ArxivXəbər lentiXəbərlər

Qarabağa qanunsuz səfərlər sülhü yox, müharibəni yaxınlaşdıracaq

Qonşu ölkənin ərazisinə soxulub oradan sülh çağırışı etməyin yalnız bir adı var; Ermənistanda hakimiyyət dəyişsə də, düşmənin ucuz PR taktikası dəyişməyib; sülhün formulu isə çoxdan bəllidir…

İşğalçı Ermənistanda inqilab sonrası qeyri-müəyyən situasiya davam edir. Qarabağ danışıqları, bütövlükdə sülh, yoxsa müharibə seçimi indi xeyli dərəcədə düşmən ölkədəki daxili ictimai-siyasi proseslərin necə inkişaf edəcəyindən asılıdır. Şübhə yox ki, bu proseslər aydınlaşmayınca, Ermənistanda faktiki, ikihakimiyyətlilik başa çatmayınca, Dağlıq Qarabağa dair hansısa ciddi danışıqlardan söz açmağa dəyməyəcək.

Eləcə də ilin sonuna iki ölkə XİN başçıları arasında nəzərdə tutulan daha bir görüşün nəticə verəcəyi inandırıcı görünmür. Hələlik isə baş nazir Nikol Paşinyan öz hakimiyyətinin legitimliyinə və şəriksizliyinə nail olmaq üçün növbədənkənar parlament seçkilərinin bu ilin dekabrında keçirilməsinə çalışır. Bundan ötrü əsas siyasi qüvvələrlə mübarizəsini davam etdirir.

Bu mübarizənin nə ilə bitəcəyi barədə analitiklər müxtəlif fikirlər səsləndirirlər. Onların arasında Paşinyanın tezliklə iqtidardan devriləcəyi haqda proqnozlar da var.

*****

Bu arada baş nazir Nikol Paşinyan öz əsas hədəfinə doğru yolda mühüm uğura nail olub. Belə ki, srağagün o, parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanla dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb. Bu, o deməkdir ki, keçmiş prezident Serj Sərkisyanın nisbi çoxluqda olduğu indiki parlamentin buraxılmasına müqavimət göstərən koalisiyanı parçalaya bilib. Dünən isə Paşinyanın daşnaklarla anlaşması gözlənilirdi.

Erməni baş nazir eyni gündə Serj Sərkisyanı və partiyasını hədələyib (virtualaz.org). “Ermənistanın Respublikaçılar Partiyası mövcud siyasi vəziyyəti dərk etməməkdə israrlıdır və ölkədə gərginliyin artmasına şərait yaradır”. Bunu o, jurnalistlərə açıqlamasında deyib.

KİV nümayəndələrinin “Respublikaçılar baş nazir postuna öz namizədini irəli sürəcəyini istisna etməyib” ifadəsini şərh verən Paşinyan buna imkan verməyəcəyini bildirib. “Sanitek” (Sərkisyanın keçmişdə santexnik işləməsinə işarə edilir – red.) zibilxanasından çıxmaq olar, amma tarixin zibilliyindən yox. Gəlin, fantastika janrında fərziyyə qurmayaq. Çünki xalq və biz heç kimə bu imkanı verməyəcəyik. Əgər kimsə xalqa problem yaratmaq rolunu öz üzərinə götürmək və xalqa mane olmaq qərarına gəlibsə, xalq özü həmin problemin ləğvi yolunu tapacaq. Mən özümü bu prosesin qarantı hesab edirəm”, – deyə Paşinyan bəyan edib.

Ermənistanın baş naziri onu da əlavə edib ki, dekabrda erkən seçkilər naminə nə zaman istefa verəcəyini hələ dəqiqləşdirməyib. Lakin ölkə parlamenti əslində de-fakto buraxılıb və onun fəaliyyətinin indi, sadəcə, de-yure dayandırılması qalır.

*****

Ermənistandakı daxili qeyri-sabitliyin və siyasi qarşıdurmanın fonunda baş nazirin arvadı Anna Akopyanın bir neçə rusiyalı qadınla qanunsuz şəkildə işğal altındakı Dağlıq Qarabağa gedərək, guya sülhə dəstək naminə çağırış eləməsi də diqqət çəkir. Şübhə yox ki, bu cür hərəkətlər sülhdən daha çox, müharibəyə xidmət edir. Çünki Azərbaycan və erməni xalqları arasında barışığı bir az da əlçatmaz edir, separatizmi şirnikləndirir, Azərbaycan XİN-dəki “qara siyahı”nı daha da uzatmış olur.

