Islam

Kompüter oyunları

1363369380_safheye-asli

İslamda oyun

Ərəb dilində oyun kəlməsinin sinonimi “ləb” (لعب) kəlməsidir. “Kəşşaf”ın müəllifi yazır ki, “ləibə” (oynadı), yəni o elə bir iş gördü ki, həmin işin düzgün nəticəsi olmadı. (Dehxuda)
“Ləhv” (batil məşğuliyyət), “ləğv” və “əbəs” (əhəmiyyətsiz, puç) kəlmələri də “ləb” kəlməsi ilə oxşar mənadadır.

 

Quranda Oyun

“Ləb” (oyun) kəlməsi Quranda uşaqların oyunu barəsində yalnız bir dəfə, heç bir alqış və məzəmmət səbəbi olmadan istifadə olunub. Yusifin qardaşları atalarına deyirlər: “Onu sabah bizimlə göndər ki, istirahət edək və oynayaq.” (“Yusif”, 12)
Lakin bir çox yerlərdə dünya həyatı ilə bağlı oyunun axirəti unudan bir məsələ olduğu açıqlanıb və ilahi məzəmmət olunub: “Bilin, həqiqətən dünya həyatı oyun-oyuncaqdır… və dünya həyatı yalnız aldadıcı bir maldır.” (“Hədid”, 20)
Dünya həyatı axirət həyatı ilə müqayisədə bir oyun kimi göstərilib.
Quran ayələrinə nəzər saldıqda belə nəticə əldə olunur ki, hansısa bir oyunun xeyir və zərərləri barəsində üç məsələ nəzərə alınmalıdır: Maddi zərər, əxlaqi zərər və ibadi zərər.

Rəvayətlərdə oyun

Rəvayətlərdə oyun, idman, musiqi və ğina kimi əyləncə hesab olunan fəaliyyətlər “ləhv” və “ləğv” sözləri ilə yad olunublar. Odur ki, biz də bu yazıda ümumi olaraq “əyləncə” kəlməsindən istifadə edəcəyik.
Əyləncə ilə bağlı rəvayətləri üç hissəyə ayırmaq olar:

Mühüm faydaları olan əyləncələr

Rəvayətlərdə bəzi əyləncələrin hərbi, ictimai, duyğusal, ibadi faydaları olduğu bildirilir. Imam Sadiq (ə) buyurur: “Allahın rəsulu (s) at çapmaq müsabiqəsi təşkil edirdi və caizə olaraq bir qədər gümüş qoyurdu. (Kuleyni, 5.49)
Deyə bilərik ki, bu müsabiqələrin əhəmiyyəti onların zəruri bir iş üçün müqəddimə olmasındadır. Ənfal surəsinin 66-cı ayəsində buyurulur: “Gücünüz çatan qədər qüvvə və hazırlıqlı atlar təşkil edin ki, bu (tədarüklər) ilə Allahın, özünüzün və… düşmənlərini qorxudasınız.”

Mühüm zərərləri olan əyləncələr

Rəvayətlərdə bir çox zərərli əyləncələr qumar adlanıb və digər bir qrup zərərli əyləncələr barəsində ğina, musiqi və sair kəlmələrdən istifadə olunub.
Ğina və musiqinin kompüter oyunları ilə müştərək nöqtəsi budur ki, hər ikisi həm əyləncəlidir, həm ləzzətli həm də zərərli.
Bəzən rəvayətlərdə oyun ilə ğina barəsində eyni hökm deyilib. Imam Sadiqdən (ə) “fəc tənibul-ricsə minəl-əvsan, vəctənibu qəvləz-zur” ayəsi barəsində soruşdular və Həzrət buyurdu: “Əlricsə minəl-əvsan”dan məqsəd şahmatdır və “qəvləz-zur”dan məqsəd ğinadır. (Kuleyni, 6.435)
Həmçinin nifaq, qeyrətsizlik, və həyasızlıq kimi fəsadların ğina və musiqinin nəticəsi olduğunu bildirilib. (həmin mənbə, 431)
İmam Sadiq (ə) buyurur: “Sizlərdən hansısa biriniz öz miniyinə suvar olub, ğina ilə məşğul olanda həya etmirmi? Çünki onun miniyi həmin an Allahın zikri ilə məşğuldur. (Məclisi, 76.246)
Aydındır ki, hətta minik üzərində olanda da ğinadan uzaq olmağa dəvət onun ictimai fəsadlarına görə deyil, əksinə Allahın unudulmasına xatirdir.

