ArxivXəbər lentiXəbərlər

Hakimiyyətin qorxusunun səbəbi oğurluqdur

Daha bir çox ağır ili yola saldıq. İndi arxaya baxıb sakitcə deyə bilərik – bu ildən olmamışdı. Öyrəncəliyik artıq bu “olmamışdı” sözünə. Hər dəfə bu rejim qızıb tuthatuta başlayanda belə tuthatut olmamışdı, hər seçkidən sonra belə seçki olmamışdı, hər ilin sonunda belə ağır il olmamışdı deməyə adətkərdə olmuşuq sanki. Və əgər heç nə dəyişməsə, bu ilin sonunda yenə o sözü təkrar edəcəyik, mütləq edəcəyik. Amma o sözü təkrar etmək üçün hansı duruma yuvarlanacağımızı, nə günə düşəcəyimizi təsəvvür etmək istəyəndə adamın gözləri qaralır.

Ötən ilin əvvəlində “sıçrayacağıq” dedilər, dedik etməyin. Sıçramaq üçün əvvəl ayaqları gücləndirməli, əzələləri möhkəmlətməlisən, sonra yüyürüb sürət yığmalısan. Durduğun yerdən tullanarsan, özünü gücə salarsan. Baxmadılar, sıçramaq nədir, heç hoppana bilmədilər, diyirlənib dünyanın ən kasıb 20 ölkəsinin içərisinə düşdülər.
Dedik ilə ad-zad qoymayın, adını verdiyiniz nəsnəni murdarlayıb zibilə döndərirsiniz. Sənaye ili dediz sənayeni, kənd təsərrüfatı ili dediz kənd təsərrüfatını məhv etdiniz. Multikulturalizm deyib ölkəni daxildən parça-parça etdiniz. Yox dediniz, islam həmrəyliyi ili olacaq. Və inanclı insanlara küll olaraq 1000 ilə yaxın həbs cəzası kəsdiniz. Bir daha tələb edirik – ilə ad-zad qoyub bizi səksəkəyə salmayın.
Ötən ilin bir səs-küylü hadisəsini də qeyd etməmək olmaz ki, bu vitse-prezident təyinatıdır. Bir qovuq düzəltdilər və bir ildir püfləyirlər. Sovet dövrünün məşhur lətifəsi yadınızdamı: “Qışqır-bağır salın ki, elə bilsinlər qatar gedir”. Vitse üçün komanda qayırdılar, tərifdən qulaqlarımız yara olmuşdu. Fəqət, hərəsi bircə dəfə danışdı. Biri erməni ilə bir masa arxasında şərab içmək arzusunu dilə gətirdi, o biri Xədicə İsmayılı teatra buraxmayın dedi. Və bitdi. İndi ha üfürün.
İlin önə çıxardığı daha bir olay rejimin yaşadığı qorxudur. Adam içinə çıxa bilmirlər. Boş bazarda poza verirlər, hara gedirlərsə həmin yerdə həyatı iflic edirlər. Meral Akşener sanki Ərdoğan üçün deyil, İlham Əliyev və onun kompaniyası üçün deyib: “Müdhiş bir korku var. Bu korkunun səbəbi kirlilik, bu korkunun səbəbi hırsızlıqdır”.
Qarşıladığımız yeni il bizə nə vəd edir? Hadisələrin axarını dəyişməsək heç nə. Siyasi hadisələri proqnozlaşdırmanın əsasları gələcəyin indidə, bu gündə qərarlaşmasındadır. Bu günümüz və xüsusilə bu günkü vəziyyətə gətirib çıxaran inkişaf dinamikası isə optimizm üçün heç bir əsas vermir.
Amma bu dünyada reallığın universal, ümumi bir qanunu var – səbəbiyyət qanunu. Hər bir hadisənin öz səbəbi var. Və nəticənin hesablanması səbəblərin dərkindən keçir.
Biz bu səbəbləri bilirik, neçə illərdir deyirik və deməkdə davam edəcəyik – fərdi kompetentsizlik, oğurluq, korrupsiya, ədalət prinsiplərinin pozulması, hüquq və seçimin məhv edilməsidir. Bu səbəblər xalqımız, millətimiz üçün arzuolunan nəticələrə gətirəcək səbəblər deyil. Lakin səbəbi bilirsənsə nəticəni dəyişmək asandır. Təki xalq öz iradəsini ortaya qoysun.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button