ArxivXəbər lentiXəbərlər

Mollaxana təhlükəlidir, yoxsa fahişəxana?..

Müsəlmanlara “gerizəkalı” deməklə onları irəli apara bilməyəcəyik, Fazil bəy!…

 Xeyli vaxtdır ki, hörmətli deputat Fazil Mustafanın ölkədə şəhidlər ağası İmam Hüseyn(ə) başda olmaqla Kərbəla şəhidlərinə, imamlara və  s. mərsiyyə deyib ağlaşan kişilərə, qadınlara qarşı mübarizəsi davam edir. Bu günlərdə Fazil bəy sosial şəbəkədə daha bir çağırışla çıxış edib:”Bu ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik…”

Əvvəla, onu deyim ki, bəndəniz də İmam Hüseyn(s), Kərbəla şəhidləri başda olmaqla  şəhidlərimizə, imamlarımıza həddindən artıq yas tutmağın, ağlaşmanın əleyhinədir. Doğrusu, şəhidlərimizə ürəkdən yansam da, onların yolunda baş qoymağa hazır olsam da, o mərasimlərdəki bəzi mərsiyyələrin tonu, ləhcəsi qəlbimə yatmır. Bəlkə də səhv edirəm, ancaq hesab edirəm ki,  belə mərasimlər  müsəlmanlara mübarizlik yerinə mütilik, köləlik aşılayır… Zənnimcə, Aşura günlərində, digər dini mərasimlərdə 10-15 dəqiqəlik ağlaşmadan sonra insanlara daha çox bu günkü gerçəkliklərdən bəhs etmək, müasir dövrdə bu dünyadakı haqsızlığa, zülmə qarşı mübarizə aparmağın yollarından, İslamın sütunlarından olan əmr be-məruf və nəhy əz-münkərdən, imandan, təqvadan, ixlasdan,  bəhs etmək, Quran ayələrini doğma dilimizdə doğru şəkildə izah etmək gərəkdir… Amma qəlbimizə yatmır deyə, əsrlərlə formalaşmış ənənələri bolşevikcəsinə qamçılamaq, onu icra edənləri “cahil”, “gerizəkalı” adlandırmaq da yanlışdır… Müsəlmana “gerizəkalı” deməklə onu irəli apara bilməyəcəyik, Fazil bəy!..

İkincisi, mollaxana məsələsinə gəldikdə, dövri-qədimdən ta ki 1920-ci illərədək Lənkərandan Naxçıvana, İrəvandan Qarabağa, Şirvanadək dədə-babalarımız ilk təhsilini mollaxanada alıb. Bir misal da çəkim. Bəndənizin babalarıyla eyni nəsildən, eyni kənddən olan Hacı Molla Şükür Axundzadə mollaxanada ibtidai təhsil aldıqdan sonra XX əsrin əvvəllərinədək Bakının bir sıra məscidlərinin məşhur axundu olmuş əmircanlı Mirzə Əbu Turabla (görkəmli xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev Əbu Turabın ayağı altında dəfn edilməsini vəsiyyət edib) birgə Nəcəf və Bağdadda yüksək ruhani və dünyəvi təhsil alıb. Hacı Molla Şükür sovet hakimiyyəti qurulanadək Şuşada Qarabağın axundu olub və övliya timsallı məşhur bir din xadimi kimi tanınıb. O, tibb, astronomiya, ruyaziyyat, coğrafiya və s. elmlərini o dövr üçün kifayət qədər mənimsəyib. Qarabağdakı yoxsul insanların pulsuz müalicəsi ilə məşğul olub. 1905-1906-cı, 1918-1920-ci illərdəki erməni-müsəlman davalarında Şuşanın müdafiəsini təşkil edib. Belə babalarımızın  cahil olmasını isbatlaya bilərsinizmi?..

