Müsahibə

İranın Qarabağ münaqişəsinin həllinə dair öz təklifləri və planları var

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pak Ayin “Hüquq və Azadlıq” qəzeti və HuqAz.az portalına müsahibə verib. Müsahibəni təqdim edirik.


Cənab səfir, Azərbaycanda xalqı yenidən öz prezidentini seçdi. Ölkəmizdə baş tutan bu seçki mühitini necə qiymətləndirirsiniz?
Şükür olsun Allaha ki, seçkilər sakit və təhlükəsiz şəraitdə keçirildi. Ayrı-ayrı namizədlərin təbliğ və təşviqi kampaniyalarının şahidi olduq. Həm televiziyalarda, həm radiolarda, həm də digər kütləvi informasiya vasitələrində namizədlər üçün bərabər imkanlar yaradıldı. Xüsusilə də İctimai Televiziyada keçirilən debatlar xalq üçün çox maraqlı idi. Bütün bunların nəticəsi olaraq Azərbaycanda çox gözəl və təntənəli bir seçki keçirildi. Yerli və beynəlxalq müşahidəçilərin də bildirdiyinə görə heç bir ciddi qanun pozuntusu baş verməyib.
İran prezidenti cənab Həsən Ruhani İlham Əliyev cənablarını yenidən prezident seçilməsi münasibəti ilə təbrik edən ilk dövlət başçılarından biri oldu. Biz də öz növbəmizdə Prezident cənab İlham Əliyevi və şərafətli Azərbaycan xalqını bu münasibətlə təbrik edir, ümid edirik ki, növbəti beş ildə də münasibətlərimiz artan temp üzrə inkişaf edəcəkdir.

– İran da bu yaxınlarda yeni prezidentini seçdi. Ümumiyyətlə, Cənab Ruhani, iki ölkə münasibətlərinin daha da inkişafı üçün hansıaddımları atmaq fikrindədir? Məsələn, İran prezidentinin Azərbaycana səfəri gözlənilirmi?

Cənab prezident H.Ruhani İranın dünya ölkələri ilə, xüsusən də qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Cənab H.Ruhaninin istər beynəlxalq, istərsə də təhlükəsizlik sahəsində böyük təcrübəsi mövcuddur. Buna görə də cənab prezident müsəlman ölkələrinin və xüsusilə də qonşu dövlətlərin əhəmiyyətini düzgün dərk edir. Azərbaycan Respublikasını yaxşı tanıyır və prezidentlikdən öncə də Azərbaycana səfər etmişdir. İranın qonşu və müsəlman ölkələri ilə əlaqələrinin inkişaf etdirilməsi cənab H.Ruhaninin prioritet sahələrindəndir. Təbii ki, yaxın illərdə iki ölkənin başçıları qarşılıqlı səfərlər edəcəklər, inşallah. Bütün bunlara görə də iki ölkə arasındakı münasibətlərin perspektivini aydın görürəm.

Cənab səfir, İran-Azərbaycan ticari əlaqələrinin hazırkı durumundan razısınızmı? Bu sahədə hansı addımlar gözlənilir? Və ya atmaq olar?

