ArxivIslamSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

İmam Huseyn qiyamıyla cəmiyyətdə oturuşmuş səhv təfəkkürlərə qarşı çıxdı – İlqar Kamil

“Zalımın taziyanəsinin səsini eşidəndə heç vaxt soruşma ki, kimdir şallaqlanan; sənsən şallaqlanan. Və elə ona görə də hansısa məzlumun ah-naləsini duyanda dərhal soruşma ki, görəsən, kimdir zülmə məruz qalan; sənsən zülmə məruz qalan… İmam Huseyn öz qiyamıyla həm də oturuşmuş təfəkkürə qarşı çıxır, onu dəyişmək istəyirdi.”

SalamNews xəbər verir ki, bunu ilahiyyatçı yazar İlqar Kamil Aşura faciəsilə bağlı fikirlərini bölüşərkən yazıb.

O, Aşuranı yaradan səbəblər haqda fikirlərini bölüşüb və o səbəblərdən birinin cəmiyyətin zülmə, zalıma və məzluma biganə yanaşması olduğunu deyib. Onun sözlərinə görə İmam Hüseynin qiyamının əsas səbəblərindən biri də cəmiyyətdə oturuşmuş səhv düşüncələri aradan qaldırmaqdır.

İlqar Kamil yazır:

“Dünyada elə bir insan yoxdur ki, ada kimi tək-tənha dayanıb dursun: hər insan qitənin bir hissəsi, qurunun bir parçasıdır; dalğalar sahildəki qayanı yuyub aparsa Avropa bir qaya qədərində kiçilər, tufan sənin, ya dostunun evini yerlə yeksan eləsə dünya bir ev azalar; eləcə də hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən!

Ernest Heminqueyin “Əcəl zəngi” adlı romanının epiqrafını məşhur ingilis şairi Con Donun dillər əzbəri olan bu sözləri bəzəyir. Necə də təsirli və düşündürücüdür: “…və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən!” Və elə ona görə də zalımın taziyanəsinin səsini eşidəndə heç vaxt soruşma ki, kimdir şallaqlanan; sənsən şallaqlanan. Və elə ona görə də hansısa məzlumun ah-naləsini duyanda dərhal soruşma ki, görəsən, kimdir zülmə məruz qalan; sənsən zülmə məruz qalan…! – Con Donun sözlərini belə və başqa əlli cürə də improvizə eləmək olar, ardınca da qəti qənaətə gəlmək olar ki, zalımın zalım sayılması üçün konkret sənə (də) zülm etməsi şərt deyil.

Zülm əcəl kimidir, əzizim, o, mütləq bir gün sənin də qapını döyəcək, bu, birmənalıdır, amma müsəlman heç vaxt bunu anlamadı, əksinə, iki gün sonrasını belə düşünə bilmədən, bütün canlılar kimi, (insan kimi deyil), məhz instinktinin diliylə danışmağı seçdi:

“məni çalmayan ilan, buyursun, min il yaşasın”.

O çağın ümmətinə baxaq… bəyəm Yezidin necə bir ilan olduğunu bilməyən, duymayan vardı? Hazırda “Qisseye Kərbəla” kitabını oxuyuram, müəllifin yazdıqlarından belə çıxır ki, ümmətin az qala hamısı, hər şeyin fərqindəydi, lakin, formalaşmış təfəkkür tərzi anlaya bilmirdi ki, ilanın ilan sayılması üçün konkret səni sancması, zalımın zalım yerinə qoyulması üçün konkret sənə zülm etməsi şərt deyil. İmam Huseyn öz qiyamıyla həm də bu oturuşmuş təfəkkürə qarşı çıxır, onu dəyişmək istəyirdi: ilanın ağına da lənət, qarasına da!

Yeri gəlmişkən, Ruminin bu haqda gözəl bir təmsili var, deyir, bir nəfər qarlı-buzlu havada ova gedir və dağda, şaxtada donmuş bir ilan görür. İlanı ölü sanıb evinə gətirir. Evdə isti dəyən kimi ilan dirçəlir və dərhal da ovçunu sancır. Rumi bu təmsili danışandan sonra öz irfani qənaətini belə verir:

(İn nəfs əjdərhast, u key morde əst?

Əz ğəme-bihaləti əfsorde əst).

Yəni, nəfs (oxu: zalım) ilana bənzəyir, o nə vaxt ölüb! Sadəcə, halsızlıqdan rəngi solub.

Odur ki, arxayınlaşmamalı insan, onu sancmayan ilanın başını əzə bilmirsə də, heç olmasa ona uzun ömür arzulamamalı, dedim axı, zalımın zalım sayılması üçün konkret mənə də, sənə də zülm etməsi şərt deyil.

…və elə ona görə də, əzizim, kilsə zənginin harayını eşidəndə dərhal soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən, sənsən dünyadan köçən!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button