Qafqaz.ir-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilinin cənubunda açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib.
Fələstin Səhiyyə Nazirliyindən verilən bəyanata görə, Halil şəhəri yaxınlığındakı Beyt Əmmar qəsəbəsində işğalçı qüvvələrin açdığı atəş nəticəsində ağır yaralanan Fələstin vətəndaşı dünyasını dəyişib.
Fələstin Qızıl Aypara Cəmiyyətinin daha əvvəl yaydığı bəyanatda Halil şəhəri yaxınlığında baş verən qarşıdurmada yaralanan 22 nəfərə tibbi müdaxilənin edildiyi bildirilmişdi.
Şahidlərin sözlərinə əsasən, Beyt Əmmar qəsəbəsinə basqın edən İsrail əsgərləri ilə onların qarşısını almağa çalışan onlarla fələstinli arasında qarşıdurma baş verib. İsrail ordusu basqının qarşısını daşla almağa çalışan fələstinli gənclərə həqiqi və rezin güllələrlə, həmçinin gözyaşardıcı qazla müdaxilə edib.