ArxivMüsahibəXəbərlər

İŞİD terrorçularına ABŞ hərbçiləri təlim keçib

Zərdüşt Əlizadə: “Qərb heç vaxt ermənilərə siyasi, maliyyə və mənəvi dəstəkdən əl çəkməz”.

Bir müddət bundan əvvəl AŞPA, bu günlərdə isə ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında bölgəmizdəki münaqişələrlə bağlı ciddi polemikalar oldu, qərarlar qəbul edildi. Əsasən Ukrayna böhranı və Yaxın Şərqdəki son olaylara daha çox diqqət çəksə də, Qarabağ münaqişəsi də diqqətdən kənar qalmadı. Bu baxımdan müzakirə olunan məsələlər, gələcək perspektivlər və Yaxın Şərqdə baş verənləri politoloq Zərdüşt Əlizadə ilə müzakirə etdik.
Bugun.az saytı bizimyol.info-ya istinadən həmin müsahibəni təqdim edir:

– Zərdüşt bəy, son zamanlar həm Avropa Şurasında, həm də ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında regiondakı münaqişələrlə bağlı ciddi polemikalar oldu, qərarlar qəbul edildi. Bu qərarların vəziyyətin dəyişməsinə nə dərəcədə təsiri ola bilər?

– Əvvəla, siz heç vaxt ATƏT-in nizamnaməsini unutmayın. ATƏT elə bir beynəlxalq təşkilatdır ki, orada toplaşan dövlətlər bütün qərarları konsensus əsasında qəbul edirlər. Yadınıza salmaq istəyirəm ki, Heydər Əliyev Lissabondan qayıdandan sonra, təxminən altı ay ərzində xalqımıza ATƏT-in strukturu, iş fəaliyyəti və sair barədə müfəssəl məlumat verdi. O vaxtdan hamı bilir ki, ATƏT heç bir problemi həll edə bilməz. Qəbul edilən qərarların da hamısı yalnız tövsiyə xarakterlidir.

– Dediyinizdən belə çıxır ki, bu sessiya və qərarlar əhəmiyyətsizdir?

– Əgər insan, dövlət əxlaqa, mənəviyyata fikir verirsə, ATƏT-in qərarları onun üçün çox əhəmiyyətlidir. Yox, əgər əxlaq və mənəviyyat insan və dövlət üçün boş şeydirsə, ATƏT-in qərarları da onun üçün mənasızdır.

– Qarabağ münaqişəsi ilə bağlı da müəyyən sənədlər qəbul edildi, bunlar da indiyə qədər olan sənədlər kimi kağız üzərində qalacaq?

– Unutmayın ki, Qarabağ SSRİ-nin dağılmasında mühüm amillərdən biri idi. O zaman SSRİ-ni özünə düşmən sayan Qərb, SSRİ dağılsın deyə ermənilərin haqsız olduğunu çox gözəl bilsə də, onları müdafiə etdi. Bu gün də onlar ermənilərə, Ermənistana dəstək verməkdədirlər. Amma bizə deyirlər ki, onlarla dil tapın. Biz onlarla necə dil tapaq? Bu adamlar Ermənistan hakimiyyətinə Qarabağ kartından istifadə edib gəliblər və indi də oturublar erməni xalqının boynunda və onu sağa-sola sürürlər. Buna görə də onlar heç vaxt işğal etdikləri torpaqları azad etməzlər. Qərb də heç vaxt onlara siyasi, maliyyə və mənəvi dəstəkdən əl çəkməz. Ona görə də Azərbaycan özü bu məsələni həll etməlidir. Bunun üçün kifayət qədər imkanlar da var. Amma hökumət bunu həll etmək istəmir, başlayır beynəlxalq hüquq, ikili standartlar, dünyanın ədalətsizliyindən şikayətlənməyə.

– Bu arada Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə Assosiasiya sazişini imzaladı. Amma vaxtı ilə GUAM da bu ölkələrlə birgə addımlayan Azərbaycan prosesdən kənar qaldı…