Əyləncə və yaş bölgüsü

Bəzi rəvayətlərdə oyunlar ilə bağlı bir növ yaş bölgüsü ilə rastlaşırıq. Uşaqlıqdan cavanlığadək olan yaş üç yeddi illik dövrə bölünür. Ilk yeddi il uşaq azaddır, onun fəaliyyətinin əsasını oyun təşkil edir və oyun onun üçün bir dəyər hesab olunur. İkinci yeddi il yeniyetmənin təlim-tərbiyəsi üçündür və üçüncü yeddi ildə şəri vəzifələri yerinə yetirmək ona vacib olur.
İmam Sadiq (ə) buyurur: “Övladına icazə ver yeddi il oynasın, yeddi il tərbiyəsi ilə məşğul ol və sonrakı yeddi il özünə yoldaş, köməkçi et. (Hürr Amili, 21.474)
Digər bir rəvayətdə isə buyurulur: Uşaq yeddi il oynayır, sonrakı yeddi ili Quran öyrənir, daha sonrakı yeddi ili isə halal və haramlar ilə tanış olur. (həmin mənbə)
İmam Kazim (ə) buyurur: Uşağın şıltaqlığı və dəcəlliyi yaxşıdır. Bu böyüyəndə dözümlü olmasına səbəb olar. (Kuleyni, 6.51)
Əvvəlki iki rəvayətə əsasən bu rəvayətdə uşağın ilk yedi yaşı nəzərdə tutulur.
Uyğun rəvayətlərdən belə nəticə əldə olunur ki, uşaq yeddi yaşadək oynamalıdır, əgər oyun qadağan edilirsə bunun səbəbi olmalıdır. Lakin yeddi yaşından, xüsusi ilə yetkinlik yaşına çatandan sonra oyun və əyləncə əsas məşğuliyyət hesab oluna bilməz və oynamaq üçün dəlilə ehtiyac görülür, baş qatışdırmaq və ləzzət İslam baxımından qane edici dəlil deyil. Məsələın musiqi və ğina əyləncə və ləzzət hesab olunsa da İslamda bundan çəkinməyə çağırılır. Bunun səbəbi İslamın dünya və axirət barəsində ali baxışı və ömrü qənimət hesab etmək, puç işlərlə hədər etməməkdir.

İslam baxımından kompüter oyunları

İslam tətbiqi əxlaqı baxımından kompüter oyunları araşdırıldıqda, İslamın məsələlərə baxışının dərinliyi səbəbindən, qərb tətbiqi əxlaqında ortaya çıxan problemlərdən başqa daha mühüm problemlər aşkar olunur. Burada iki məsələ aydınlaşmalıdır: Biri uşağın yaşının yaratdığı mövqe və digəri oyunun növü. Əvvəldə dediyimiz kimi uşaq yeddi yaşadək oynamağa azaddır. Lakin kompüter oyunları ilə ənənəvi oyunlar arasında mühüm fərqlər olduğu üçün, kompüter oyunları zamanı fiziki hərəkətin olmaması, bəzi səhnələrin müşahidəsi nəticəsində uşağın vaxtından tez yetkinlik yaşına çatması kimi məsələlər nəzərə alınmalı və uşaq bu təhlükələrdən qorunmalıdır. Yeddi yaşdan yuxarı uşaqlar üçün oyun seçimində meyar oyunların faydalarının zərərlərindən daha çox olmasıdır və İslam baxımından heç bir faydası olmayan əyləncə, baş qatışdırmaq xeyir yox, zərərdir.

