ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İmtahanlar ərəfəsində intiharlar. Nəyə diqqət etməliyik?

Təhsil müəssisələrinə qəbul imtahanları ərəfəsində intiharlar.

Nəyə diqqət etməliyik?!

Müsahibimiz ilahiyyatçı hacı Elman Ağayevdir.

– Abituriyentlərin imtahan dövrü yaxınlaşdıqca yaşadığımız cəmiyyətdə intihar mövzusu yenə də aktuallaşır. Ötən illərdə imtahan sonrası intiharlar neçə gəncin həyatına, neçə ailənin sevincinə son qoydu. Öncə intihara aparan yollar haqqında, intihar təfəkkürü hansı boşluğun nəticəsi olaraq baş verir?
İntihar mövzusu təəssüf ki, təkcə ölkəmiz üçün deyil, dünyamız üçün də qlobal mövzudur. Təsadüfi deyil ki, hadisənin çərçivəsi nəzərə alınaraq BMT tərəfindən intiharla mübarizə günü də mövzuya diqqət üçün hər il dünyada qeyd olunur. Bu mövzu bəzi ölkələrdə o qədər aktualdır ki, “İntihar parkları”, “İntihar körpüləri”, “İntihar metroları” və sair adını almış intihar məkanları seçilərək, buradan insanlar çoxsaylı intihar hallarını həyata keçirmişlər. Hətta bir müddət öncə ölkəmizdə də körpüdən intiharların çoxluğu həmin körpünün insanlar içində “İntihar körpüsü” olaraq adlanmasına səbəb olmuşdur.
Dünyanın bir parçası olan ölkəmizdə də intihar halları qeydə alınır ki, əksər intiharlara səbəb şəxslərin qarşılarına qoyduqları məqsədə çata bilmədiyi üçün gerçəkləşir. Ümidsizliyə düçar olan əksər belə şəxslər sonunda intiharı çıxış yolu bilərək özlərini öldürür. Qeyd edilən ümidsizlik, hədəflərinə yetə bilmədiyi üçün intihar faktları hər il, orta məktəblərin bitirilmə və ali məktəblərə qəbul dövrü, imtahanlar zamanı da qeydə alınır. İmtahanda arzulanan nəticəni əldə edə və ya kəsilərək ali təhsil ocaqlarına daxil ola bilməyən bəzi gənclər çıxış yolunu intiharda görür.
Təbii ki, intihar hansısa boşluq səbəbindən yaranır. Çox sahəli səbəblər toplusuna aid olan belə problemlər artıq psixoloqların araşdırma mövzusudur. Bəziləri onu, intihara aparan səbəbləri məktub, video, zəng və sair vasitəsi ilə kiməsə bildirdikləri halda, bəziləri isə hələ də müəmmalı olan intihar hallarının səbəblərini, içindəki boşluqları nümayiş etdirmədən canlarına qəsd edərək özləri ilə o dünyaya aparırlar. Lakin səbəblər təbii ki, müxtəlif ola bilir. Buna maddi, mənəvi, psixi, bəzi dinlərdə əqidəvi (satanizm kimi) səbəblər göstərilir. Narkomaniya, alkoqolizim, musiqinin yaratdığı yanlış əks təsir, film, hətta hansısa kitab qəhrəmanı belə insanda intihar təsirlərini gücləndirə bilir. Uğursuz məhəbbət macaraları, amansız sevgi ayrılıqları da intiharda əsas səbəblər sırasındadır. Qərbdə daha çox təsadüf edilən intiharlar sırasında hər bir istəyi təmin olunan ləzzətlərin bitməsi səbəbindən özünü öldürmə faktlarıdır. Xəstəlik və ağrı səbəbindən intiharlar da azlıq təşkil etmir.

Valideyn-övlad münasibətlərində yanlışlıq, cəmiyyətin səhv yanaşması, yoxsa təhsilin uşağın həyatında tam dəyərlərin varlığı kimi böyüdülməsi?