– Düşünmürəm ki, Azərbaycan səhv etdi. Baxın, Azərbaycan Avropa Şurası ilə saziş bağlayanda biz ümid edirdik ki, hökumət üzərinə öhdəliklər götürdü və insan hüquqları qorunacaq. Amma hökumət nə etdi? Heç nə eləmədi. Üzərinə götürdüyü öhdəliklərin əksini elədi və vəziyyət daha da pisləşdi. İndi də kimsə fikirləşir ki, bu dövlət Assosiasiya Sazişini imzalayandan sonra haqsız rəqabətə son qoyulacaq və ya insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaq, bu yanlış olar. Bunların hamısı boş şeydir. Hər şey asılıdır hakim zümrənin mənafeyi və iradəsindən. Əgər Azərbaycan bu sazişi imzalamış olsaydı belə, heç nə etməyəcəkdi. Dünyada da elə bir qüvvə yoxdur ki, Azərbaycanı buna məcbur etsin. Bu, sadəcə könüllü öhdəlikdir. Digər bir tərəfdən sazişi imzalamadan da ölkə daxilində normal islahatları həyata keçirmək olar. Azı müstəqil məhkəmə sistemini yaratmaq, iqtisadi inhisarçılığı aradan qaldırmaq, insan hüquqlarına şərait yaratmaq olar. Yavaş-yavaş çalışmaq olar ki, seçkilər də şəffaf və ədalətli olsun. Yəni bunları müqaviləsiz də eləmək, sənədi imzalayıb eləməmək də olar.
Bu sənədin imzalanmaması Azərbaycan üçün faciə deyil. Moldova, Gürcüstan sənədi imzaladı. Siz elə bilirsiniz ki, sabahdan istər Moldova, istərsə də Gürcüstanda kommunizm olacaq? Yox! Yaxud da deyilir ki, azad iqtisadi əlaqələr sistemi tətbiq edilir. Gürcüstan Avropaya nə satır ki? Avropalılar Gürcüstanın hansı məhsuluna tamarzıdırlar? “Kidzmaraulu”, “Saperavi”, “Teliani” və sairimi gözləyirlər? Məgər bu gün gürcü çaxırı Avropada yoxdur? Digər bir tərəfdən Gürcüstan yalnız onun hesabına yaşayır ki, Bakı nefti, qazı Gürcüstandan keçir. Bundan bir az pul gəlir, bir balaca kənd təsərrüfatı ilə məşğul olurlar, qalan məhsulları Türkiyə və Yunanıstandan idxal edirlər, bir də turizmə ümidləri var, vəssalam. Yəni sovet hakimiyyəti zamanı mövcud olan güclu sənaye məhv olub gedib. Tiflisdə təyyarə zavodu var idi, təyyarə buraxırdılar. Bu hər hansı bir millətin, dövlətin sənayesi, istehsalının ən yüksək həddidir. Amma indi həmin zavodun xarabalıqları qalıb. Təəssüf ki, hansısa müqavilənin imzalanması gerçəklikləri dəyişmir. Gerçəklikləri dəyişmək üçün millət gərək gərgin, dərin, düşünülmş şəkildə işləsin.

– Zərdüşt bəy, Avropa Birliyi iqtisadi qurum olmaqla bərabər həm də siyasi yükə malikdir. Ölkələrin bu orbitə daxil olmaları təhlükəsizlik məsələsi kimi düşünülmürmü?

– Buyurun, Ukraynadan sizə danışım. Ukrayna gül kimi oturmuşdu və Rusiya da ona hücum etmirdi. Rusiya Ukrayna ilə alver edirdi, inteqrasiyadan danışırdı. Amma Ukrayna dedi ki, yox, mən NATO-ya öz təhlükəsizliyimi təmin etmək üçün gedirəm və ya Avropa Birliyinə üzv oluram. Kiyevdə anti-oliqarxik inqilab başladı. Bu demokratik hərəkat nəticəsində 100 nəfərdən çox dinc xalq, o cümlədən polislər öldürüldü, neçə-neçə bina yandırdılar. Halbuki dekabrda Prezident seçkiləri ilə bağlı razılıq var idi. Amma gözləmədilər, prezidenti devirdilər və hakimiyyətə də oliqarxlar, fırıldaqçılar gəldi. Bütün bunun nəticəsində Krımı itirdilər, Luqansk və Donetskdə də döyüşlər gedir. Bunun da axırı necə olacaq, Allah bilir. Yəni bu hərəkatı başlayan adamlar, siyasəti qanırlarmı, yoxsa qanmırlar, sadəcə axmaqdırlar, yoxsa casus, vətən xainləridirlər? Mən bunu anlamıram. On ay gözləsəydilər, Yanukoviç çıxıb gedirdi. Buna imkan vermədilər. Necə ki, bizdə də Mütəllibov dedi ki, gəlin koalisyon hakimiyyət quraq, dedilər ki, yox, devirməliyik. Onu devirdilər və sonra da Heydər Əliyevi hakimiyyətə gətirdilər. Avropaya inteqrasiya məsələsinə gəldikdə də, Avropa Ukraynaya heç nə vermir.Sadəcə Avropa mallarına tətbiq olunan rüsumlar Ukrayna tərəfindən qaldırılır, Avropa malları maneəsiz Ukrayna bazarına girir. Bundan sonra da Rusiya Ukrayna ilə bazarını bağlayacaq ki, Avropa malları maneəsiz ərazilərinə keçməsin. Eyni zamanda Rusiya ilə Ukraynanın illik 30 milyard dollarlıq alveri var idi. Yəni Ukrayna elə-belə dövlət də deyil. Atom, kimya sənayesi var, raketlər üçün mühərrik buraxır, təyyarə istehsal edir və s. Yəni Ukrayna yüksək inkişaf etmiş dövlətdir. Sizcə, Ukraynanın istehsal etdiyi təyyarə və ya maşın Avropaya lazımdır? Əsla yox. Ukraynanın indiki oğru hakimiyyəti də elə bir qabiliyyətə malik deyil ki, ölkəni bu böhrandan çıxarsın. Ukraynanın sənayesinin və iqtisadiyyatının Avropa standartlarına uyğunlaşdırılması üçün 35 milyard dollara ehtiyacı var. Onun bu qədər pulu yoxdur və kimsə də bu pulu Ukraynaya verməyəcək.

