ArxivXəbər lentiXəbərlər

“Nardaran işi” məhkəməsi davam etdirilib

Təqsirləndirilənlərdən biri hakim tərəfindən zaldan çıxarılıb, sonra…

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi ” Hərəkatının üzvü Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Nardaran hadisələrində təqsirləndirillən digərlərinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Proses başlamazdan əvvəl Taleh Bağırzadə çıxış edib. O, bildirib ki, telekanallarda dindarlarla bağlı təbliğat aparılır:”Milli Şuranın, Əli Kərimlinin, Cəmil Həsənlinin imanını təftiş edənlərin özlərinin imanını təftiş etmək lazımdır. Nardaranda matəm bayraqları tapdalananda, qan töküləndə harda idi onlar?”

Sonra Tale Bağırzadə deyib ki, bizi öldürən, zülm edən Milli Şura deyil. Bu hakimiyyət ermənilərə sərf edir. Biz istəyirik bu xalq bir gün görsün. Hakimiyyət üçün din maraqlı deyil.

Daha sonra iclas başlayıb. İclasda çıxış edən Abbas Hüseynov Milli Şuranın aksiyalarına dəstək olduğu üçün cərimə kamerasına salındığını deyib: “İcazəli aksiyaya dəstək olduğum üçün bunu edirlər. Deyirlər, göstəriş Prezident Aparatından gəlib. Bizim azadlığımızı əlimizdən alıblar”. Hakim isə bunun iclasa dəxli olmadığını, bunun məhkəmə yolu ilə vəkillər tərəfindən həll oluna biləcəyini deyib. Daha sonra təqsirləndirilən şəxslərin “Şrek” adlandırdığl BMCMİ-nin əməkdaşı İbrahim Kazımov ifadə verib. O, Rasim Cəbrayılovu zərərsizləşdirdiyini deyib. Bildirib ki, ondan silah götürülüb və Rasim onlara atəş açıb.

Təqsirləndirilən şəxslər isə ondan ucadan danışmağı və onların üzünə baxmağı tələb ediblər. Şahid isə onlara “qəhrəmanlıq etmisiniz ki, üzünüzə baxım?”cavabını verib. Bu təqsirləndirilən şəxslər tərəfindən narazılıqla qarşılanlb. Hakim fasilə elan edib.

Fasilədən sonra hakim deyib ki, İ.Kazımov daha sonra çağıırlıb ifadəsinə davam edəcək. İclasda BMCMİ-nin əməkdaşı Kamil Məmmədov da ifadə verib. O, Aqil İsmayılovu zərərsizləşdirdiyini deyib. Bildirib ki, ondan qumbara çıxıb. O, həyətdən partlayıcı qurğu tapıldığını desə də, onu təsvir edə bilməyib. Vəkillər ondan atışmanın dayanma səbəbini soruşublar. Şahid “yəqin ağılları başlarına gəldi” deyə cavab verib. Bu da narazılıqla qarşılanıb. Abbas Hüseynov hakimdən ona irad tutmasını istəyib: “Qorxursunuz ki, sizə də “Bandotdel”də işgəncə verərələr?” Hakim isə bundan sonra Abbas Hüseynovun zaldan çıxarılması barədə qərar qəbul edib.

Fasilədən sonra hakim Əlövsət Abbasov bildirib ki, Abbas Hüseynova dəfələrlə xəbərdarlıq edilib, lakin o, buna məhəl qoymur: “Bu gün ona üç dəfə xəbərdarlıQ edildi. Onun etdiklərini siz də görürsünüz. Nə zaman məhkəməyə müraciət edib, üzrxahlıq etsə, o zaman iclasda iştirakı təmin ediləcək. Bu, qanunvericiliyin tələbidir. Kimisə təhqir edibsə, üzr istəmək qəbahət deyil”.

Təqsirləndirilən şəxslər isə Abbas Hüseynov olmadan iclasın keçirilməsinə etiraz ediblər. Onlar bildiriblər ki, belə olsa, iclasda iştirakdan və vəkillikdən imtina edəcəklər.

Fariz Namazlı isə hakimdən məhkəmə istintaqını bitirməyi və hökmü elan etməyi istəyib. Fuad Qəhrəmanlı isə Abbas Hüseynov əvəzdən söz verib ki, bir daha bu hal təkrar olunmayacaq. Lakin hakim onun özünün müraciət etməsini istəyib. Təqsirləndirilən şəxslər isə hakimdən məsləhətləşmək üçün vaxt istəyiblər. Fasilə zamanı Fuad Qəhrəmanlı və Taleh Bağırzadə Abbas Hüseynovla məsləhətləşiblər. Fasilədən sonra Abbas Hüseynov iclasda iştirak edib. O, heç kimə hörmətsizlik etmədiyini, məhkəmə tərəfindən hüquqlarının qorunmasını istədiyini, əksinə ona qarşı hörmətsizlik edildiyini deyib. Hakim isə onların hüquqlarının qorunduğunu deyib.

Daha sonra Kamil Məmmədov sualları cavablandırıb. O, Aqil İsmayılovu mətbəxdə saxladığını desə də, Aqil İsmayılov bunu təkzib edib. Bildirib ki, başqa bir adam həyətdə saxlayıb və üzərində silah olmayıb: “Bu adam “Bandotdel”də əlini qoydu çiynimə, dedi ki, ölmədiyinə görə sevinmə”.

Taleh Bağırzadə isə şahiddən niyə onu idarəyə çağırmadıqlarını soruşub: “Sizə mən lazım idimsə, çağırardınız gələrdim. Niyə qan tökürdünüz ki?” Şahid isə ona “nə vaxtdan silahlı dəstənin başçısı idarəyə çağırılır” sualını verib. Taleh Bağırzadə isə dəfələrlə polis idarəsinə və MTN-ə çağırıldığını deyib.

Proses sentyabrın 22-də davam edəcək.(Meydan.tv)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button