ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ötən il Gürcüstana gələn turistlərin sayı Azərbaycan və Ermənistana gələnlərin cəmindən 1.6 dəfə çox olub

Hər üç ölkəyə gələnlər arasında Rusiya vətəndaşları üstünlük təşkil edir

2023-cü ildə Gürcüstanı 7,1 milyon turist ziyarət edib.
Ən çox ziyarətçi – 1,2 milyon nəfər Rusiyadan gəlib. Bu, ümumi ziyarətçilərin 23,2 faizidir.
Bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında deyilir.
Gürcüstana gələnlər arasında ikinci yeri 21,4 faizlə Türkiyə vətəndaşları tutub. Üçüncü yerdə isə 13,5 faizlə Ermənistan qərarlaşıb.
Gürcüstanın 2023-cü ildə qəbul etdiyi turist sayı 2022-ci ildəkindən 31.2 faiz (həmin il 6,2 milyon turist gəlmişdi) çox olub.
Hər turistin Gürcüstanda orta hesabla 2097 lari (1341 manat) xərclədiyi bildirilir.
Ermənistana isə 2023-cü ildə 2,3 milyon turist gəlib.  Bunun indiyədək olan ən yüksək göstərici olduğu bildirilir.
Ermənistan Turizm Komitəsinin rəhbəri Sisian Poqosyan deyib ki, rəqəm 2019-cu illə müqayisədə 20, 2022-ci illə müqayisədə isə 32 faiz çoxdur.
Gələnlərin 50 faizi Rusiyadan, 11 faizi Gürcüstandan, 6 faizi İrandandır. Həmçinin Çin ilk dəfə Ermənistana gələn turistlərin sayına görə ilk onluğa daxil olub.
Hər xarici turistin orta hesabla Ermənistanda 1200 dollar (2043 manat) xərclədiyi bildirilir.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ildə ölkəyə dünyanın 187 ölkəsindən 2085,8 min və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox turist gəlib. Gələnlərin 30 faizi Rusiya Federasiyası, 18,1 faizi Türkiyə, 7,9 faizi İran, 5,6 faizi Hindistan, 5 faizi Gürcüstandan, qalanı isə digər ölkələrdən gələnlərdir.
Rəqəmlərdən görünən odur ki, 2023-cü ildə Gürcüstana gələn turistlərin sayı Azərbaycan və Ermənistana gələn turistlərin cəmindən 1.6 dəfə çoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button