Təlim-tərbiyə məqsədi ilə hazırlanmış oyunlar

Bəzi oyunlar yaradıcılıq qabiliyyətinin, istedadın çiçəkləndirilməsi məqsədi ilə hazırlanıb. Məsələn şəhər qurmaq, ferma, tarla sahibi olmaq kimi oyunlar. Bu oyunlar məsələlərin həlli üçün şəxsin düşüncə qüvvəsini gücləndirir. Fəsadı olmadığı halda şübhəsiz belə oyunlar faydalıdır. Insanların zehni inkişafı ilə kompüter oyunlarının rabitəsi barədə aparılan araşdırmaların müxtəlif nəticələri olub. Bəzən şəxsin əvvəl inkişafı, sonra isə geriləməsi müşahidə olunub.
Müəyyən bir ixtisas üçün (məsələn, təyyarəçilik, tıxac idarə olunması və sair) həmin sahənin mütəxəssisləri tərəfindən hazırlanmış oyunlar faydalı və lazımlıdır. Necə ki, klinikalarda fiziki xəstəliklər üçün istifadə olunan oyunlar da belədir.
Əlbəttə belə oyunlar xüsusi sahələrdə istifadə olunur və cəmiyyətdə yayılmış oyunlar sırasında deyillər.
Bəzi ümumi oyunların coğrafiya, tarix və ikinci dil kimi dərslərin təlimində inkar olunmaz rolu var. Ətraf mühitlə ünsiyyət dil öyrənməkdə əsas məsələlərdəndir və uyğun oyunlar bu ehtiyacları cazibəli bir fəzada təmin edir və istifadəçini xarici ölkələrə səfərin yüksək maddi xərcindən qurtarır. Lakin fizika, riyaziyyat, gigiyena və digər bu kimi dərslər barəsində kompüter oyunlarının təsirləri ilkin tanışlıq həddindədir.
Bu barədə digər mühüm nöqtə ondan ibarətdir ki, uyğun oyunların sayı çox azdır və bu günədək yalnız dərslərlə ilkin tanışlıq həddində hazırlanıb.

Əyləncə məqsədi ilə hazırlanmış oyunlar

Kompüter oyunlarının əksər hissəsini həyacanlı oyunlar təşkil edir. Əyləncə bəhanəsi ilə olan bu oyunların bir çox fizioloji, psixoloji, ictimai və qeyri-əxlaqi təsirləri olur. Bu növ oyunların az sayda faydaları olduğu da deyilir. Odur ki, əvvəlcə uyğun oyunların faydalarını araşdıraq.
Bu oyunların nadir hallarda olan müsbət təsirləri hərəkət-baxış uyğunluğu, reaksiya sürətinin artması və oyunçunun diqqətinin inkişafı ilə xülasələşir.
Uyğun oyunların qeyd olunmuş mənfi bioloji təsirləri onların müsbət təsirindən daha çoxdur. Onlardan bəziləri aşağıdakılardan ibarətdir:
Barmaqların, biləyin, boyunun, fəqərə sütunlarının və sair üzvlərin ağırması kimi fiziki problemlər, stres, qorxu, nigaranlıq, yuxu pozuntuzu, kökəlmə və digər xəstəliklər.
Şübhəsiz insan bədəni öz təbii halından xaric olsa, bunun mənfi nəticələri daha çox olacaq.
Həyacanlı oyunların ruhi, psixoloji və əxlaqi nəticələri
Satışda olan həyacanlı kompüter oyunları həm kəmiyyət, həm də keyfiyyət baxımından övladlarımıza olduqca mənfi təsir qoyurlar. Bu oyunlar digər oyunlardan daha çox istehsal olunduğu və satıldığı üçün cavanların vaxtını tutur. Həmçinin istifadəçinin ruhuna mənfi təsir qoyur.
Islam baxımından araşdırıldıqda bu oyunların mənfi təsirləri üç əsas bölgüyə ayrılır.