Yeniyetmələrin təhsillə bağlı intihar yaradan səbələri daha çox nə ilə bağlı olur?
Təəssüf ki, yaşadığımız cəmiyyətdə ailə, dostlar, qohumlar, rəfiqələr və sair yaxınların imtahan zamanı lazımi bal yığa bilməməsi, bəzən intahandan kəsilməsi səbəbindən yeniyetmələri qınaması intihara yol açan əsas səbəblərdəndir. Üzücü hal odur ki, belə hallarda yeniyetmələr hətta valideynlərinin qınaq və təpgisi ilə üzləşə bilir. Hansı ki, belə vəziyyətdə valideyn daha çox övladına təskinlik verərək onun yanında olmalıdır. Belə səhv davranışlar həyatın hələ eniş-yoxuşunu başa düşməyən bəzi yeniyetmə, gənclər üçün intiharı sankı qisas kimi ətrafına qarşı addım olaraq atmış olur. Onun intiharı sonradan hamıda peşimançılıq yaratsa da, bu kəsilmiş ömrü geri qaytarmağa yetərsizdir.
Belə hallarda valideynlərin diqqəti zəruridir. Eyni halda bu təkcə imtahana getmə ərəfəsi üçün deyil, ondan öncəki zamanda da valideynin diqqətini tələb edir. Valideyn övladına təhsilin əhəmiyyəti qədər övladının onun həyatında hansı rola malik olduğunu da ona anlatmalıdır. Öz sevgi və diqqəti ilə valideyn övladı ilə danışıqlarla onda yaranan narahatlığı aradan qaldırmalıdır. İstənilən valideyn övladını hər kəsdən yaxşı tanıyır və onda yarana biləcək narahatlığı mütləq müşahidə edə bilir. Valideyn uşağa anlatmalıdır ki, həyatın hədəfi düzgün və yararlı, cəmiyyəti və xalqı üçün lazımlı insan olmaqdır. Bunun üçün təhsil önəmlidir, ancaq həyatın naliyyətləri bunsuzda mümkündür. Dünyada böyük uğurlara imza atan bir çox şəxslərin təhsili olmayıb, lakin onlar düzgün hədəf seçərək naliyyət əldə edə bilmişlər. Hal-hazırda sosial şəbəkələrin qurucusu belə təhsildə uğur qazanmadan qovulan tələbə olmasına baxmyaraq başqa sahədə uğurlara imza ata bilir. Valideyn danışıqlar apararaq uşağına düzgün düşünmə, lazımı istiqamət verməklə onu intiharın cəngindən qoruya bilər.

-İnanc, əqidəvi həyat tərzi intiharın qarşısını ala bilərmi?
-İnanclı, mənəvi həyat təkcə intihardan deyil, bir çox problemlərdən çıxış yolunu göstərə bilər. Dünyada qəbul olunmuş statistik göstəricilərə görə inanclıların xəstəliyə daha tez qələbə çalması, intihar edənlər içində inanclıların daha az olması bunu deməyə əsas verir. Bunun kökündə isə inanclı insanın ümidini itirməməsi kimi əsas dayanmaqdadır. Ümidli insan, gələcəyə optimist baxan şəxs, gənc, yeniyetmə intiharın cənginə düşmədən normal həyatını yaşaya bilir. Əqidəvi həyat tərzi hər şeyi dünya həyatı ilə məhdudlaşdırmadan axirətin də bu istiqamətdə rolunu müəyyən edir. İnanc alınmayan bir çox işlərdə İlahi hikmətin mövcudluğunu insana bildirərək özünü başqa sahədə sınamaq və ya növbəti dəfə cəhd etməyi ona aşılayır.

-İslam dininə görə intihar edən şəxsin axirət aqibəti necə qiymətləndirilir?
-Mənim araşdırmama görə intihar bütün dinlərdə böyük günah sayılır. İslam dini də, məzhəbindən asılı olmayaraq bu düşüncə haqqında olduqca mənfi fikirdədirlər. Mövzu ilə bağlı Quran, Peyğəmbər (ə) və onun pak Əhli-beytindən (ə) gələn hədislərdə intihar kəskin qınanmışdır. Hətta bəzi hədislər intihar sahibinin əbədi cəhhənnəmdə qalmasını bildirir. Nisa surəsinin 29-cu ayəsində Allah insanın özünəqəsdini qınayır. Allah Rəsulu (s) özünə qəsd edən şəxsin cəhənnəm əzabına düçar olacağını bildirir. İmam Baqir (ə) hər bir forma ilə mömin şəxsin dünyadan köçə biləcəyini bildirdiyi halda intiharın bu nöqtədə qəbul olunmaz olduğunu buyurur.
Allah müqabilində böyük günahlardan biri ümidsiz olmaqdır ki, məhz intiharın da bu günah səbəbindən gerçəkləşdiyi şübhəsizdir.

-Belə bir faciənin yaşanmaması üçün ailədə nəyə diqqət olunmalıdır?
-İlk olaraq valideyn övladla dost münasibət qurmalı, lakin bununla bərabər onun üzərində nəzarəti həmişə saxlamalıdır. Övladının hansı filmlər izlədiyini, hansı kitablar oxuduğunu, hansı cəmiyyətdə və kimlərlə dostluq ediyinə mütləq diqqət göstərməlidir. Dosluq şəraitində qurulan bu diqqət sevgi münasibətlərini möhkəmlətməklə yanaşı uşağın yanlış təsirlər və bu təsirlərin yol aça biləcəyi intiharlardan uşaqları qorumuş olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button