ArxivXəbər lentiXəbərlər

AİP-in növbəti baş məclisi keçirilib

Bu gün Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin toplantısı keçirilib. Baş Məclisin gündəliyində müxtəlif məsələlər səsləndirilib. Partiyanın gündəliyində sonuncu Baş Məclisdən ötən müddət ərzində AİP-in fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr, ölkədə və beynəlxalq aləmdəki ictimai-siyasi vəziyyət, həbsdə olan siyasi məhbusların problemləri və digər məsələlər olub.

Tədbir ilk öncə Allah kəlamının oxunuşu və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıldı.

Partiyanın Baş Məclisində ilk öncə çıxış üçün söz AİP-in sədr əvəzi Hacı İlham Əliyevə verildi. Sədr əvəzi öncə partiyanın baş məclisinə toplaşan hər kəsi salamladı və təşrif buyuran AİP funksionerlərinə, komitə sədrlərinə təşəkkürünü bildirdi.

Həbsdə olan AİP lideri Mövsüm Səmədovun hər kəsə salam göndərdiyini qeyd edən Hacı İlham Əliyev, Doktor Səmədovun səhhətinin yaxşı olduğunu qeyd etdi. Bundan sonra ilahiyyatçı alim İmam Sadiq(ə)-in şəhadət günündən, o Həzrətin(ə) şəxsiyyətindən və keçdiyi həyat yolundan danışdı.

“Bildiyiniz kimi bu gün İmam Sadiqin (ə) şəhadət günüdür. Bütün Əhli-beyt məktəbinin davamçılarına, Azərbaycan xalqına, o cümlədən məclis əhlinə başsağlığı ərz edirəm. İmam Sadiq(ə)-ın atası İmam Baqir (ə), anası Ümmi-Fərvə olub. İmam Sadiq (ə) öz kəlamlarında anasının təqvalı, imanlı, fəzilətli bir xanım olaraq yad edib. Ağa 65 il dünyada yaşayıb və 34 il imamət məqamında olub. Bu müddətdə zamanın 7 hakiminin dövründə yaşayıb. Hakimlərin 5-i bəni-Üməyyə, 2-si isə Bəni-Abbasilər sülaləsindən olub. O, Həzrətin(ə) həyatı iki böyük sülalənin qarşı-qarşıya gəldiyi bir dövrə təsadüf edib. İctimai-siyasi məsələlərin gərgin olduğu bir vaxtda ömür yaşayıb. Təxminən 90-92 il bəni-Üməyya sülaləsinin hakimiyyəti imam Sadiqin(ə) ömür etdiyi dövrdə bəni-Abbasilər tərəfindən zəiflədildi. Şiələrin qanı bahasına yaranan sülalə çökdü. İki sülalə arasında hakimiyyət davası baş verdikdə İmam Sadiq (ə) bundan istifadə edərək İslamı düzgün, olduğu kimi cəmiyyətə təqdim edə bildi. 4 minə yaxın tələbəsi olub və müxtəlif sahələrdə, dünyəvi elmlərdə belə imam Sadiq(ə) tələbə yetişdirə bildi. İmamın həyatında diqqət çəkən məqamlardan biri həmin dövrün siyasi səhnəsində onun necə hərəkət etməsi ilə bağlıdır. Bəni Abbasilər, Bəni-Üməyya sülaləsini devirmək istədikdə onların şüarı, iddiası o olub ki, xilafət peyğəmbər və ali peyğəmbərindir(s.ə). Onlardan başqası hakimiyyətdə olmaq hüququna malik deyil. Abbasilər Əhli-Beytin(ə) adı ilə hakimiyyətə gəliblər. Bu sülalənin daşıyıcıları peyğəmbərə qohum idilər və ona görə də, iddianı cəmiyyətə qəbul etdirə bildilər. Onlar Əhli-Beyt(ə) adı ilə qiyam edib xalqı özlərinə çəkə bildilər. Şüarları isə o idi ki, hakimiyyətdə Əhli-Beyt(ə) olmalıdır. Hətta İmam Sadiqə (ə) təkliflər gəlirdi ki, onlarla birlikdə olsun. Lakin imam bu cür atmosferin yaranmasına aldanmır. Bəni-Üməyyə sülaləsini tənqid etdiyi kimi, abbasilər sülaləsini də tənqid atəşinə tutur. Əbül Abbas Səffah və Mənsum Dəvani inqilaba rəhbərliyi öz əllərinə alırlar. İkisi birlikdə 24 il hakimiyyətdə oldular. Lakin imam öz çıxışlarında bəyan edir ki, abbasilərin niyyəti heç də Bəni-Üməyyə sülaləsindən geri qalmır. Bunlar da çirkin niyyətlərlə mübarizəyə başlayırlar. Onlar hakimiyyətə yiyələndikdən sonra bizim qarşımızda dayanaraq öz hakimiyyətlərinin arxasınca gedəcəklər. Ona görə də, İmam Sadiq(ə) abbasilərə qoşulmur. İmam Sadiq(ə) həqiqi İslam adı ilə hakimiyyət yaratmaq istəyirdi. Eyni halda imam qiyamın qarşısını da almır. Öz xətti, məqsədi və planı ilə hərəkət edir. İmam Sadiq(ə) hədislərində nəql edir ki, Əbu-Mənsum imama məktub yazaraq nəsihət istəyir. İmam kəskin bir cümlə ilə cavab yazır: “ O insan ki, dünya arxasınca qaçır, o insan səni nəsihət etməz. Əksinə xoşu gələr sənin bugünkü əməllərindən. Axirət dalınca qaçan, Allahı düşünən isə səninlə dostluq edib, yanında olmaz”.