Ruhun heyvani dərəcəyə enməsi

Quran baxımından insan ruhu yarandıqda ən böyük ilahi kəramətə, yəni ilahi isimləri mənimsəməyə və ilahi xəlifəlik məqamına çatmağa nail oldu. Elə bu səbəbdən məlaikələrin səcdəgahına çevrildi.
Həyacanlı kompüter oyunlarına azca nəzər saldıqda məlum olur ki, bu oyunlar Allahın insana verdiyi fəzilətlərin, dəyərlərin inkişafına yox, heyvani sifətlərin zahir olmasına kömək olur, şeytanın hədəflərini gerçəkləşdirir.
Bu oyunlar elə bir formada hazırlanır ki, oyunun əvvəlindən başlayaraq düşünmək fürsəti istifadəçidən alınır, o xidmətçi əsgər rolunda, həyacanlı fəzada, silah və digər imkanlarla azad buraxılır; bütün diqqəti qətl etmək, vəhşilikdə olmalıdır. Oyunçu hansı ölkənin bayrağı altında xidmət etdiyini bilmir; həmçinin kimə, yaxud hansı ölkəyə hücum etdiyindən xəbərsizdir. Oyundakı teroristlər həqiqi dünyadakı teroristlərdir yoxsa əksinə? Günahsızları qətl etmək olarmı? Hansı ölkələr hədəfə alınıb və o hansı məkanların hörmətini tapdamalıdır? Və… Oyunu hazırlayanlar bütün bu sualların cavabını beynəlmiləl sionizm məlumat xidmətlərinin və dünya hegemon dövlətlərinin xeyirinə cavablandırıblar. Oyunçu isə bu məsələdə heç bir ixtiyarı olmayan qul kimidir.
Misal üçün “ölümcül mübarizə” oyununda məğlub olmuş mübarizəçinin sinəsi rəqib tərəfindən yarılır və aramlıqla döyünən ürək yerindən qoparılır, daha sonra rəqibin başı bədənindən ayrılır və onun onurğaları başının arxasından asılı vəziyyətdə olur, bu halda rəqib qələbə əlaməti olaraq onun başını göyə qaldırır. Bütün bunlar yırtıcılıqdan başqa bir şey deyil.
Seks və qumardan ibarət “qumar” oyununda qarşı tərəf olan qadın hər yüz dollar uduzduqda paltarlarından birini çıxarır və bu qayda ilə oyunun sonunda tam çılpaq olması imakanı var.
Bu oyunlarda qadına aid şəfqət, həya, incəlik və sair dəyərlərin heç birindən xəbər yoxdu.
“F17” oyununda İran da daxil olmaqla beş müsəlman ölkəsi terorizmin hamisi kimi tanıtdırılır. Oyunçudan istənilir ki, bir hərbi təyyarəçi olaraq həmin ölkələri bombalasın. “Ərəbistanda üsyan” oyununda bir Amerikalı səhnəyə daxil olur, bir çox İslam atributlarını məhv edir. “Bağdada qayıdış” oyununda oyunçu teroristləri təqib etmək və öldürmək üçün məscidlərin hörmətini tapdamağa məcburdur. Bu oyunda təbliğ olunan məsələlərdən biri də din təlimlərinin sehir və cadu kimi tanıtdırılmasıdır.
Şəxsiyyət böhranı və insani hörmətin itməsi ruhun heyvaniləşməsinin nəticələrindəndir. Ağılsız bir heyvan, yırtıcı, şəhvətpərəst biri kimi oynamağa adət edən şəxs tədricən öz insani və ilahi hörmətini itirir özünə və başqalarına hörmət qoymur. Vəhşilik, cinayət və fəsad onun üçün adiləşir. Psixoloqlar cinayətlərin əsas səbəblərindən birini insana hörmətin azalmasında görürlər.
Elə görünür ki, ruhiyəsizlik, puçluq hissi, qorxu, nigaranlıq və bunun nəticəsində yuxusuzluğun kökü insana hörmətin azalmasındadır. Insanın həyatdakı həqiqi, ilahi xəlifəlik rolu unudulduqda və o həyatın əsas hədəfindən uzaq düşükdə puçluq hiss edir.

