ArxivXəbər lentiXəbərlər

ABŞ Dövlət Departamenti: Azərbaycanda 10 jurnalistdən 9-na edilən fiziki hücum cəzasız qalır

Arif Əliyev: ”Dövlət Departamenti çox böyük məlumat bazasına malikdir”

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Jurnalistlərə Qarşı Cəzasızlığa Son Qoymaq Uğrunda Beynəlxalq Gün münasibətilə bəyanatla çıxış edib.

Heather Nauert bildirib ki, jurnalistlər bütün cəmiyyətlərdə insanların həyatına təsir göstərən məsələləri işıqlandırmaq naminə şəxsi risklərə gedirlər:

“Onlar səlahiyyətdən sui-istifadə, korrupsiya hallarına işıq saçır, transmilli kriminal qruplaşmalardan qaynaqlanan təhlükələri ifşa edir, dezinformasiya və saxta hekayələrin qarşısını alırlar”

Məlumatı “Amerikanın səsi” yayıb.

Heather Nauert adını çəkdiyi ölkələr sırasında Azərbaycan da yer alıb:

“Azərbaycanda 10 jurnalistdən 9-na edilən fiziki hücum cəzasız qalır”.

Departamentin sözçüsü Rusiya, Türkiyə, İraq və Suriyanın bu sırada olduğunu qeyd edib.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Heather Nauertin Azərbaycanla bağlı fikirlərini Meydan TV-yə təsdiqləyib.

Arif Əliyev deyir ki, Azərbaycanda jurnalistlərə qarşı çox kobud hücum faktları, hətta onların həyatının itirilməsi ilə nəticələnən aktlar cəzasız qalır:

“Dəfələrlə bu məsələ bizim tərəfimizdən də qaldırılıb. Elmar Hüseynovun, Rafiq Tağının qətlləri, Bahəddin Həziyevin şikəst edilməsi, onunla bərabər fəaliyyətindən çəkindirilmiş jurnalistlər var. Bunların 99 faizi cəzasız qalıb. Baxmayaraq ki, jurnalistlərə hücum edənlərin şəkilləri də müvafiq qurumlara təqdim edilib. Ona görə məhz Azərbaycanla bağlı hissə bizim mövqedən elə də fərqlənmir”.

Arif Əliyev foto Meydan TV
Arif Əliyev 

Arif Əliyev Azərbaycanı başqa ölkələrlə bir sıraya qoyulması məsələsinə belə reaksiya verdi:

“Hər bir ölkənin vəziyyəti ilə yaxından tanış olmadığımdan fikir yürüdə bilmərəm. Ancaq ABŞ Dövlət Departamenti kiçik jurnalist təşkilatı deyil, çox böyük məlumat bazasına malikdir və siyasi məsuliyyəti dərk edərək belə bəyanat yayır”.

12 ildən çoxdur ki, jurnalistlərə qarşı basqıların monitorinqini aparan, onların müdafiəsi sahəsində çalışan media hüquqçusu Xalid Agaliyev isə deyir ki, ABŞ rəsmisinin açıqlaması reallıqdan azacıq fərqlidir.

“Əslində vəziyyət bir qədər də pisdir. Bu illər ərzində apardığımız araşdırmaların nəticəsi bundan ibarətdir ki, hər yüz basqı olayından ən yaxşı halda ikisi araşdırılır, günahkar pis-yaxşı cəzasını alır. Yerdə qalan olaylar ölkə içində araşdırılmır. 2005-ci ildən bu yana Azərbaycanda jurnalistlər peşə fəaliyyətini yerinə yetirərkən ən azı 500 dəfə təzyiqə məruz qalıblar. Hüquq mühafizə qurumlarının araşdırdıqları işləri düşündüyümüzdə, yadımıza dərhal iki hadisə düşür. “Lider” telekanalının əməkdaşına Müsavat Partiyasının qarşısında xəsarət yetirilməsi olayı araşdırılmışdı. Digər hadisə “Azadlıq” qəzetinin hazırda mühacirətdə olan əməkdaşı Aqil Xəlilə qarşı zorakılığın araşdırılması olayıdır. Həmin işdə də araşdırma jurnalistin gözdən salınmasına xidmət etmişdi”.

Xalid Ağaliyev foto Meydan TV
Xalid Ağaliyev 

X.Ağaliyev Azərbaycanda jurnalistlərin müdafiəsiz olmasını təsdiq edən nümunə gətirir:

“Azərbaycanın cinayət qanunvericiliyi jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə, cinayət cəzası nəzərdə tutur. 20 ildən artıqdır ki, Cinayət Məcəlləsində belə maddə var, 500-dən artıq təzyiq olayı baş verib, ancaq bir dəfə də olsun, bu maddə tətbiq edilməyib. Bütün bunlar aydın şəkildə göstərir ki. Azərbaycanda jurnalist fəaliyyətinin qorunması mexanizmi yoxdur və beynəlxalq qurumların narahatlıqları obyektiv əsaslara söykənir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button