ArxivXəbər lentiXəbərlər

Evindən külli miqdarda silah-sursat tapılan vəhabi lideri necə azalığa çıxdı?

Ötən ilin noyabr ayında radikallıqda və qanunsuz silah saxlamaqda təqsirləndirilən, eyni zamanda Sumqayıt sələfilərinin lideri kimi təqdim olunan Zöhrab Şıxəliyevin həbs edilməsi gündəmi dəyişdi. Bir neçə gün öncə isə Zöhrab Şıxəliyevlə bağlı növbəti xəbər mətbuatda öz əksini tapdı. Lakin bu dəfə radikallıqda ittiham olunan və 1 ilə yaxın həbsdə yatan şəxsin azadlığa buraxılması xəbəri hər kəsi şoka saldı. Məsələ ilə birbaşa maraqlanan şəxsləri yalnız bir sual düşündürdü. Axı necə oldu ki, dövlət əleyhinə gizli işlər görən, radikal dini cərəyanları yayan, evində silah-sursat gizlədən bir şəxs belə asanlıqla azadlığa buraxıldı? Sualın cavabına keçməzdən əvvəl qısa olaraq Zöhrab Şıxəliyevin xarakteristikasını oxucularımız üçün açmaq daha məqsədə uyğundur. Beləliklə, 1978-ci ildə doğulan və Sumqayıt şəhər sakini olan Zöhrab Şıxəliyev həm də Əbu Bəkr məcsidinin imamı Qamət Suleymanovun yaxın adamı kimi tanınır. O, keçən il Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunsa da, bu il azadlığa buraxıldı. Həbs edilərkən Coratda yerləşən mənzilində 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk aşkar edilərək götürüldü. Belə ağır ittihamlarla təqsirli bilinən Zöhrab Şıxəliyev özü isə həbsini “kiçik anlaşılmazlıq” adlandıraraq azadlığa buraxılmasını hüquq mühafizə orqanlarının düzgün araşdırması kimi xarakterizə etdi. İndi isə keçək əsas məsələyə. Zöhrab Şıxəliyevin azadlığa buraxılmasının arxasında hansı məqamlar dayanır? Ciddi ittihamlarla təqsirli bilinən şəxs necə oldu ki, cəmi 1 il həbsdə qaldı? “Azad News” bütün bu mətləblərə ölkənin tanınmış ilahiyyatçı alimləri ilə aydınlıq gətirməyə çalışıb.

Zöhrab Şıxəliyevin azadlığa buraxılması cəmiyyətə hansı mesajları ötürür?

 İlahiyyatçı alim seyid Elman Ağayev-  Azərbaycanda sələfi cərəyanına yuxarı dairələrdə baxış eyni cür sərgilənmir. Yuxarı postda əyləşənlər arasında radikallığa meyilli şəxslərin olması heç kimə sirr deyil. Bu səbəbdən də Zöhrab Şıxəliyev kimi şəxslərin azadlığa buraxılmasını birmənalı qarşılamaq düzgün olmaz. Bütün dünyada bu əqidənin yalnız bir qaynağı var. O da Məhəmməd ibn Əbdülvəhhabdan qaynaqlanan cərəyandır ki, özündən başqa digər məzhəbləri təkfir edir. Bu gün dövlətçilik ənənələrini yaşadan, dəyərlərimizi qoruyan bir çox ruhanilər şərlənərək gülünc ittihamlarla təqsirli bilinirlər və həbs olunurlar.

Zöhrab Şıxəliyev kimi dövlətə, dövlətçiliyə təhlükə törədənlər isə azadlığa buraxılıblar. Bunu nə ilə əlaqələndirirsiniz?

– Bu onu göstərir ki, belə insanlar birbaşa yuxarı dairələrdən himayə olunurlar. Bu cür cinayət xarakterli əməllər törədən şəxsin azadlığa çıxması dövlətin yüksək dairələrinin himayəsi olmadan mümkün deyil.

İlahiyyatçı alim Fərhad Mirzə də həməqidəsinin fikirlərinə yaxın münasibət sərgilədi. Məsələyə münasibət bildirən ilahiyyatçı ilk olaraq vəhhabi cərəyanının beşiyi sayılan Səudiyyə Ərəbistanı və Azərbaycan münasibətlərinə diqqət çəkdi. Zöhrab Şıxəliyev və onun timsalında digər radikal şəxslərin azadlığa buraxılmasını Səudiyyə rejiminin Azərbaycan hakimiyyətinə təzyiqi kimi dəyərləndirdi. İkinci ehtimal kimi Fərhad Mirzə hakimiyyətin balanslaşdırma siyasəti apardığını vurğuladı. İlahiyyatçı Zöhrab Şıxəliyevin yuxarı instansiyalarda “adam”ı olmasını da istisna etmədi: “Vəhhabilərin ölkədə bu qədər inkişaf etməsi onlara hakimiyyət tərəfindən verilən dəstəyin göstəricisidir. Hərdən bir-iki nəfərin həbs edilməsi isə, gözə kül üfürmək xarakteri daşıyır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button