Fikir və qəlbin oyuna qərq olması

Kompüter oyunlarının müştərək mühüm xüsusiyyəti oyunçunun oyun zamanı fikrinin oyunda qərq olmasıdır. Oyunçu öz ətrafından xəbərsiz olur və bunun səbəbi oyunun yüksək cazibəyə malik olmasıdır. Fikrin oyunda qərq olması oyundan sonra da, məsələn namaz və ya dərs vaxtı baş verir. Oyunçunun fikir və xəyalı qeyri-ixtiyari olaraq oyuna yönəlir və o digər işlərlə məşğul olduqda öz xəyalında oyun mərhələlərini keçir. Yaxud yuxu zamanı bir çox uşaqlarda qarabasma baş verir.
Oyundakı maraq və onun asanlığı gün ərzində hər bir fürsətdə oyuna başlamaq vəsvəsəsi yaradır. Uşaqlar və cavanlar tənəffüs zəngləri, qonaqlıqlar, maşınla gedərkən, bekar olarkən, bir sözlə daha faydalı işlər ilə, təfəkkür və Allaha təsbih ilə keçirə biləcəkləri bir çox boş vaxtları kompüter oyunları oynamaq ilə və ya oyunun mərhələləri və sirləri barəsində danışmaqla keçirirlər.
Statiskalara əsasən İranda gün ərzində 40 milyon saat kompüter oyunları üçün vaxt qoyulur. Orta hesabla hər şəxs üçün gün ərzində 124 dəqiqə düşür. (Həmşəhri onlayn, hicri 1390.2)
Bu statiska oyunun özünə qoyulan vaxta aiddir. Oyundan sonra oyun barəsində fikirləşmək və söhbətləşmək də bura əlavə olmalıdır.
Qədimdə qumar zamanpı malın asan şəkildə əldən çıxdığı üçün qumar “məysir” (asanlıq) adlandırılırdı. Yaxşı olar ki, bugün də kompüter və əl telefonları oyunları vasitəsi ilə ömrün asan şəkildə əldən çıxması səbəbindən bu oyunlar da “məysir” adlandırılsın.

Zövqün dəyişməsi

Zövqün dəyişməsi məsələsi kompüter oyunlarının tənqidçilərinin diqqətindən yayınmış bir məsələdir. Bir neçə il qabaq uşaq və yeni yetmələr öz boş vaxtlarını kitab oxumaq yaxud əl sənətləri vasitəsi ilə doldururdular. Lakin bu gün asan əldə olunması və yüksək cazibəsi səbəbindən kompüter oyunları ilə boş vaxtlarını doldururlar. Bu əməlin təkrarlanması insanın tənbəlləşməsinə, daim rahatlıq və həyacan ardınca olmasına səbəb olur və artıq kitab oxumaq, xəttatlıq, toxucluq və digər əl işləri uşaq üçün cazibəli və həyacanlı olmur. Həmçinin ruhi aramlıq tələb edən dua və moizə məclislərində iştirak etmək tədricən, həyacana öyrəşmiş, kompüter oyunlarına alüdə olmuş şəxslərə yorucu və çətin olur.