Hal-hazırda iki ölkə arasında iqtisadi münasibətlər davam edir. Ticarət sahəsində faəllıq vardır. Ölkələrimiz arasındakı ticarət mübadiləsi 500 milyon dollardan çoxdur. Lakin bu rəsmi rəqəmdir, qeyri-rəsmi iqtisadi mübadiləmiz daha çoxdur. İqtisadi münasibətlərin inkişafı üçün daha çox potensialımız vardır. Culfadan Astarayadək Azərbaycan – İran sərhəd zonasında “Araz” adlı azad ticarət zonası yaratmışıq. Bilirsiniz ki, azad ticarət zonalarında heç bir vergi və rüsum ödənilmir. Bu da iş adamları üçün münbit şərait yaradır. Nə qədər ki, ölkələrimizin iş adamları qarşılıqlı iş birliyi qursalar, iqtisadi münasibətlərimiz də bir o qədər inkişaf edər.
İki ölkə arasında turist mübadiləsi çox fəaldır. İran birtərəfli olaraq viza rejimini rəğv etdiyindən Azərbaycan Respublikasının şərafətli xalqı çox rahatlıqla, heç bir rüsum ödəmədən İran İslam Respublikasına səfər edə bilirlər. Azərbaycan xalqı adətən üç məqsəd üçün İrana səfər edir. Təbii ki, birincisi, səyahət məqsədi daşıyır ki, bu zaman onlar İranın mədəni və tarixi abidələrinə baxış keçirirlər. İkincisi, ziyarət səbəbilədir ki, bu zaman Məşhəd və Qum şəhərlərindəki müqəddəs məkanlar ziyarət edilir. Üçüncüsü isə əsasən, Təbriz və Ərdəbil şəhərlərinə olan səfərlərdir ki, bu müalicə məqsədi daşıyır. Hər il, təxminən ildə 1 milyon nəfər Azərbaycan vətəndaşı İrana səfər edir.
Düşünürük ki, iqtisadi potensialımız mövcud vəziyyətdən dəfələrlə çoxdur. Əgər Azərbaycan tərəfindən İran vətəndaşları üçün viza rejimi ləğv olunsa, İran vətəndaşlarının da Azərbaycana səfərləri çoxalar. Təbiidir ki, bu hal ticari münasibətlərin daha da inkişafına təkan verər.

Siz dəfələrlə bəyan etmisiniz ki, İran Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə hazırdır. Sizcə, rəsmi Tehranın vasitəçilik etməklə hər iki tərəfi qane edəcək təklifi nədən ibarət ola bilər?

Nə qədər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb müharibə ehtimalı da qalmaqdadır. Regionda təhlükəsizliyin pozulması İran üçün də təhlükə deməkdir. Nəzərə alsaq ki, İranın həm Azərbaycan, həm də Ermənistanla quru sərhədləri vardır, bu da o deməkədir ki, burada sabitliyin bərqərar olunması ölkəmizin mənafeyinə uyğundur. Əgər regionda münaqişlər olarsa, iqtisadi layihələrin də gerçəkləşməsinə əngəl törədər.
Son vaxtlar hər iki ölkənin – həm Azərbaycan, həm də Ermənistan ordusunun sürətlə silahlanması müharibənin alovlarını daha da artırır. Təbiidir ki, bu hal silah ixrac edən ölkələrdən başqa heç kəsə sərf etmir.
Çox istərdik ki, sözügedən münaqişənin həlli istiqamətində addımlar atılsın. Bu sahədə də öz köməyimizi etməyə hazırıq. Əlbəttə ki, İran İslam Respublikasının da məsələnin həlli istiqamətində öz təklifləri, planları vardır. Lakin, biz hələ ki, bu təklifləri mediaya açıqlaya bilməyəcəyik. Əgər hər iki münaqişə tərəfi bizim vasitəçiliyimizi qəbul etsə, biz də öz təklifimizi irəli sürərik.

34 ildən sonra İran və ABŞ prezidentləri arasında ilk dəfə olaraq telefon danışıqları oldu. Bu tarixi hadisəni İran və Qərb arasında buzların əriməsi kimi qiymətləndirmək olarmı? Həmçinin son vaxtlar İran-ABŞ arasında münasibətlərin yaxşılaşması gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində İranın oynaya biləcəyi rola təsir göstərə bilərmi?

