ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Günay Bank”ın ləğvi: “Xırda banklar böyük banklara qurban verilir”

Səbəb nədir?

Bankın bağlanması məcmu kapitalının tələb olunan minimum miqdardan az olması ilə əsaslandırılıb. Habelə qərar bankın cari fəaliyyətini etibarlı və prudensial (təhlükəsiz) qaydada həyata keçirməməsi ilə izah edilib.
“Bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.6 faiz, kredit portfelində 1 faiz, sektorun öhdəliklərində isə cəmi 0.5 faizdir. “Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”, – AMB əlavə edib.
Əmanətlər necə qaytarılacaq?
Məlumatda bildirilir ki, “Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin buradakı sığortalanmış əmanətləri üzrə kompensasiyalarını Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək:
“Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38.5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99.9 faizinin əmanətləri kompensasiya olunacaq”.
Azərbaycan Mərkəzi Bankı, RHMN/shutterstock
Əsl məqsəd ölkədəki bankların sayını azaltmaqdır”
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov düşünür ki, “Günay Bank”ın lisenziyasını ləğv etmək səviyyəsində ciddi problemi olmayıb.
Onun fikrincə, AMB-nin gətirdiyi səbəb əsassızdır, əsl məqsəd ölkədəki bankların sayını azaltmaqdır:
“Niyə edirlər? Çünki Azərbaycanın bank sektoru inhisarlaşmaya meyillidir. Mərkəzi Bankın iddia etdiyi kimi kapital problemi varsa belə, “Günay Bank” ötən həftə elan etmişdi ki, iyulun 5-də səhmdarların ümumi yığıncağını keçirəcək və kapitalını artıracaq. Bəs Mərkəzi Bank buna niyə mane oldu?”
Hüquqşünas bildirir ki, Azərbaycanda 4-5 böyük, inhisarçı bank var.
Məqsəd bazarda onların mövqeyini daha da gücləndirməkdir.
Əmanətçilər üçün yox, sahibkarlar üçün problem yaranacaq”
Vətəndaşların “Günay Bank”dakı əmanətlərinin aqibətinə gəlincə, Əkrəm Həsənov deyir ki, burada böyük problem yaşanmayacaq. Çünki banklara qoyulan əmanətlərin hamısı sığortalanır:
“Problem sahibkarlar üçün yaradılacaq. Digər bağlanan bankların taleyindən, aqibətindən bilirik ki, onların pulu, adətən, batır. Yəni Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətləri qaytarır, lakin sonra bankın qalan əmlakının başına “daş salıb”, müxtəlif maliyyə maxinasiyaları edir. Bunu əmlakı alt qatnan satmaqla, kreditlərin qayıtmasında borcalanlarla sövdələşməyə getməklə, xərcləri şişirtməklə və s. yollarla edir”.
Hüquqşünas bildirib ki, bütün bunların nəticəsində sahibkara heç nə çatmır, o, faktiki uduzur.
Hüquqşünas Əkrəm Həsənov
Mənbə: “Sputnik”
“Kiçik və orta banklarda pulunuzu saxlamayın” mesajı
Əkrəm Həsənovun sözlərinə görə, bütün bu olanlar Azərbaycanda fəaliyyətdə olan biznesə mesajdır.
Demək istəyirlər ki, belə kiçik və hətta orta banklarda belə pulunuzu saxlamayın, təhlükəlidir:
Demək istəyirlər ki, gedin həmin o böyük bankların müştərisi olun. Digər tərəfdən, Mərkəzi Bank əgər “Günay Bank” və digər bankların kapital məsələsi kimi formal bir şeyə toxunursa, onun bu qərarının özü qanunsuzdur. Çünki qanunla Mərkəzi Bankın idarə heyətində 7 üzv olmalıdır, lakin hazırda üzv sayı üç nəfərdir, yəni yetərsay yoxdur. Bu baxımdan da çıxardığı qərarlar qanunsuzdur”.
Hüquqşünasın sözlərinə görə, kiçik və orta bankların bağlanması bütünlükdə bank sektorunda Azərbaycanı çox pis nəticələrin gözlədiyini göstərir.
Onun fikrincə, belə qərarlar, addımlar ölkənin bank sektorunun daha da inhisarlaşmasına gətirəcək.
Bankın ləğv edilməsinin təsirlərini azaltmaq üçün təcili tədbirlər görülməlidir”
İqtisadçı Natiq Cəfərli isə deyir ki, “Günay Bank”ın Azərbaycan Bank bazarına yenidən daxil olması onsuz da müəmmalarla, suallarla dolu proses idi:
2018-ci ildə bu bankın sədr müavini 100 mln. manat, 2021-ci ildə isə filial rəhbərlərindən biri 53 mln. manat mənimsəmə iddiası ilə saxlanılmışdı. Yenə də bu gün “Günay Bank” ləğv edildisə, bunun bütün bank sektoruna təsirlərini azaltmaq üçün təcili tədbirlər görülməlidir”.
Nədir bu tədbirlər?
İqtisadçı qeyd edib ki, ilk növbədə bu bankda depoziti olan bütün vətəndaşların əmanəti tez və süründürməçilik olmadan, maksimum bir  ay ərzində qaytarılmalıdır.