Virtual olması

Kompüter oyunlarının tərəfdarlarının oyunların müxaliflərinə ən mühüm cavabları virtual və xəyali dünyadakı baş verən hadisələrlə bağlı qeyd olunan zərərlərin ciddi olmamasıdır; çünki onların fikrinə görə bu hadisələr virtual dünyada baş verdiyi üçün baş verən mənfi halları ciddi qarşılamaq lazım deyil. Yuxuda qətl törətmiş, vəhşilik etmiş şəxsi həqiqi dünyada mühakimə edirlərmi? Yaxud yuxuda cinayət törətmiş şəxs günahkar hesab olunurmu?
Cavab olaraq demək lazımdır ki, birincisi yuxu qeyri-ixtiyaridir, lakin oyunu insan öz ixtiyarı ilə oynanılır. Həmçinin oyunun virtual, xəyali olması onun təsirlərinin də virtual olması demək deyil. Həyacanlı və şiddətli film və oyunların insanlara həqiqi təsirləri çox saylı araşdırmalar vasitəsi ilə sübut olunub.
Elmi araşdırmalardan əlavə oyunçuların öz etirafları və müşahidələr uyğun iddianı sübut edir. Ölkə kulublarında aparılan sorğu nəticəsində istifadəçilərin 68 faizi vəhşiliklə, sərtliklə dolu oyunların öz həyatlarındakı əməli təsirləri olduğunu etiraf ediblər.
Bir çox ailələr ağır döyüş səhnələri ilə dolu filmlərin övladlarına dərhal təsir qoyduğunu müşahidə ediblər.
Bu təsirlərin ötəri olması araşdırmalar vasitəsi ilə inkar olunub. Araşdırmaçılardan biri öz 23 illik araşdırmasının nəticəsini belə qeyd edir: Araşdırdığı 8 yaşlı şəxsləri üş qrupa ayırdı: Çox az televiziyaya baxanlar, orta həddə baxanlar və televiziyaya baxmağa çox vaxt sərf edən şəxslər.
O 22 il sonra, müşahidə apardığı şəxslər 30 yaşa çatdıqda, onların bəzilərinin törətdiyi cinayətləri, qanun pozuntularını araşdırıb belə nəticə əldə etdi: Şəxslər hər nə qədər çox televiziyaya baxsalar, onların böyüdükdən sonra qanun pozuntularının sayı artır.
Televiziyaya baxan şəxs yalnız səhnələrə tamaşa edir. Lakin kompüter oyununu oynuyan şəxs oyunun əsas iştirakçısıdır, oyundakı cinayətləri şəxsən özü törədir. Demək oyunların təsiri televiziyanın təsirindən daha çoxdur.
Kompüter oyunları nəticəsində cavanlar arasında baş verən qətllər bu iddianın başqa bir sübutudur. Iki nümunəyə nəzər salaq: 1997-ci ildə kompüter oyunlarının ciddi tərəfdarlarından olan Maykl Karnil Amerikada öz sinif yoldaşlarından üçünü odlu silah vasitəsi ilə öldürdü. Onun 30 saniyə ərzində atdığı 9 güllədən 8 -i hədəfə dəydi. Mayklın atıcılığı mahir atıcılar üçün nəzərdə tutulmuş hərbi standartdan yaxşı idi. Lakin o ömründə bir dəfə də silahdan istifadə etməmişdi. Ingiltərdədə 17 yaşlı bir yeniyetmə “adam ovu” oyununun təsiri nəticəsində 14 yaşlı dostunu çəkic zərbələri ilə qətlə yetirdi. Çəkic vasitəsi ilə qətl eyni ilə oyunda öyrədilən qətl növü idi.

