repressiya ilə idarə etmək siyasətindən məcbur olmadıqca  imtina etməyəcək. Ancaq məcbur olanda o, xeyli siyasi məhbusu bir sərəncamla azad edə bilir”, – Əli Kərimli qeyd edib.
Əli Kərimli İlham Əliyevin imzaladığı sərəncamı “yarımçıq əfv” adlandırıb:
Bu yarımçıq əfv sərəncamı bir də İlham Əliyevi alqışlaya-alqışlaya tədrici islahatlara sövq edəcəyini iddia edən bəzi beynəlxalq dairələrin də yanaşmasının səhv olduğunu ortaya çıxardı”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button