İmam Sadiqin(ə) daima öz şiələrinə zülmdən kənarda gəzməklə bağlı təşviq etdiyini söyləyən AİP-in sədr əvəzi, “imam hər vaxt təkidlə bildiridi ki, zülmə zərrə qədər də olsun kömək etmək olmaz”, – deyə bildirdi:

“Bir nəfər həccə gedənlər üçün dəvələrini icarəyə verirdi. İmam Sadiq(ə) bu adamı yanına çağıraraq dəvələrin harda olduğunu soruşur. Adam zəmanə hakiminin adamlarına icarəyə verdiyini deyir. O, Həzrət(ə) narahat olur. Niyə bu həddə qədər zülmə xidmət etdiyini soruşur. Adam cavab verdi ki, zülmə xidmət etmir. Sadəcə olaraq dəvələrini icarəyə verərək pul alır və bu pulu möminlər üçün xərcləyir. Ağa buyurdu: “Bu insanlar həccə gedib-gələnə qədər ürəyində də olsa onların salamat qayıtmaları üçün dua edirsən? Adam dəvələrinin salamat çatması üçün dua etdiyini bildirir. Bu zaman imam deyir ki, sənin bu həddə zülmə xidmətin, zalımın xidmətində olmağına kifayət edir”.

Daha sonra Hacı İlham Əliyev partiyanın fəaliyyəti və gördüyü işlər barədə məlumat verdi.

Daha sonra partiya funksioneri Akif Heydərli çıxış etdi. O, bildirdi ki, AİP ictimai-siyasi məsələlərə digər partiyalardan fərqli bir mövqe sərgiləyir. Biz ölkəmizdə olan vəziyyəti, ictimai-siyasi prosesləri beynəlxalq güclərin və təşkilatların rəy və təklifləri ilə deyil, məhz xalqımızın gündəlik həyatı və yaşayışı ilə qiymətləndiririk:

“Bildiyimiz kimi ötən il manatın iki dəfə devalivasiyaya uğramasından sonra, əhalinin ağır olan vəziyyəti daha da çətinləşdi. Bəzi hakim dairələr inkişafdan fəxrlə danışsalar da, Nazirlər Kabineti ölkədə ümumdaxili məhsulun həcminin zəif olmasını etiraf etdi. Bəzi hakim dairələr ümumdaxili məhsulun həcminin artmasını bilərəkdən mane olurlar və öz monopoliya maraqlarını düşünürlər. Əsasən də kənd təsərrüfatı və yüngül sənayenin inkişafında bəzi qüvvələr maraqlı deyillər. Bu da əhalinin gündəlik yaşayış səviyyəsinin aşağı düşməsinə mənfi təsir göstərir.”

