ArxivAudioSosialXəbər lentiXəbərlər

Türkiyə düşdüyü böhrandan necə çıxa bilər?

Rasim Ağayev: “Yaranmış vəziyyət Türkiyədən böyük milli səfərbərlik tələb edir”

Regionun inkişaf etmiş ən güclü dövlətlərindən sayılan  Türkiyə artıq bir neçə müddətdir ki çətinliklər  məngənəsində boğulur. Buna səbəb isə Türkiyənin qonşu dövlətlərə münasibətlərində müşahidə edilən gərginlik və ölkəni cənginə alan terror aktlarıdır.  İl ərzində  bir neçə dəfə terrora məruz qalan Türkiyə hələ də yaşanan faciələrdən özünə gələ bilmir. Aparılan xarici siyasət nəticəsində isə qüdrətli dövlətlərlə üz-üzə qalması bu ölkəni daha da ağır duruma düçar edir.

Bəs görəsən bütün baş verən proseslərin səbəbləri nədir və Türkiyə yaşanan hadisələrdən necə xilas ola bilər?

 Politoloq bildirib ki, Türkiyədə baş verənlərin həm daxili, həm də geopolitik səbəbləri var: “ Türkiyə də, Azərbaycan kimi strateji mövqedə yerləşdiyi üçün dünyada cərəyan edən hadisələrin mərkəzində dayanır.  Bu ölkə NATO üçün böyük əhəmiyyət kəsb edir. Demək olar ki, NATO-nun Cənub cinahının əsas qüvvəsi hesab olunur.  NATO yaranandan SSRİ-nin cənub sərhədlərini (Qafqaz, Yaxın Şərq, Orta Asiya) məhz Türkiyə vasitəsi ilə nəzarətdə saxlayıb.  Türkiyə də əvvəllər zəif ölkə olduğu üçün ona deyilənləri yerinə yetirib.  Lakin zaman keçdikcə Türkiyə iqtisadi inkişafa qədəm qoydu və bu gün artıq regionun ən qüdrətli dövlətlərindən birinə çevrilib.  Türkiyənin nufuzu artdıqca, imkanları da çoxalıb. İndi Suriya, İraq və Yaxın Şərqdə baş verən hadisələrdə Türkiyə fəal iştirak edir. Digər tərəfdən isə Rusiya ilə yaxınlaşma müşahidə olunurdu.  Bütün bu səbəblərə görə, ABŞ təyyarə məsələsini (Rusiyaya məxsus təyyarənin Türkiyə tərəfindən vurulmas) gündəmə gətirdi və Türkiyə-Rusiya münasibətləri gərginləşdi”.

Rasim Ağayevin sözlərinə görə, Türkiyədə baş verən terror aktları ABŞ-ın nəzarəti altında həyata keçirilir: “Bu terror aktlarını ya kürd, ya İŞİD, ya da Erməni terror qruplaşmaları törədir.  Əl-Qaidə, İŞİD, Kürd, Erməni terror qrupları ya ABŞ tərəfindən yaradılıb, yaxud da bu ölkə tərəfindən birbaşa nəzarət olunur.  Baş verən terror aktları isə Türkiyəyə xəbərdarlıq xarakteri daşıyır. Türkiyənin qüvvətlənməsini və Rusiya ilə münasibətlərinin normallaşmasını xarici qüvvələr həzm edə bilmədikləri üçün müxtəlif vasitələrə əl atırlar”.

Politoloq qeyd edib ki, Türkiyənin mövcud vəziyyəti stabilləşdirmək üçün iki yolu var: “ Türkiyə ABŞ və Avropa dövlətlərinin rəhbərlərinə bəyan etməlidir ki, xarici siyasətindən imtina edir və yalnız daxili siyasətlə məşğul olacaq.  Yəni Suriyadan ordusunu geri çəkəcəyini və Kipr məsələsində kompramisə gedəcəyini açıqlamalıdır.  Bunu isə Türkiyə NATO-nun üzvü kimi həyata keçirə bilməz. İkinci yol isə ondan ibarətdir ki, Türkiyə siyasətini müəyyən mənada dəyişsin, dost və düşmənini ayırd etməyi bacarsın. Türkiyə qüdrətli dövlət kimi, özünü bir az da qüvvətləndirməli və radikal qruplaşmalarla qətiyyətlə mübarizə aparmalıdır.  Əgər Türkiyə zəifləsə Erməni və Kürd qruplaşmaları fəallaşıb bu ölkəyə müharibə elan edəcəklər. Belə olan halda isə Türkiyənin bu hücumun öhdəsindən necə gələ biləcəyi sual altındadır.  Yaranmış vəziyyət Türkiyədən böyük milli səfərbərlik tələb edir. Paralel olaraq daxili və xarici siyasətdə ciddi dəyişikliyin aparılmasını labüdləşdirir”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button