İşgəncədən zərərçəkənlər general Bərxudarovun cəzalandırılmasını tələb edir
Ziya Quliyev: “Bu, mənə deyirdi ki, mən Allah tanımıram…”
2017-ci ildə hərbçilərə qarşı işgəncələr təkcə Tərtərdə deyil, Ağcabədi, Mingəçevir, Beyləqan və başqa ərazilərdəki müxtəlif hərbi hissələrdə həyata keçirilib. Lakin bu hadisələrlə bağlı araşdırmalar eyni cinayət işi üzrə aparılıb. Söhbət şərti olaraq, “Tərtər işi” adlandırılan və 2021-ci ildə icraatı yenilənən, Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan cinayət işindən gedir.
Qafqaz Həqiqətləri informasiya agentliyi “MeydanTv”yə istinadən xəbər verir ki, bu cinayət işi üzrə icraat yenilənəndən sonra işgəncə verməyə görə məsuliyyətə cəlb olunanlardan dörd nəfərin işi üzrə istintaq bir müddət əvvəl yekunlaşmış, onların işi məhkəməyə göndərilmişdi. Hazırda onların məhkəməsi davam edir. Bu gün – aprelin 5-də isə aralarında bir nəfər generalın da olduğu 5 nəfərlik ikinci qrupun məhkəməsi başlayıb. Söhbət Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş, general Bəkir Orucov, hərbi hissənin snayper bölüyünün komandiri olmuş Ziya Kazımov, döyüş hazırlığı üzrə şöbədə xidmət etmiş Ülvi Rəşidov, hərbi hissənin Tibb İdarəsinin əlaqələndirmə şöbəsinin rəisi olmuş İntiqam Məmmədov və hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmuş Rahib Məmmədovdan gedir.
Təqsirləndirilən şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Birinci qrupun işində olduğu kimi, bu qrupda da işi Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırsa da, məhkəmə iclasları Sumqayıt Məhkəmə Komleksində keçirilir.
Aprelin 5-də məhkəmənin hazırlıq iclasında generalın vəkili Elvin Rzayev vəsatət qaldıraraq bildirib ki, məhkəmə binasında icra məmurları onu döyüb, təhqir ediblər. Vəkilin sözlərinə görə, məhkəmə binasındakı kamera görüntüləri də bunu sübut edə bilər:
“Binanın girişində Bəkir Orucovun kürəkəni mənə yaxınlaşıb bildirdi ki, o da məhkəməni izləmək istəyir. Mən nəzarətçilərə bu barədə dedim. Onlar adamla kobud rəftar etdilər. Mən də onu müdafiə elədim. Hər şey bundan sonra baş verdi. Mən bu məsələ ilə əlaqədar vəsatət vermək istəyirəm”.
Hakim Zeynal Ağayev baş verənlərə görə vəkili günahlandırıb:
“Siz vəkilsiniz, gəlin zalda əyləşin, sizin nə işinizə qalıb ki, kim gəlir, kim gəlmir…”.
Ona qarşı zor tətbiqinə hakimin bu cür reaksiyası vəkili narazı salıb. O, hakimə etiraz verib. Elvin Rzayev bildirib ki, əgər vəkil məhkəmə zalında özünü müdafiə edə bilmirsə, müvəkkilinin hüquqlarını necə müdafiə edəcək?
Lakin onun hakimə etirazını müvəkkili general Bəkir Orucov müdafiə etməyib. Bu baxımdan etiraz qəbul olunmayıb.
Bəkir Orucov vəkilindən də imtina etməyib. Qanuna görə, əgər şəxs müdafiəçidən könüllü şəkildə imtina etmirsə, vəkil onun hüquqlarını sonadək müdafiə etməyə borcludur.
Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ardınca vəkillər vəsatətlər qaldırıblar.
İntiqam Məmmədovun vəkili Yavər Rüstəmov bildirib ki, müvəkkili DTX-da saxlanılanda onun telefon danışıqlarına qadağa qoyulmuşdu. O, Bakı İstintaq Təcridxanasına köçürülsə də, bu qadağa aradan qaldırılmayıb.
Hakim bu məsələnin araşdırılacağını bildirib.
İntiqam Məmmədovun vəkilinin daha bir vəsatəti işin istintaqa qaytarılması haqda olub. Onun sözlərinə görə, bu işin istintaqı natamam aparılıb:
“Baş Prokurorluğa göndərdiyim sorğuya 7 ay ərzində cavab ala bilməmişəm. Üzləşdirmə protokolunun işə əlavə olunmasını istəmişəm. Qaldırılan məsələlərin heç birinə əhəmiyyət verilməyib”.