İranın Nyu-Yorkdakı diplomatiyası çox uğurlu oldu. Lakin, bu da həqiqətdir ki, İranla ABŞ arasındakı etimadsızlıq divarı çox yüksəkdir. 34 ildən çoxdur ki, Amerika İran xalqı əleyhinə düşmənçilik siyasəti aparır. Əlbəttə ki, bütün bu problemlər bir telefon danışığı ilə həll oluna bilməz. Biz Amerika tərəfindən əməli addımlar gözləyirik. Hər halda bu yaxşı bir başlanğıcdı amma yeterli deyil. Təəssüflər olsun ki, bəzi qüvvələr, o cümlədən də sionist rejimi yaranmış olan bu xoş atmosferi pozmağa çalışır. Bundan sonra Barak Obama özü də sionist ölkəsinin rəhbəri ilə görüşündə İranı təhdid etdi. Lakin, İran 34 ildir ki, təhdid dilini qəbul etmir. Buna görə də Amerika çalışmalıdır ki, sionist rejimi ilə təkliflərini məyyənləşdirsin.

İranla Amerika arasındakı problemlərin həlli nəyinki Dağlıq Qarabağ münaqişəsinin həllinə, bütün dünyada olan təhlükəsizliyin bərqərar olunmasına kömək edə bilər.

Sıradakı sualım elə birbaşa İranı da yaxından maraqlandıran Suriya böhranıdır. Bu günlərdə BMT TŞ-da “Suriyada kimyəvi silahların” ləğvi ilə bağlı qəbul olunan qətnamə sizcə, Qərbi istəyinə çatdırdımı? Çünki qətnamənin 7-ci bəndi hərbi müdaxiləni isitisna etmir. Belə demək olarsa bölgədə müharibə riski hələ də qalmaqdadır. Və biraz da irəli getsək, sizcə, Amerika Suriyaya girərsə, bu nə ilə nəticələnə bilər? Çünki, ABŞ-ın Əfqanıstana və İraqa hərbi müdaxiəsindən sonra bu ölkələrdə gərginlik hələ də davam edir? (Terror aktlarını nəzərdə tuturam).- Suriyada meydana gəlmiş münaqişələrin əsas səbəbi Qərbin özüdür. Suriyada problem yox idi. Problemi Qərb özü yaratdı, toqquşmalara səbəb oldu. Hər bir dövlət kimi Suriyada da müxalifətlə hökumət arasında fikir ayrılıqları mövcud idi. Həmin o fikir ayrılıqlarını da danışıqlar yolu ilə həll etmək mümkün idi. Məgər ölkədə müxalifətlə iqtidar arasında fikir ayrılığı olduqda müharibəmi yaranmalıdır? Xarici ölkələr bu ölkənin daxili işlərinə müdaxiləmi etməlidir?
Ümumiyyətlə, Qərb Suriyada təhlükəsizliyin pozulmasında çox maraqlıdır. Terrorçuları silahlandırmaqla onlar bunu bir daha sübut etdilər. Hələ bir il bundan öncə, 2012-ci ilin dekabr ayında rəsmi Tehran İsveçin İrandakı səfirliyi vasitəsi ilə rəsmi nota verərək ABŞ-a bildirdi ki, Suriyada olan terrorçular kimyəvi silahları ələ keçiriblər. Qərb terrorçu qruplaşmaların Suriyada kimyəvi silahları ələ keçirmə faktına tam sakit yanaşdı və bu məsələnin üzərindən sükutla keçdi.
Adıçəkilən qətnamənin tam icrası üçün mütləq kimyəvi silahlarla bağlı təkliflər irəli sürülməlidir. Hal-hazırda 700 nəfərdən çox Avropa vətəndaşı olan terrorçular Suriya dövlətilə vuruşurlar. Suriyada münaqişə bitdikdən sonra həmin bu terrorçuların ölkələrinə qayıtdıqdan sonrakı aqibəti indi Avropanın özünü də narahat edir.
Əslində Qərb bu münaqişəyə başladıqda sionist rejiminin problemlərinin həllini hədəf götürmüşdü. Əsl hədəf Suriyanı sionist rejiminə qarşı neytrallaşdırmaq idi. Demokratiya, insan haqları və digər bunun kimi Qərbin səsləndirdiyi ittihamlar bəhanə idi. Təəssüflər olsun ki, regiondakı bəzi ölkələr anlamadılar ki, burada əsas məqsəd sionist rejiminin mənafelərini təmin etmək idi. Əfsuslar olsun ki, bəzi region ölkələri özləri sionist rejimi ilə mübarizə şüarları səsləndirirdilər, lakin ABŞ-la bir cəbhədə dayanmaqla faktiki olaraq sionist rejimini müdafiə etdilər. Hərçənd Amerika özü də mövcud qətnamədən o qədər də razı deyil. Çünki Amerika çalışırdı ki, Bəşər Əsəd hökumətini çökdürsün. Sirr deyil ki, adıçəkilən qətnamə Rusiyanın təklifi və təkidi ilə təstiqləndi. Nə qədər ki, böyük güclər beynəlxalq prinsiplərə riayət etməyəcək digər ölkələrdə də belə problemlər yenə də baş verəcək.
Arxayın olun, əgər Amerika Suriyaya hücum edə bilsəydi indiyədək çoxdan hücum etmişdi. İndiyədək ona görə hücum etmədi ki, çünki, edə bilmədi.