Çıxış yolu

Qərb dünyasında ciddi və əsaslı əxlaq sistemi olmamasına baxmayaraq kompüter oyunları ilə bağlı əxlaqi sistemin hazırlanması üçün bir çox araşdırmalar aparıldığını görürük. Yüksək əqli və vəhyə əsaslanan əxlaq sisteminə malik İslam cəmiyyətinin əxlaq alimlərinin bu problem üçün çıxış yolu düşünmələri zəruri bir məsələdir.
Bu yazıda əvvəlcə bir oyunu ixtisasi və dini baxımdan araşdıracağıq ki, nəticədə onların bir-biri ilə uyğunlaşmasının mümkünlüyünü məlum olsun. Bu araşdırmanın nəticəsi kompüter oyunlarının İslam əxlaq əsaslarına uyğunlaşdırılması üçün ümumi layihənin təqdimi olacaq.
Bir kompüter oyununun ixtisasi və dini baxımdan araşdırılması
Kompüter oyunları digər oyunların əksinə olaraq elə bir formada hazırlanıb ki, oyun zamanı oyunçu asanlıqla və sürətlə yaradıcı, hökmran, qəzəbli və digər sifətlərə, xüsusiyyətlərə sahib olur və bu səbəbdən oyun dünyasında qərq olur.
Oyuna hakim dəyər sistemi hiss olunmaz şəkildə istifadəçinin ixtiyarından xaricdir. Həqiqi həyatda Allah bizə bi çox imkanlar və ixtiyarlar versə də, dəyər sistemini o özü təyin edir. Bu sistemə əsasən cəzalandırır və mükafat verir.
Kompüter oyununu hazırlayan şəxs əsil həqiqətdə oyunu yaradan allahdır, oyunda dəyər sistemini özü təyin edir və oyunçu üçün ixtiyarlar, imkanlar verir, və mükafata çatmaq üçün onda maraq yaradır. Oyunçu bir növ qeyri-ixtiyari maraqla oynayır, oyunun yaradıcısının təyin etdiyi qayda-qanunlara riayət etməyə məcbur olur. Oyunçu oyunu hazırlayanın quluna çevirilir.
Demək, oyunun marağını azaltmadan onu dini və əxlaqi sistem üzərində qurmaq olar.
Oyunların İslam əxlaq sistemi üzərində hazırlanması
Birinci məsələ cəza və mükafat sisteminin qurulmasıdır. Bu oyunlarda düşmənə qələbə, yeni imkanlar əldə etmək, növbəti mərhələyə keçmək və uduzmaq kimi vasitələrlə gerçəkləşir. Bütün bunları əxlaqi bir oyunda da gerçəkləşdirmək olar. Əxlaqi oyunla adi oyun arasındakı fərq bəzi dəyər meyarlarında olacaq. Misal üçün qeyri-əxlaqi oyunda hər cürə öldürmək oyunçuya xal qazandırır. Lakin əxlaqi oyunda öldürməyin meyarı olmalıdır və günahsız insanlar, qadınlar və uşaqlar öldürüldükdə mənfi xal verilməlidir.
Digər bir tərəfdən əxlaqi oyunda müsbət əməllərin sayı çoxalır, misal üçün isar, yaxşılıq, namazda iştirak və sair.
Həyacan, sürət, diqqət, döyüşmək, qələbə əldə etmək əksər oyunlardakı cazibə səbəbləridir. Bütün bu ünsürləri əvvəlki cazibəsi qorunmaqla dini təlimlərə də tətbiq etmək olar. Məsələn cihad, şəhadət və…
Oyunların ikinci özəlliyi mərhələlərdən ibarət olmasıdır. Oyunçu bir çox çətinlikləri adlayır, maraqlı səhnələrlə rastlaşır və növbəti mərhələyə keçir. Uyğun məsələni də dini oyunlarda tətbiq etmək mümkündür. Həm kiçik, həm də böyük cihadın müxtəlif, maraqlı və çətin mərhələləri ola bilər. Oyunlarda dünya, bərzəx, axirət yaxud yuxu, oyaqlıq və digər bu kimi mərhələləri yaratmaq olar.
Misal üçün bərzəx həyatı mərhələsini şad və qorxulu ünsürlərdən istifadə etməklə son dərəcə maraqlı hazırlamaq olar. Oyunçu dünya mərhələsini keçdikdən sonra əməllərinin nəticəsini görür və bərzəx həyatına başlayır. Gözəl və çirkin simalar ilə, kafirlərin, möminlərin ruhları ilə, mələklərlə, cinlərlə və digər bu kimi müxtəlif həyacanlı səhnələrlə qarşılaşır. Oyunçu həmin aləmdə də özünün təkamül mərhələlərini adlaya bilər və nəhayətdə qiyamət mərhələsinə daxil olar.
Burada da əməllərin canlanmasını müşahidə etmək, behişt və cəhənnəmi görmək olduqca həyacanlı ola bilər. Oyunçu dünyadakı əməllər ilə axirət mükafatları arasında rabitəni müşahidə edə bilər. Axirət əməl yox, hesab-kitab günüdür və oyunçunun axirətdə əməllərin nəticəsini müşahidə etməsi onu oyuna yenidən başlamağa, əvvəlki mərhələləri yenidən adlayıb, oyun ərzində daha çox xeyir əməllər görməyə həvəsləndirə bilər.
Kompüter oyunlarındakı digər ünsürləri, məsələn ən kiçik fürsətlərdən istifadə etmək, daha diqqətlə oynadıqda daha çox imkanlara malik olmaq və sair ünsürlərin əksər hissəsini əxlaqi oyunlarda tətbiq etmək olar.