– Belə görünür, bütün bunları bilərək Azərbaycan hakimiyyəti avroiteqrasiyaya ciddi yanaşmır…

– Azərbaycan hakimiyyəti ümumiyyətlə, heç nəyə ciddi yanaşmır. Pul gəlir sel kimi… Məsələn, rus gəlib deyir ki, gir Gömrük İttifaqına. Deyirlər ki, istəmirik. Soruşanda niyə? Deyir ki, istəmirəm də, mənə lazım deyil. Mənə Gömrük İttifaqı lazım deyil, çünki Azərbaycan neft və qazdan başqa heç nə istehsal eləmir, ki, vahid gömrük zonasında problemsiz satsın. Bu tərəfdən də Avropa Birliyi gəlib deyir ki, gəl sənin üçün bazarımı açıram. Deyir ki, bazarını istəmirəm də. Bu bazarda satmağa da bir şeyim yoxdur. Neft-qazın da müştəriləri qapıda bir-birilərini qırırlar.

– Zərdüşt bəy, Yaxın Şərqi lərzəyə salan, artıq özünü Xilafət elan edən “İraq Şam İslam Dövləti” adlı terrorçu qrupunun mahiyyəti və fəaliyyətini şərh etməyinizi xahiş edirəm. Görünən odur ki, Beynəlxalq Antiterror Koalisiyası haradasa uzaqda dayanıb bu baş verənlərə tamaşa edir…

– Bu Xilafətin əsgərləri keçən il İordaniyada hərbi bazalarda amerikalı təlimatçılardan hərbi təlim alırdılar. Bunlara Amerika mütəxəssisləri döyüş qaydalarını öyrədirdilər. Pulları da Amerikanın əlinə baxan, sözü ilə oturub-duran, nəfəs alan Qətər və Səudiyyə əmirlərindən gəlirdi. Bunların Suriya kimi gözəl bir ölkənin viran qoyulmasında çox böyük rolları oldu. Tədricən qüvvə toplayıb, İraqa girdilər. İraqda isə demokratik seçkilər keçirilib və şiələr hakimiyyətdədir. Şiələr kimlə dostdur? İranla. Bu isə Amerikanın xoşuna gəlmir. Bu Azərbaycan olsaydı deyərdilər ki, seçkilərdə şiələr udmasın. Tapşırardılar Məzahir müəllimə, o da seçkiləri elə keçirərdi ki, ya kürdlər, ya da sünnilər qalib olardı. İndi orada Məzahir müəllim yoxdur. Əhalinin də 60 faizi şiədir və bu da şiələrin avtomatik qələbəsini təmin edir. Ona görə də bu, satqın, qaniçən sələfilər hücum elədilər İraqa. Bunun üçün də şərait var idi. Nə olsun ki, şiələr əksəriyyətdir və onlar hakimiyyətdədir. Amma sünnilər, kürdlər və digərlərlə danışıb məsələni konsensusla həll etmək lazım idi. Bunu etmədilər. Bu qaniçənlər də girib, qırılar. Bu hadisələrə o tərəfdən İsrail sevinir. Müsəlman dövlətləri bir-birini qırır. Suriya xarabadır, İraq xarabadır, Misir hakəza. Savad yox, ağıl yox, ancaq hərislik və görməmişlik var. Bunlar da müsəlmanları istədikləri kimi fırladırlar, öz əlləri ilə qırdırırlar. Bu yüz illərlə davam edən bir prosesdir.

– Bəs hadisələr necə inkişaf edəcək, coğrafiyası necə ola bilər?

– Mən əminəm ki, bu terrorçuları əzəcəklər. Onlar özləri üçün dövlət qura bilməyəcəklər. Bu isə çox ağır başa gələcək. İşə İran, Hizbullah və İraq da qarışır. Sözsüz ki, İraqın hazırkı hakimiyyəti də gedəcək.

Bugun.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button