Müsahibə

İnqilab Əhədli: Millətimiz hələ də balaca uşaq kimidir, kiçik bir hədiyyəyə sevinir

Azərbaycan İslam Partiyası (AİP) sədrinin birinci müavini İnqilab Əhədlinin İslaminsesi.az saytına müsahibəsini oxucularımıza təqdim edirik.

– 9 oktyabrda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 10 namizəd qeydiyyatdan keçib. Sizcə, onlar siyasi mübarizədə vətəndaşlarla səmimidirlərmi?
– Təbii ki, prezident seçkilərində iştirak edən 10 namizədin içərisində xalqa doğru söz deyən, səmimi olanlar var. Bu istisnalardan biri Azərbaycan «Ədalət» Partiyasının sədri İlyas İsmayılovdur. Əgər vətəndaşlar diqqətli olsa, hadisələrə təmkinli, ağıl və təfəkkürlə yanaşan namizədi müəyyənləşdirəcək.
İ.İsmayılovdan başqa digər namizədlər öz platformalarını, Azərbaycanın gələcəyinə baxışlarını ortaya qoymaqdansa, bir-birini təhqir edirlər. Digər namizədlər arasında iqtidarda olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi və hökumətin himayəsi altında olan «müxalifət» partiyaları var. Bunların içində yalnız İ.İsmayılov həqiqi müxalifətdir.
Həmin müxalifət içərisində xaricdən dəstəklənənlər də ola bilər, amma həmin dövlətlər iqtidarı dəstəkləyən ölkələrdəndir.
Azərbaycanda həqiqi müxalifət AİP-dir. Lakin AİP-in sədri Mövsüm Səmədov həbsdə olduğu üçün onun prezidentliyə namizədliyi qəbul olunmadı.
AİP-in Baş Məclisi seçkilərdə fəal iştirak etmək üçün «Ədalət» partiyasının sədri İ.İsmayılovun namizədliyini dəstəkləməyi qərara aldı.
Şəksiz dünyada problemsiz ölkə yoxdur. Amma Azərbaycanda problemlər o qədərdir ki, onları həll etmək üçün ciddi proqram lazımdır.
Namizədlər isə debatlarda qeybət edir, bir-birini alçaldır, bir-birinin eyiblərini açmaq üçün əllərinə düşən fürsətdən istifadə edirlər. Xalqa isə heç vəd də verilmir. Bu, mənəviyyatsız debatlardır.
Lakin debatlarda İ.İsmayılovun vəkillərinin çıxışlarında ədəb qaydalarından kənara çıxılmır, vətəndaşları narahat edən məsələlərdən danışılır, onların həlli yolları göstərilir. İ.İsmayılov milli, dini-mənəvi dəyərlərimizə, eyni zamanda konstitusiya qanunlarının şah olmasına xüsusi yer verir.
İ.İsmayılovun vəkilləri – Mayis Güləliyev və Akif Heydərli çıxışlarında ABŞ və İsraili təkcə İslamın deyil, bütün insanlığın düşməni kimi dəyərləndirirlər. Bunlar əsaslı ittihamlardır və müsəlmanların ürəyindən xəbər verir.

– Xalqa çox yalan vədlər verilir, amma onlardan hesab sorulurmu?
– Xalqa yalan vəd verənləri zaman-zaman parlament seçkilərində görürük. Allah Quranın «Rədd» sürəsinin 11-ci ayəsində buyurur ki, “Əgər bir qövm, bir tayfa öz halını dəyişmək istəməsə, Mən onu dəyişmərəm”.
Bu sözlər insanları oyatmalıdır. Müsəlmanların rəhbəri, onların dini lideri Seyid Əli Xameneinin insanın öz halını dəyişməsi yollarını təklif edir. Prezident seçkiləri də insanın öz həyatını dəyişmək yollarından biridir.
Seçki hər bir millətin şərəf və izzətidir. Biz hansı şərəf sahibi olduğumuzu seçkilərdə göstərməliyik. Vətəndaşlar öz hüquqlarını tanısalar, onlara vəd verənlərdən haqlarını istəyərlər. Xalq gərək özü aldanmasın. Vəd verən bir nəfərdir, amma vəd alanlar minlərlə. Bir nəfər minlərlə insanı necə aldada bilir. Millətimiz hələ də balaca uşaq kimidir, kiçik bir hədiyyəyə sevinir. Prezident və parlament seçkiləri öncəsi hökumət vətəndaşlara kiçik hədiyyələr verməklə onları ələ alır, istəyini həyata keçirir və onlarda hər şeyi unudur. Xalqın özündən soruşmaq lazımdır ki, niyə təkrarən prezidentə səs verirlər. Prezident hansı sözünə əməl etdi? Xüsusəndə qeyrət rəmzimiz və yaralı yerimiz olan Qarabağ məsələsində. Ona görə də bunların hesabı xalqdan soruşulmalıdır, nəinki vəd verənlərdən.
Məgər iqtisadi inkişaf yeraltı keçid tikməkdən ibarətdir? Səsinizi bizə verin ki, dini-mənəvi dəyərlərimizə diqqət artsın, dindarlar təqib olunmasın.
İnsanın mənəviyyatı və şəxsiyyəti vacib amildir. Mənəviyyatını uca tutan, şəxsiyyətini önə çəkən namizədlərə dəstək olmaq xalqın vəzifəsidir.

– Cəmiyyətdə belə bir fikir dolaşır ki, əvvəllər hakimiyyətdə olmuş müxalifət iqtidara gələrək keçmiş səhflərini düzətlmək istəyir…?
– Hazırda Milli Şurada təmsil olunanlar hakimiyyətdə olduqları dövrdə dövlətçiliyimizə vurduqları ziyanı kimsə vurmayıb.
Onlar indi hakimiyyətə gəlib nəyi düzəltmək istəyirlər? Xalqın taleyini Avropanın, ABŞ-ın, İsrailin dəstəyində görürlərsə, onlar xaqlın, müsəlmanların və İslamın düşmənləridir. Onlar hakimiyyətdə olduqları dövrdə Azərbaycanın sərvətini istədikləri qədər mənimsəyə bilmədilər. Yenidən hakimiyyətə gəlməkdə məqsədləri vaxtilə mənimsəyə bilmədiklərini əldə etsinlər.
Müxalifət hazırki hakimiyyətin kiçik parçasıdır. Artıq xalq hazırki hakimiyyəti və əvvəllər iqtidarda olan və indi müxalifətə keçənləri çox yaxşı tanıyır.
Əgər müxalifət xalqa söykənirdisə, niyə gedib Rusiya və Qərbdən kömək istəyir.
Artıq baş verən hadisələr göstərir ki, vətəndaşların maariflənməsi üçün özü-özünə həm müəllim, həm də şagird olmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button