Akif Heydərli onu da qeyd etdi ki, son illər Azərbaycanda İslam dəyərlərinə qarşı insanların meyli daha da artıb: Lakin bununla yanaşı bu gün İslamdan uzaq düşən insanların sayı da az deyil. Onlar çarəni narkomaniya və intiharda görürlər. Bu Azərbaycanda artıq adi hala çevrilməkdədir. Gənclər mənəvi boşluqlarını doldurmaq üçün pis vərdişlərə üz tuturlar. Bu gün ölkədə 29 mindən artıq narkoman var və bu sadəcə rəsmi açıqlanan rəqəmdir. Eyni zamanda aztəminatlılıq nəticəsində İŞİD və digər terror qruplarına qoşulanların sayı da artır. Bu da ölkə üçün təhdiddir. İslam Partiyası olaraq biz neqativlərin qarşısını almaq üçün əsl İslama geniş meydan açmağın vacibliyini vurğulamışıq. Lakin təəssüflər olsun ki, buna diqqət yetirilməyib. Bunlarla mübarizə əvəzinə düz söz deyən haqqı səsləndirən islamçılara qarşı basqılar artır. Bu gün bizim ən böyük problemimiz Dağlıq Qarabağ məsələsidir. Qarabağ probleminin acısını hər bir ailə yaşayır. Bu torpaqdan qovulan 1 milyondan çox qaçqın şərikli çörək yeyir. 5 rayonun qaytarılacağı fikiri ilə insanların beynini dolduran hakimiyyət əslində heç bir nəticə hasil edə bilmir. ABŞ və onun departamenti Dağlıq Qarabağda “zərər çəkən “ ermənilərə külli miqdarda maliyyə ayırır. Azərbaycan hakimiyyəti isə öz mövqeyini möhkəmləndirmək üçün çalışır. “

Sentyabrın 26-da keçriləcək referenduma münasibət bildirən AİP funksioneri bildirdi ki, sözügedən referendumda 29 maddəyə 80-dən artıq əlavə və düzəlişlər nəzərdə tutulub: “Burada məqsəd sadəcə prezidentin səlahiyyətlərinin artırılması nəzərdə tutulub. Bundan əlavə ABŞ və digər nəhəng dövlətlərdə vitse-prezident institutunun olması adi hal hesab edilsə də, Azərbaycan kimi kiçik ölkədə bu postun təsis olunması düzgün deyil. Bu post da birinci şəxsin səlahiyyətlərinin möhkəmləndirilməsi kimi qiymətləndirilir.”

Akif Heydərli sonra Türkiyədə baş verən olaylara da münasibət bildirib: “Biz dərhal AİP olaraq mövqe sərgilədik. Baş verənlər Türkiyəyə rəhbərlik edın qüvvələrin daxili və xarici siyasətdə baş verdikləri boşluğun nəticəsi idi. Bundan da ABŞ və ona yaxın olan alyans dövlətləri istifadə etdilər.”

Sonda çıxış üçün söz verilən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimovaya verildi. Növrəstə xanım çıxışı zamanı bildirdi ki, haqq cəbhəsində olanların sayının azlığı  baxmayaraq, onların daxillərinin böyüklüyü hər bir halda düşmənləri məğlub duruma salır: “Əgər hər bir xalq öz mənliyini dərk edərsə, həmin xalq, işğal altında olan mənəviyyatını və torpağını azad etməyi bacaracaq. Maraqlıdır əvvəlki illərdə konstitutusiya qəbul ediləndə orada hicablı qadınların hüquqlarını əlindən məsələni zorla ora saldılar. Lakin bir nəfər də olsun rəsmi şəxs buna etiraz eləmədi. Amma indi rahat formada prezidentliyin yaş fərqinin o qədər də əhəmiyyətli olmadığını təbliğ edirlər və bununla bağlı əllərindən gələn bütün dəstəyi nümayiş etdirirlər. Gərək ki, haqq cəbhəsi düz söz deməkdən qorxmasın.”

Baş məclisin sonunda Həzrəti İmam Sadiq(ə)-ın şəhadəti ilə bağlı əzadarlıq təşkil edilərək, nohə və roizələr oxunub. Sonda məclis fərəc duasının oxunuşu ilə sona çatıb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button