Vəkil onu da bildirib ki, ordu generalı Mais Bərxudarovun dindirilməsi haqda vəsatət qaldırıb.
Rahib Məmmədovun vəkili Rəna Məmmədova məhkəmə zalındakı şüşə qəfəsdə saxlanılan təqsirləndirilən şəxslərin hakim qarşısında qandallı vəziyyətdə saxlanmasına etiraz edib, qandalların açılmasını istəyib. Hakim göstəriş verib və qandallar açılıb.
Ziya Kazımovun vəkili Bəhruz Bayramov isə müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq, onun barəsindəki cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Onun sözlərinə görə, polkovnik Ziya Kazımova Adil Sabirlinin işgəncə ilə öldürülməsinə görə ittiham verilib, lakin onun bu hadisəyə aidiyyəti yoxdur:
“Ziya Kazımov Hadruda ilk girənlərdən olub, Şuşanın alınmasında müstəsna xidmətləri var. Ona Vətən Müharibəsi Qəhrəmanı adı vermirlər ki, barəsində cinayət işi var. Ağır yaralı ola-ola barəsində həbs qətimkan tədbiri seçilmişdi. Məsələ ictimailəşəndən sonra həbs qətimkan tədbiri dəyişdirildi, ev dustaqlığına buraxıldı”.
General Bəkir Orucovun vəkili onun da ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, Bəkir Orucovun ailə durumu ağırdır, həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir. O, müvəkkilinin xidmətlərini də sadalayıb:
“OMON-çular Baş Prokurorluğa hücum edəndə, o hücumun qarşısını Bəkir Orucov alıb. Naxçıvanda fəxri qarovulun başçısı olub. Heydər Əliyev Naxçıvana gedəndə ulu öndəri şəxsən o qoruyub. 2016-cı ilin aprelində Lələtəpə əməliyyatına rəhbərlik edib. Bu xidmətlərinə görə müxtəlif illərdə prezident tərəfindən təltif olunub”.
Daha sonra zərərçəkmişlər danışıb. Çıxış edənlər Bəkir Orucovdan şikayət etməyib. Əvəzində ordu generalı Mais Bərxudarovu ittiham edərək, onun cəzalandırılmasını tələb ediblər. Onlar bildirib ki, Ağcabədidə işgəncəyə məruz qaldırları hərbi hissədə baş verənlərə rəhbərlik edəb general Bərxudarov idi. Zərərçəkmişlər Mais Bərxudarovun məhkəməyə çağırılmasını və onun cəzalandırılmasını tələb ediblər.
Zərərçəkmişlər onlara dəymiş maddi və mənəvi ziyana görə kompensasiya istəyiblər.
“Vəkillər elə danışır ki, sanki bunların heç bir günahı yoxdur, bizə də heç nə olmayıb. Şəxsən məni döyənlərin ikisi buradadır – Ülvi Rəşidov və Ziya Kazımov. Mais Bərxudarov da burada olmalıdır. Göstərişi o verirdi”, – deyə zərərçəkmiş Orxan Səfərov bildirib.
Başqa bir zərərçəkmiş Yusif Məmmədov deyir ki, işgəncə verilən yerdə general Bəkir Orucovu görsə də, onun bu hərəkətlərə göstəriş verməsinin şahidi olmayıb: “Ola bilsin ki, Mais Bərxudarovu qorumaq üçün onu güdaza verirlər. Mais Bərxudarov şəxsən mənə deyirdi ki, “sən vətən xainisən”. İndi gəlsin bura…”.
Zərərçəkmiş Ziya Quliyev isə bildirib ki, onlara qarşı cinayətlərin törədilməsində əli olanlardan məsuliyyətdən kənarda qalanlar var. Bu səbəbdən ordu sıralarına qayıtmaq istəmir. Amma hərbi biletini almaq istəyir.
“Bu İntiqam mənə deyirdi ki, mən Allah tanımıram…”, – Ziya Quliyev əlavə edib.
Hakim Zeynal Ağayev zərərçəkmişlərə izah edib ki, ziyanın ödənilməsi tələbilə məhkəmədə mülki iddia qaldıra bilərlər.
Təqsirləndirilən şəxslərin vəkillərinin qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb.
General və daha 4 nəfərin məhkəməsi isə aprelin 13-nə təyin olunub.
“Tərtər işgəncələri” üzrə birinci qrupun işində zərərçəkənlər işgəncələrə korpus komandiri, general Hikmət Həsənovun rəhbərlik etdiyini deyir, onun cəzalandırılmasını tələb edirlər.
qafqaz.ir/az