Sovet dövründə Azərbaycanın dini məktəblərdə təhsil almış kifayət qədər imanlı, savadlı on minlərlə din xadimi sürgünlərə, güllələnmələrə, başqa formada repressiyyalara məruz qalıb… Ümumiyyətlə, din xadimlərini mollaxanaları ifrat aşağılamaq İslama düşmən olan sionist, mason sisteminin və onların eksperiment üçün qurduğu allahsız Sovet hakimiyyətinin prinsiplərindən olub…

Doğrudur, dindən sui-məqsədləri üçün yararlanan, imperiya hakimiyyətlərinin təşviqi ilə insanların müti, cahil vəziyyətdə saxlanmasına xidmət edən üzdəniraq din xadimləri olduğundan “mollaxana” adlanan mədrəsələrdə də neqativ hallara, xurafata, mövhumata, şagirdlərə qarşı zorakılığa yol verilirdi. Ancaq bütövlükdə mollaxanalara həqarət etmək yaramaz. Çünki bu məkanlarda, ən azı, məzhəbindən, təriqətindən asılı olmayaraq hər bir müsəlmanın dərin sayğıyla yanaşdığı, ibadət etməyənlərin belə üzərinə and içdiyi Qurani-Kərimin –sonuncu Allah Kitabının hərfləri, tilavət qaydaları öyrədilib…

Üçüncüsü, belə anlayıram ki, siz hansısa ölkə, təriqət tərəfindən Azərbaycanda xurafatın, mövhumatın, cahilliyin, nadanlığın yayılmasından ehtiyat edirsiz. Sizinlə razıyam, Fazil bəy. Hazırda bir neçə müsəlman ölkəsi və xaricdən yaradılan, idarə olunan qondarma qeyri-ənənəvi, radikal, təkfirçi cərəyanlar ciddi-cəhdlə öz dini modellərini Azərbaycana sırımaq istəyir. Lakin nəinki Azərbaycan, bütövlükdə İslam üçünbunlardan ən  təhlükəlisi hansıdır? Söhbət ondan gedir. Bu mənada İmam Hüseyn(ə) sevdalıları heç cür Azərbaycan üçün təhlükə ola bilməzlər.  Əksinə, nəinki İmam Hüseyn(ə), Həzrət Əliyə(ə), Peyğəmbərimizə(s) belə düşmən kəsilən, Onun məzarını dağıtmağa çağıran, “mənim əsam Peyğəmbərin məzarından dəyərlidir” deyənlərin ardıcılları İslam, türk dünyası üçün böyük təhlükədir. Azərbaycanda, eləcə də digər müsəlman ölkələrində terror törətməyə cəhd edənlər, saxta “xilafət” qurmağa çalışanlar  Aşura sevdalıları yox, “İŞİD”, vəhhabi qruplaşmalarıdır.  “Müsəlmanlara televizora baxmaq, musiqi dinləmək və s. qadağandır” deyənlər də məhz bu cahillərdir. Əgər mübarizə aparmaq gərəkdirsə, ilk növbədə onlara qarşı mübarizəyə səsləmək lazımdır cəmiyyəti…

Dördüncüsü və ən əsası, gəlin görək  bu gün Azərbaycanda Məhəmməd peyğəmbərimizdən(s) öncəki cahiliyyə dövrünə, Quranda da təsvir edilən Lut, Sədom və Homorra dövrlərinə aid kütləviləşmiş və ya kütləviləşməkdə olan hansı xüsusiyyətlər var – cəmiyyətin düşünən beyinlərini, ziyalıları, gəncləri onlarla mübarizəyə səsləyək…

Kütləvi şərabxorluq – varmı? Vardır… Alkoqoliklərin, əyyaşların sayına görə Sovet dövründə istehza etdiyimiz Rusiyanı bəlkə də  ötmüşük…

Kütləvi qumarbazlıq varmı? Vardır… “Topaz”dan, lotereyadan tutmuş gizli qumarxana və kazinolaradək – bəlkə minlərlə məkanda Azərbaycan vətəndaşının, müsəlmanının, gəncinin, kişisinin(!) əqidəsi, əxlaqı pozulur…

Yarıçılpaq, hətta lüt  qız və qadınların, “qaluboy”ların iştirakıyla striptiz, əxlaqsız musiqi, göbək rəqsi, alkoqollu içkilər, narkotik  və s. istifadəsi ilə müşayiət olunan kütləvi eyş-işrət məclisləri varmı? Vardır… Gecə klubları, barları, bəzi restoranlar və s. nədən ötrüdür?

