ArxivXəbər lentiXəbərlər

Gömrük yığımlarının məbləği 50 faiz artırıldı

İqtisadçı: ”Rüsumların artırılması ölkəyə idxal ediləcək məhsulların xərcinin və qiymətlərinin artırılmasına səbəb olacaq”

Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib.

Dəyişikliklər sentyabrın 6-da qüvvəyə minəcək.

Qərarda qeyd olunur ki, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları məbləği belə olacaq:

“Gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat (Hazırda 10 manatdır), gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat (hazırda 50 manatdır), gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat ( hazırda 10 000 manatdan 100 000 manata qədər olduqda 100 manatdır), gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat. Gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat (Hazırda 100 000 manatdan yuxarı olduqda 275 manatdır).

Yeni məbləğlərə görə gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat, gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat olacaq.

Qərara əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
Yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 30 manat (hazırda 20 manat), digər avtonəqliyyat vasitələri üçün 25 manat (hazırda 15 manat)
Stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə (hər 24 saat üçün) nəzərdə tutulan məbləğ 5 manatdan 10 manata qaldırılır.

Nazirlər Kabinetinin “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə qərarını Meydan TV-yə şərh edən iqtisadçı Vüqar Bayramov xatırladıb ki, bundan öncə ölkəyə gətirilən minik avtomobillərində daşınan yanacağa və mobil telefonlara tətbiq edilən rüsumlar da artırılıb.

“Son həftələr gömrük rüsumlarlının artırılması müşahidə edilir. Rüsumların artırılması ölkəyə idxal ediləcək məhsulların xərcinin və qiymətlərinin artırılmasına gətirəcək. Söhbət nəqliyyat vasitələrinə tətbiq edilən yığımlardan və üsullardan gedir ki, bu da onların xərclərinə təsir göstərəcək.

Bir müddət öncə mobil telefonlara tətbiq edilən rüsumlar əslində mobil telefonların xərcini artırdı. Bu baxımdan karqo xərclərin artırılması idxal edilən məhsulların qiymətlərinə təsirini göstərəcək. Burda məqsəd gömrükdən dövlət büdcəsinə daha çox vəsaitin yönəldilməsini təmin etməkdir.

Amma bununla belə, rüsumların və yığımların artırılması istehlak bazarına təsir edəcək. Ona görə məqsədəuyğun olardı ki, Nazirlər Kabineti bu qərarları verən zaman kəskin rüsum və yığım artırılmasına getməsin, çünki nəticə etibarilə 50 faizlik artım xərclərin və qiymətlərin qalxması ilə nəticələnir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button