Fələstinlə İsrailin sülh danışıqlarına başlamasını necə qiymətləndirirsiniz? Sizcə, İsrailin Fələstin torpaqlarından çıxması ehtimalı nə dərəcədə realdır?

Torpaqların danışıqlar yolu ilə qaytarılması ehtimalı sıfıra bərabərdir. 50 ildən artıqdır ki, İsrail öz uğursuz danışıqları ilə öz dayaqlarını işğal etmiş torpaqlarda bərkidir. Bu müzakirələrin indiyədək heç bir nəticəsi olmayıb. Ona görə ki, müzakirələrin ilkin və vacib şərti ondan ibarətdir ki, İsrail Fələstinin işğal edilmiş torpaqlarında şəhərsalma prosesini dayandırmalıdır ki, bu şərt isə heç vaxt gerçəkləşməyib. BMT-nin qətnaməsinə görə İsrail yəhudi vətəndaşları üçün Fələstin torpaqlarında şəhərsalma prosesini dayandırmalı idi.
Lakin, İsrail bu qətnamələrə heç vaxt məhəl qoymayıb. Hələ də Qəzza mühasirədədir. Müzakirələr yalnız vaxt qazanmaq və İsraili blokada şəraitindən çıxarılmasına hesablanmışdır. İndiki vəziyyətdə İsrail ən çox blokadaya alınmış rejimlərdən biridir. Elə bütün bunlara görə də bu danışıqların heç bir nəticəsi mümkün deyil.

Bir neçə gün öncə R.T.Ərdoğanın açıqladığı demokratikləşmə paketindəki maddələrdən biri dövlət idarələrində hicaba qoyulan qadağanı aradan qaldırmağı nəzərdə tutur. Ümumiyyətlə, AKP (Ədalət və İnkişaf Partiyası) hökumətinin irəli sürdüyü demokratikləşmə paketinə münasibətiniz?

Bu Türkiyənin daxili işləridir. Lakin yenə də demokratikləşmə paketini müsbət qiymətləndirirəm.

Sonda, zəhmət olmasa deyin, biz nə vaxt İrana dəmiryolu ilə gedə biləcəyik? Bakı-Rəşt dəmiryolu layihəsi hansı mərhələdədir?
Qısa vaxt ərzində. Rəşt şəhərinə qədər dəmir yolunun çəkilişi demək olar ki, yekunlaşıb. Rəşt-Astara arasında işlər davam etdirilir. Hər iki ölkə çox ciddi səylə layihənin başa çatması üçün çalışır. Ümid edirəm ki, bir il ərzində bu layihə uğurla başa çatacaq.

birlik

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button