Nəticə

Kompüter oyunlarının ziyan və faydaları barəsində aşağıdakı nöqtələrə diqqət yetirək:
İstedadı çiçəkləndirmək məqsədi ilə hazırlanmış oyunlar məsləhətlidir;
Tədris məqsədi ilə hazırlanmış az saylı oyunlar məşqçinin nəzarəti ilə olduqda məsləhətlidir;
Kompüter oyunlarının böyük hissəsini təşkil edən həyacanlı, sərt oyunların zərərləri xeyirindən daha çoxdur. Lakin bu zərərlərin tədricən və hiss olunmaz şəkildə uşaqlara təsir qoyması valideynlərin bu məsələdən xəbərsiz qalmalarına səbəb olur;
Oyunları dini əxlaq sisteminə uyğun hazırlamaq və təlim-tərbiyə məqsədi ilə oyunlardan istifadə etmək mümkündür. Dini təlimlər əsasında cəza və mükafat sisteminə uyğun oyun hazırlamaq mümkündür, məsələn oyunda günahsız şəxsləri öldürməmək, yaxud günahsızları xilas etmək müqabilində oyunçuya mükafat verilir; oyun mərhələləri, məsələn bərzəx həyatı mərhələsi şad və qorxulu ünsürlərdən istifadə etməklə son dərəcə maraqlı şəkildə hazırlanır; oyunçu bu mərhələlərdən keçir və dünyadakı əməllərin axirət mükafatı ilə rabitəsini müşahidə edir və bu oyunçunu oyun ərzində daha çox xeyir işlər görməyə həvəsləndirir. Bütün bunlar dəyər sisteminin kompüter oyunlarının geniş fəzasına tətbiqinin kiçik bir nümunəsidir.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

—————————————————-

Mənbələr:

 

– Qurani-Kərim;
– Məhəmməd Təqi İslami və həmkarları, “Tətbiqi əxlaq”;
– Hürr Amili, “Vəsailüş-şiə”
– Əhməd Hüseyn Şərifi, “Əxlaqi kantraktualizm”;
– Məhəmməd Hüseyn Təbatəbai, “Əl-mizan fi təfsiril-Quran”;
– Məhəmməd bin Yəqub Kuleyni, “Əlkafi”;
– Məhəmmədrza Rzai, “Kant və əxlaqi sekuliarizm”;
– Bateman, Chris Mark, 2011, Imaginary Games.
– Gilbert, Sam, 2010, Ethics at Play:Patterns of Ethical Thinking among Young Online Gamers.
– McDaniel, Rudy and Stephen M. Fiore, 2010, Applied Ethics Game Design: Some Practical Guidelines, (University of Central – Florida, USA).
– Phelps, David, 2010, What Videogames have to Teach us about Screenworld and the Humanistic Ethos.
– Reynolds, R. 2010, “Playing a “Good” Game: A Philosophical Approach to Understanding the Morality of Games”.
– Schrier and Karen David Gibson,2010, Ethics and Game Design (2 volums containes 19 chaper in 396 pages).
– Sicart, Miguel, 2005 , Game, Player, Ethics: A Virtue Ethics Approach to Computer Games.
– Simkins, David, 2010, Playing with Ethics:Experiencing New Ways of Being in RPGs
– Staines, Dan, 2010, Videogames and Moral Pedagogy.
– Švelch, Jaroslav, 2010, The Good-The Bad-and The Player:The Challenges to Moral Engagement in Single-Player Avatar-Based Video Games.
– Takahashi, Dean, 2005, Ethics of Game Design
– Zagal, José P., 2009, Ethically Notable Videogames: Moral Dilemmas and Gameplay.
– Və bir çox digər mənbələr

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button