Bir qrup insanın varlanması, böyük əksəriyyətin yoxsullaşması hesabına kütləvi kredit, sələmçilik varmı? Vardır…

Türk, İslam əxlaqına uyğun olmayan hədsiz açıq-saçıq, bayağı, bambılı qız –qadın geyimləri kütləviləşibmi? Bəli… Bu günlərdə yarıçılpaq qızın metroda özünə haqq qazandırmasının şahidi oldunuz…

Lut qövmünə uyğun olaraq kişilər arasında ləvata meyl edən üçüncü cins nümayəndələri tədricən artmaqdadırmı? Bəli, hətta eynicinsli evlilik hallarına da rast gəlinir…

Zinakarlıq, fahişəlik kütləviləşməyə doğru gedirmi? Gedir… Müsəlman ölkələrini, o cümlədən

Azərbaycanı bütövlükdə fahişəxanaya çevirməyə çalışan güclər kifayət qədər güclüdür. Düzdür, müsəlman adlananlar arasında nəfsini saxlaya bilməyib siğə, mutə adı altında fahişəliyə, zinakarlığa şərait yaradanlar da var. Amma bu,telekanalların, gecə barlarının, striptiz klublarının təbliğatından, təsirindən güclü ola bilməz…

Onu da nəzərə alaq ki, lap mollaxanada, mərsiyəxanada cahillik, möhvumat  məqamları olsa belə, Azərbaycanda bir neçə məscidi, məkanı, Aşura günlərini, Ramazan ayını çıxmaq şərti ilə uşaqların, gənclərin, ümumiyytlə, məmləkət əhlinin belə tədbirləri kütləvi şəkildə izləmək imkanı yoxdur. Amma sadaladığımız əxlaqsızlıq, həyasılzlıq məqamları telekanallar, bir sıra media vasitələri başda olmaqla kafelər, barlar, klublar, restoranlar, otellər, massaj salonları vasitəsilə hər gün, hər saat, hətta hər an uşaqlı-böyüklü, oğlanlı-qızlı, qadınlı-kişili hər kəsi hədəfdə saxlayır. İndi Fazil bəy, deyin görək İslam, türk dünyası, o cümlədən Azərbaycan üçün, fahişəxana, qumarxana, nəşəxana, şərabxana təhlükəlidir, yoxsa mollaxana?..

Kütləviləşən əxlaqi mənfiliklərin siyahısını çoxaltmaq olar… Unutduğum oxşar hallar varsa, özünüzün və oxucuların yadına düşər, yəqin…

Telekanallarımız isə bütün bu sadalanan əxlaqsızlıqların ruporuna, təbliğatçısına çevrilib…

Və bütün deyilənlər orta əsrlərdən bəri səlibçi, mason, sionist, nə bilim, anqlosaks adlanan bəşər, İslam, türk düşmənlərinin yüz illərlə həyata keçirdiyi və hələ də davam edən proqram və planlarının tərkib hissəsidir. Dünyaya əsl ədalət nümunəsi göstərən nəhəng Osmanlı dövləti başda olmaqla müsəlman dünyasını çökürtmək, İslam dinini məhv etməyi hədəfləyən  Böyük Britaniya Krallığının müstəmləkələr üzrə nazirliyinin tərtib etdiyi min səhifəlik proqramın maddələrini bəzəyir bu deyilənlər. Həmin maddələr arasında ötən yazılarımdan birində xatırlatdığım şiə müsəlmanların əzadarlıq məclislərinin və ümumiyyətlə, İslam abidələrinin, peyğəmbər məzarlarının dağıdılmasına, eləcə Türkiyə-Osmanlı dövləti ilə İran arasında süni ziddiyyətlər yaratmağa çağıran  çağıranlar da var… Xatırladım ki, Osmanlı dövləti əsasən əhli-sünnə qaydasıyla  yaşayan bir dövlət olub. Yəqin ki, həmin ölkənin dini modelini də təftiş etməyə qalxmazsınız…

Üstümüzə qloballaşma, saxta “demokratiya” adı altında nəhəng bir şər, əxlaqsızlıq, simasızlıq seli gəlir və xeylimizi artıq boğub. Böyük əksəriyyət həmin axının əksinə üzməyə cəsarət etmədiyindən Azərbaycanın, bütövlükdə müsəlman-türk dünyasının həm fiziki, fizioloji, həm də ruhi-mənəvi tənəzzülü təhlükəsi var. Bəlkə xalqı buna qarşı səfərbər edək?..

Yazıda yol verə biləcəyim səhv və xətalara görə Allah özü bağışlasın…

Sultan Laçın

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button