ArxivXəbər lentiXəbərlər

ÜMÜMDÜNYA HİCAB GÜNÜNƏ BİZDƏ QATILAQ

İslami dəyərlərə total hücumlar davam edir

 Feralın 1-i Ümümdünya Hicab Günüdür. Bu tədbir artıq üçüncü ildir ki, təşkil olunur.   Əsas məqsəd isə qarşılıqlı anlaşma və sülhün təşkil olunması, həmçinin, hicab vasitəsi ilə qlobal dini tolerantlığın yayılmasıdır.

  Ümümdünya Hicab Günü təşəbbüsünü ilk dəfə olaraq Nyu-York sakini Nazma Xan irəli sürülüb. Hər il bu tədbirdə iştirak edənlərin sayı artır. Hətta bundan sonra bir çoxları İslam dinini qəbul edərək hicab bağlayıb. Tədbirin çoxsaylı iştirakçıları fevralın 1-də  qeyri-müsəlmanlardan və hicab geyinməyən müsəlman xanımlardan bir günlük hicab bağlamalarını xahiş edib. Həmin gün bütün dünyada 10 milyon insanın bu aksiyaya qatılacağı gözlənilir. Təbii ki, bu tədbir islamofobiyanın geniş yayıldığı bəzi xristian ölkələrində hicaba qarşı radikal mövqe tutan insanlara etiraz olaraq keçirilir.

 Demokratik dəyərləri əlində bayraq edən bir çox Qərb dövlətlərində irqçilik, dini ayrı-seçkilik kimi qeyri-demokratik ənənələr çoxdan mövcuddur və təbii olaraq belə hallara qarşı təkcə müsəlmanlar deyil, dünyanın tərəqqipərvər ictimaiyyəti də öz etiraz səsini qaldırır, İslamafobiya hallarına qarşı mitinq və yürüşlər keçirirlər. Amma ədalət naminə qeyd etmək lazımdır ki, söz azadlığı Qərb dünyasında yüksək tutulan dəyərlərdəndir və öz etiraz hüququndan istifadə edərək dinc aksiya keçirənlər heç bir halda həbsə atılmırlar.

 Amma müsəlman ölkəsi olan Azərbaycanda, 2009-cu ildə İslam mədəniyyətinin mərkəzi seçilən paytaxt Bakıda islamafobiya xristian ölkələrindən daha geniş yayılıb. Bu, əsassız ittiham deyil və real faktlara söykənir. Əgər bir İslam ölkəsində dindarlar təqib olunursa, məscidlər sökülürsə, hicablılar təhsil müəssisələrinə buraxılmır və ya işdən qovulursa, bu elə islamafobiyanın ən böyük təzahürüdür. Elə uzağa getməyək, xristian qonşumuz Rusiyanı götürək. Bəlkə də, Moskvada və ölkənin başqa şəhərlərində daha çox məscidlər var, nəinki Bakıda. Rusiyanın tədris müəssisələrində də qızlar hicab bağladıqlarına görə məktəbdən çıxarılmırlar.

  Bakının İslam mədəniyyəti paytaxtı elan edildiyi ildə müsəlmanlar xoş olmayan olaylarla daha çox üzləşdilər. Həmin il məscidlər qapandı, söküldü, dağıdıldı. Halbuki dünyəvi dəyərlərə daha çox önəm verildiyi Türkiyədə hər məhəllənin özünün məscidi var. İnsanlar namaz qılmaq üçün şəhərin bu başından o biri başına yollanmırlar.

 Təhsil müəssisələrində də hicab qanunsuz olaraq qadağan olundu. Azanın yüksək səslə verilməsi yasaq edildi. Özünü tolerant adlandıran bir ölkədə İslama qarşı olan bu hücumlar istər-istəməz etirazlar doğuracaqdı və doğurdu da…

 Dindarlar ölkə qanunlarında təsbit olunmuş söz, vicdan azadlığını əsas tutaraq dinc nümayişlər keçirdilər,  bu qanunsuz halları pislədilər və hicablılara qarşı total hücumlara son qoyulmasını tələb etdilər. Nə baş verdi?

 Ölkənin tanınmış ruhani alimləri, ziyalılar, bir cox dindarlar şərlənərək həbsə atıldılar. Dindarlara qarşı bu repressiya dalğası bu gün də davam edir. Hicablılara qarşı da münasibət dəyişməyib, əksinə daha da pisləşib. Qızlar baş ötüklərini açmadıqlarına görə siniflərindən çıxarılır, qanunsuz olaraq təhsildən kənarlaşdırılırlar. Hicablı qadınlar iş tapmaqda daha çox çətinlik çəkirlər. İşləyənlərin çoxunun qarşısına isə 2 şərt qoyulur- ya başlarını açmalı, ya da ərizələrini yazıb işdən getməlidirlər. Cox qəribədir ki, bəzi  qadınların az qala yarıçılpaq gəzmələri, əxlaqsızlıq aşılamaları çox zaman müdiriyyəti qətiyyən narahat etmir, amma hicablı qadınları ofislərində və ya  idarə və müəssisələrdə görmək istəmirlər.

 Azərbaycan Silahlı Qüvvələrində namaza rəsmən qadağan qoyulmasını rəhbərlik onunla əsaslandırdı ki, hərbçi hər an döyüşə hazır olmalıdır və düşmənin həmləsi istənilən məqamda baş verə bilər. Amma maraqlıdır, hərbi qospitalda hicablıların işdən çıxarılması hansı məntiqlə izah olunur? Hicab tibb bacısı və ya xadimənin işinə nə maneçilik törədə bilər? Bu sullara cavab axtarmağın özü belə absurddur, cünki buna da məntiqsiz bəhanələrin əsas gətiriləcəyi şübhə doğurmur.

 Məhkəmə sisteminin müstəqil fəaliyyət göstərdiyi istənilən ölkədə əsassız olaraq işdən çıxarılan hicablı xanım hüquqi yollarla öz haqqını tələb edərək yenidən öz iş yerinə qayıda bilərdi. Hələ üstəlik, mənəvi zərərə görə, məhkəmə təzminat ödənilməsi ilə bağlı da qərar çıxarıb ədaləti təmin edəcəkdi. Amma təəəssüf ki, bizdə məhkəmlər müstəqil deyil və sifariş əsasında qərar çıxarırlar…

 Nazilə Nəriman

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button