ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İlahiyyatçı Kamran Məmmədov Shafaqna-ya danışdı : Gürcüstanda dini azadlıqlar

Gürcüstanda fəaliyyət göstərən tanınmış ilahiyyatçı Kamran Məmmədovdan :
Kamran Məmmədov Gürcüstanın Marneuli rayonunun İmir kəndində anadan olub. Elə orada da orta təhsilə start verib. Orta təhsilini Gürcüstanda bitirdikdən sonra ali təhsil üçün “Əl-Mustafa” beynəlxalq universitetinə qəbul olub, islam fəlsəfəsi üzrə magistratura ilə bərabər Tehran dövlət universitetində beynəlxalq hüquq üzrə magistraturanı bitirib. Hal-hazırda Gürcüstanda yerləşən Beynəlxalq Qafqaz Universitetində siyasi elmlər üzrə doktoranturada təhsil alır. Kamran Məmmədov hazırda Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin elmi və əsas idarə heyətinin üzvü, həmçinin “Əl-Mustafa” beynəlxalq universitetinin Gürcüstandakı filialında tədrislə məşğuldur.
Kamran müəllim sizi salamlayırıq. İlk sualımız belədir ki, Gürcüstanda müsəlman dini icmasının durumunu necə dəyərləndirirsiniz?
– Gürcüstandakı müsəlman dini icmasının durumunu bir neçə fərqli mövqelərdən dəyərləndirmək olar. Misal olaraq, dini ayinlərin icrası, dini ritualların yaşadılması, dövlətin dini azlıqlara qarşı hər hansısa bir proqramın olub olmaması, dini azadlıq haqqındakı qanunun mövcud olub olmaması, dini ibadət ocaqlarının tikilməsi və.s.
İlk növbədə qeyd edək ki, Gürcüstanda tanınmış ənənəvi dini azlıqlar o cümlədən müsəlman icmasının dini ayinlərinin icrasında, dini ritualların yaşadılmasında, insanların azad şəkildə ibadət etməsində hər hansı bir problem yaşanmır. Eyni zamanda dövlət keçmiş SSRİ dövründə dini icmalara dəyən zərəri qarşılamaq üçün hər il dövlət büdcəsindən təzminat ayırır. Ayrılan təzminat ibadət ocaqlarının təmirinə, lazımi avadanlıqlarla təmin etməyə, din xadimlərinin maaşı, dini ədəbiyyatın çap olunması və müsəlman cəmiyyətinə xərclənmək üçün nəzərdə tutulub. Ancaq bununla bərabər ölkədə azlıqda olan müsəlman icmasının dini azadlıq hüququnun icra olunmadığı məqamlar da mövcuddur. Bunun əsas misalı məscidlərin və dini təhsil ocaqlarının tikintisində yaradılan süni maneələrdir. Hansılar ki, son illərin əsas probleminə çevrilib.
Ümumi şəkildə ölkələrin (istər Gürcüstanın istərsə də başqa ölkələrin) dini azadlıq hüququna qarşı hansı öhdəliyi var?
– Gürcüstanın daxili qanunvericiliyi və Beynəlxalq sənədlər Gürcüstan və eləcə də başqa ölkələr üçün dini azadlıq hüququna qarşı iki növ öhdəlik təyin edir, pozitiv və neqativ öhdəlik. Pozitiv öhdəliyə görə dövlət gərək dini zəmindəki hüquqların bərpa və icrası üçün müəyyən adımlar atmalıdır və neqativ öhdəliyə görə isə dövlət azlıqların hüquqlarının bərpa və icrasının qarşısını almamalıdır. Yəni əgər məscid inşa etmək istəyirsə buna mane olmamalıdır. Necə ki, Ombudsman 2013 cü ildə parlamentdə verdiyi hesabatda da bu öhdəlyi xatırladır.
Gürcüstanda insan haqları, xüsusilə din azadlığı mövzusunda çatışmayan cəhətlər haqqında nə deyə bilərsiniz?
– Başqa ölkələr kimi Gürcüstan da hər 5 ildə bir dəfə BMT-nin nəzdində olan insan haqları şurasına insan haqlarının icrası ilə bağlı 5 illik hesabat verir. Bu hesabatda insan haqları mövzusunda əldə olunan nailiyyətlərlə bərabər nöqsanlar da qeyd olunur. Dini azadlıq hüququ sahəsində olan nöqsanlar məhz bu hesabatda və eyni zamanda xalq müdafiəçisi Ombudsmanın parlamentdə verdiyi illik hesabatda özünü açıq şəkildə göstərir.
Sizcə dini azadlıq hüququnun yetərincə icra olunmamasının əsas amili nədir?