Qonşu ölkənin ərazisinə soxulub, oradan ona sülh çağırışı eləmək, yumşaq desək, siyasi riyakarlıqdır. Qarabağda sülh istəyən Akopyan-Paşinyan cütlüyü öz övladını Azərbaycana “hərbi xidmətə” göndərməzdi. Qısası budur ki, xanım Akopyanın hərəkəti ən əvvəl başı seçki məsələsinə qarışmış əri Nikol Paşinyan üçün PR düzəltmək, guya təzə hökumətin müharibə istəmədiyi, müharibəni yalnız Azərbaycanın arzuladığı haqda dünyada yanlış rəy yaratmaqdır.

Sülhün formulu isə çoxdan məlumdur. Akopyan da, Paşinyan da yaxşı bilir ki, Azərbaycan öz torpaqlarında heç vaxt ikinci erməni dövlətinin yaradılmasına razı olmayacaq. İki ölkə arasında daimi sülh yalnız bu şərtin altında mümkündür. Əks halda, enində-sonunda böyük müharibə qaçılmaz olacaq.

*****

“Sülh çağırışı edən şəxs ilk növbədə oğlunun hətta Ermənistanın işğal etdiyini təsdiqlədiyi Füzuli rayonuna hərbi xidmətə göndərilməsinə etiraz etməlidir”. Bu sözləri Anna Akopyanın irəli sürdüyü “Qadınlar sülh naminə” təşəbbüsü çərçivəsində Rusiyadan bir qrup qadınla birlikdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirən deputat Aytən Mustafayeva deyib (axar.az). Deputat bildirib ki, Ermənistan rəhbərliyi indi də həyat yoldaşı vasitəsilə “humanitar missiya” adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər təşviq etməklə öz yalanlarına bəraət qazandırmağa çalışır.

“Hamı başa düşür ki, sülh çağırışını Azərbaycanın ərazi bütövlüyünü pozmaqla, Qarabağa qanunsuz səfərlə etmək heç bir normal məntiqə sığmır. Çünki o torpaqlar Azərbaycanındır və işğal altındadır. İşğal etdiyin torpağa öz oğlunu hərbi xidmətə göndərib, sonra da gəlib bütün dünya tərəfindən Azərbaycanın ərazisi olaraq qəbul edilən bölgədən ”sülh çağırışı” etmək hansı zehniyyətdir? Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğal edildiyini hətta Ermənistan özü də təsdiqləyir və buranı guya “təhlükəsiz zona” olaraq saxladığını bildirir. Sülh çağırışı edən şəxs oğlunun ilk növbədə işğalını etiraf etdiyi bir əraziyə – Füzuli rayonuna hərbi xidmətə göndərilməsinə etiraz etməlidir. Sən oğlunu işğaldakı torpaqları əlində saxlamaq üçün göndərəcəksən, sonra da gəlib işğal etdiyin torpaqdan “təmas xəttinin bu tərəfinə” sülh çağırışı edəcəksən – bu, tarixdə görünməmiş bir “siyasət”dir”, – deyə o qeyd edib.

Deputatın sözlərinə görə, Akopyanın “humanitar missiya” adı altında Qarabağa qanunsuz səfəri əslində başqa bir dövlətin torpaqlarının zəbtini, işğalı etiraf etməkdir: “Akopyan hansı haqla ”Qadınlar sülh naminə” təşəbbüsü ilə çıxış edərək bir qrup rus qadınlarla Qarabağa qanunsuz səfərlər təşkil edir? Bu hadisənin özü belə ermənilərin Azərbaycan ərazilərini işğal etdiyini açıq sübuta yetirir”.

Ancaq erməni də erməni olmazdı əgər öz yalanını dünyaya gerçək kimi sırımaqda davam eləməsəydi. Belə görünür ki, Ermənistanda hakimiyyət dəyişsə də Qarabağdan ucuz PR kimi istifadə taktikası dəyişməyib. (musavat.com)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button