Əgər vətəndaşların depozitləri ilə bağlı problemlər yaşanarsa, bu, bütün bank sektoruna başağrısı gətirəcək:
“Onsuz da, ölkədə müasir bank sistemi yoxdur, bura inhisarçılıq olan sahədir. Üstəlik, bizim banklar hələ də 19-cu əsrin bank məntiqi ilə işləyirlər, ancaq depozit götürüb, yüksək faizlə kredit verməklə pul qazanırlar. 21-ci əsrin bankları isə başqa cür işləyir. Onlar çoxdan investisiya mərkəzlərinə çevriliblər. Bizdə isə investisiya bankçılığı yoxdur. Bu da nə Mərkəzi Bankın, nə də bank sisteminin günahıdır. Problem siyasi sistem və idarəetmədədir”.
Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV
Sırada hansı banklar var?
İqtisadçı Qubad İbadoğlu isə deyir ki, “Günay Bank”ın bağlanması qərarı bank sektorunda inhisarlaşma meyllərini daha da gücləndirəcək və kiçik banklara müştəri etimadını aşağı salacaq.
AMB-nın məlumatına görə, 2023-cü il aprelin 1-nə “Günay Bank”ın ümumi depozitlərin həcmi 108 milyon 566 min manat, bank üzrə sığortalanmış əmanətlərin həcmi isə 38.5 milyon manat olub.
“Xırda banklar qurban veriləcək”
Qubad İbadoğlu əlavə edir ki, bu halda kompensasiya oluna bilməyən 70 milyon manat əmanətin taleyinin necə həll olunacağı ilə bağlı suallar yaranır:
Güman ki, “Günay Bank”-ın əmanətçiləri vəsaitlərini ordan götürüb iri banklarda yerləşdirəcəklər. Onu da qeyd edim ki, Azərbaycanda ən böyük 3 bankın (Beynəlxalq Bank, Paşa Bank və Kapital Bank) bazar payının dinamikası son illərdə bank bazarında inhisarçılığın artdığını göstərir. Belə ki, 2019-cu illə müqayisədə 2022-ci ildə ən böyük 3 bankın aktivlər üzrə bazar payı 9 faiz bəndi artaraq, 65 faiz, depozit portfeli üzrə bazar payı isə 13 faiz artaraq, 70 faiz, kredit portfeli üzrə bazar payı isə 8 faiz artaraq, 48 faiz olub. Bankların illik mənfəətinin təxminən dörddə üçü də məhz bu üç banka çatır. Hər üç bank Əliyevlər ailəsinin nəzarətindədir. Odur ki, iri banklar hakim ailəyə məxsus olduğuna görə daha risklidir”.
Sonda iqtisadçı bildirib ki, AMB-nin bankın bağlanması ilə bağlı açıqlamasında “kiçik bankın bağlanması bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır” deməsində mesaj var:
“Görünən odur ki, bir neçə böyük bankın hökmran mövqeyini möhkəmləndirmək üçün xırda banklar qurban veriləcək”.
Qubad İbadoğlu
Mənbə: Meydan TV
“Prioritet zəif bankların sağlamlaşdırılması olmalıdır”
Deputat, iqtisadçı Vüqar Bayramov isə deyir ki, “Günay Bank”da olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb.
Onun sözlərinə görə, əmanətçilər ilə depozit portfelinin həcminin müqayisəsi göstərir ki, sığortalanmamış əmanət az sayda vətəndaşlara məxsusdur. Yəni bir sıra şəxslərin bu bankda milyonlarla ifadə olunan əmanətləri olub:
“Hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanır. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan divident faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə praktik olaraq bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda, qaytarıla bilər”.
Deputat deyir ki, bununla belə, qorunmayan əmanətlərin taleyi ilə bağlı Fond tərəfindən real addımların atılmasına ehtiyac var:
Zəif bankların müflisləşməsi deyil, sağlamlaşdırılması daha prioritet olmalıdır”.
Hələlik, qərara “Günay Bank” ASC-dən münasibət almaq mümkün olmayıb.
Mərkəzi Bankın “Maliyyə dayanıqlılığı” hesabatından aydın olur ki, Azərbaycanda ən böyük üç bankın aktivlər üzrə bazar payı 65 faizə çatıb.
Həmin üç bankın biri dövlətə (Beynəlxalq Bank), ikisi prezidentin ailə üzvlərinə (“Paşa Bank” və “Kapital Bank”) məxsusdur.
Vüqar Bayramov
Mənbə: Meydan TV
Bu bankların depozit portfelindəki bazar payı 70 faiz, kreditlər üzrə isə 48 faizdir.
Bankların illik mənfəətinin təxminən dörddə üçü də məhz bu üç banka çatır.
Daha əvvəl bağlanan banklar
Daha öncə, 2022-ci ilin oktyabrında Pakistan Milli Bankının Bakı filialının lisenziyası ləğv edilmişdi.
2020-ci il aprelin 26-da isə Mərkəzi Bank “AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-yə inzibatçı təyin etmişdi. Mayın 1-də isə “Atabank” və “AmrahBank”ın lisenziyası ləğv edilib.
Daha sonra, mayın 12-də də “AGbank” və “NBCBank”ın lisenziyaları da ləğv olundu.
AMB lisenziyaların ləğvini bankların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah etmişdi, lakin həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.
2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra) və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda təlatümlər özünü göstərmişdi. Onda 10-dan çox bank bağlanmışdı. Yenə də səbəb kimi onların öhdəliklərini yerinə yetirə bilməmələri göstərilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button