– Gürcüstanda dini azlıqların hüquqları ilə bağlı iki növ problemlə qarşılaşırıq, birincisi qanunvericiliyə ikincisi isə icraçı orqanlara qayıdır.  Dini azlıqların hüquqlarını tanıyan və tənzimləyən qanunların mövcud olmaması bu zəmində ilkin amil hesab olunur. Xalq müdafiəçisi Ombudsman özünün 2015-ci ildəki illik hesabatında bunu qeyd edərək vurğulayır ki, qanunun olmaması yerli özünü idarəetmə orqanlarına bəhanə verir. Tikinti standartları, tikinti ilə bağlı süni maneələr yaradılır. İkinci  problem isə icraçı orqanlara qayıdır. Dini azadlıq hüququ haqqında qanunun olmaması bəzi hallarda icraçı orqanlara bu zəmində bəhanə verir. Ancaq bunu da qeyd etmək lazımdır ki, əsasən problem icraçı orqanlar tərəfindən yaradılır, mövcud olan qanunlar belə dini azadlıq hüququnun icrasına kifayət edir, ancaq qanun belə göz ardına alınır. Buna misal olaraq məscidlərin tikintisində tikinti standartları ilə bağlı yaradılan süni maneələri qeyd edə bilərik.
Dini azadlıq hüququnun müdafiəsi üçün Gürcüstanda hansı hüquqi sxema mövcuddur?
– Üç hüquqi sxema ilə dini azlıqların hüquqlarını müdafiə etmək olar: 1. Etnik və dini azlıqlar haqqında yazılan qanunlara dayanaraq. 2. Anti-diskriminasiya prinsipinə dayanaraq. 3. Dini azadlıq haqqında yazılan qanunlara dayanaraq.
İlk hüquqi sxemaya əsasən etnik və dini azlıqların haqqında mövcud olan qanun buna əsas verir ki, ölkədə azlıq hesab olunan vətəndaşlar etnik və dini kimliyinin qorunması üçün dövlət maraqları çərçivəsində lazım olan hər şeyi edə bilərlər.
Anti-diskriminasiya prinsipinə görə isə ölkədə çoxluq hesab olunan dinin nümayəndələrinin sahib olduqları hüquqlara azlıq hesab olunan vətəndaşlar da sahib olmalıdır. Yəni anti diskriminasiya prinsipi dövlətdən bunu tələb edir ki, vətəndaşları arasında heç bir fərq qoymamalıdır. Çoxluq hesab olunan xristianların kilsə inşa etmək haqqının olduğu kimi müsəlman icması da məscid inşa edə bilməlidir. Avropa insan haqları konvensiyasının 14-cü maddəsi, BMT-nin mülki və siyasi hüquqlar haqqında yazılmış paktın 2-ci maddəsi və Gürcüstan konstitusiyasının və eləcə də parlamentin 2013-cü ildə anti-diskriminasiya haqqında qəbul etdiyi 13 maddəlik qanun layihəsi və.s.
Dini azadlıq hüququ haqqında yazılan hüquqlar isə yetərincə çoxdur. Avropa insan haqları konvensiyasının 9 maddəsi, beynəlxalq mülki və siyasi hüquqlar haqqında BMT-nin yazdığı paktın 18-ci maddəsi, Gürcüstan konstitusiyanın 16-cı maddəsi və s.
Bütün bu qanunlar insanların istədikləri dini inanca sahib olma və onun ayinlərini fərdi və cəm şəklində yaşama hüquqnu açıq şəkildə tanıyır. Bundan əlavə məsələnin ciddiyyətini nəzərə alaraq dini azadlıq hüququ Mülki və siyasi hüquqlar haqqında yazılmış beynəlxaq sənədin 4-cü maddəsində icrasının təxirə salınmasına qadağa qoyulan əsas hüquqlardan hesab olunur.
Son olaraq mövzudan kənar olsa da, istərdik Gürcüstan ruhanilərinin Azərbaycanın azad edilmiş torpaqlarına səfəri ilə bağlı təəssüratınızı bizimlə bölüşəsiniz.
– Azərbaycan dövləti tərəfindən din xadimləri üçün təşkil olunan bu səfər ilk idi və deyə bilərəm ki, ümumilikdə çox xoş təəssürat yaratdı. Bu səfərdə rəsmi orqanlarla görüşlərlə bərabər Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olduq, ermənilərin törətdikləri cinayətlərin canlı şahidi olduq. İkinci Qarabağ müharibəsində sadəcə olaraq torpaqlar işğaldan azad olunmadı,  torpaqlarla bərabər bütün azərbaycanlıların milli qüruru da qaytarılmış oldu. Səfərin əsas yadda qalan anlarından biri Şuşa oldu. Təbiətin qoynunda yerləşən gözəl Şuşa insana fərqli hisslər yaşadır. Hər qarış torpağı üçün şəhid qanı axıdılıb və bu da o torpağı daha dəyərli edib. Şuşanın azadlığı həm də Azərbaycan əsgərinin şücaət, torpağı üçün nələr edə biləcəyinin və qəhrəmanlığının göstəricisidir. Ümid edirik ki, yaxın gələcəkdə  Gürcüstanın işğal olunmuş torpaqlarının azad edilməsindən sonra bu torpaqlara da səfər reallaşdıracağıq.
 Müsahibəyə görə təşəkkür edirik.
– Mən də sizə və kollektivinizə təşəkkür edirəm.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button