ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Hakim bildi ki, işgəncəyə məruz qalmışam, əhəmiyyət vermədi”

AXCP fəalı məhkəmədə başına gələnlərdən danışıb

2020-ci ilin iyulunda – Tovuz hadisələri dövründə Bakıda keçirilən Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP fəalları Ramid Nağıyev, Baba Süleymanov, Gündüz Mirzəyev məhkəmədə işgəncəyə məruz qalmalarından danışıb.

Yürüşlə əlaqədar cinayət işi üzrə 36 nəfər həbs olunub, noyabr-dekabr aylarında isə ev dustaqlığına buraxılıb. Onların işinə baxmaq Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarova həvalə olunsa da, sonradan təqsirləndirilən şəxslərin sayının çoxluğuyla əlaqədar üç qrupa bölündü. Hər qrupda 12 nəfər mühakimə olunur.

Ramid Nağıyev, Baba Süleymanovun daxil olduğu qrupun işinə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyilə baxılır. Martın 10-da keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər ifadə veriblər.

AXCP Təşkilat Şöbəsinin təlimatçısı Ramid Nağıyev bildirib ki, hündürmərtəbəli evlərin tikintisində fəhlə işləyirdi. İyulun 18-də onu və birlikdə işlədiyi partiyanın digər üzvü İsmayıl Həsənovu elə tikintidən gəlib aparıblar. Ramid Nağıyevin sözlərinə görə, onu birinci dəfə elə iş yerində saxlanılarkən döyüblər. Onu tutub aparanlar özlərini Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim ediblər. Lakin bu idarəyə yox, Nərimanov Rayon Polis İdarəsinə aparılaraq, orada saxlanılıb. Orada da döyüldüyünü deyən Ramid Nağıyev bildirib ki, prokurorluqda təqsirləndirilən şəxs qismində tanınıb, ittihamlar irəli sürüləndən sonra həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılarkən paltarlarının üstündə qan, üzündə xəsarətlər vardı: “Burnumun qanı dayanmırdı. Üst-başım qan içində idi. Məni məhkəməyə də o vəziyyətdə apardılar. Hakim də bildi ki, işgəncəyə məruz qalmışam. Heç əhəmiyyət vermədi”.

Ramid Nağıyevin barəsində həbs qətimkan tədbiri seçilməsi haqda məhkəmə qərarında hakim yazıb ki, o, məhkəmədə işgəncə və ya pis rəftara məruz qalmadığını deyib. Təqsirləndirilən cəbhəçi isə hakimin yalan yazdığını bildirdi: “Özü də gördü ki, mən işgəncəyə məruz qalmışam. Mən onu necə deyə bilərəm?”

Digər təqsirləndirilən şəxslər Baba Süleymanov, Gündüz Mirzəyev də ifadələrində fiziki və psixoloji təzyiqlərdən işgəncələrdən şikayətlənib.

Baba Süleymanovun sözlərinə görə, onu psixoloji təzyiqlər altında partiya rəhbərliyinin əleyhinə ifadəyə imza atmağa, video qarşısında deyilənləri təkrarlamağa və AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusiflinin üzünə dayanmağa məcbur ediblər: “Halbuki, biz o yürüşə dövlətə güvənib getmişdik. Çünki karantin rejimi olmasına baxmayaraq, polis şərait yaradırdı, yolları açırdı. Belə başa düşdük ki, dövlət özü təşəbbüs göstərir, Qarabağla bağlı böyük bir aksiyanın keçirilməsində maraqlıdır”.

Baba Süleymanov deyir ki, onu Cinayət Məcəlləsinin 278-ci (dövlətin konstitusion quruluşunu, idarəçiliyi zorla dəyişməyə cəhd) maddəsilə ittiham verməklə hədələyiblər: “Dedilər ki, ya öz istədiyin ifadəni verirsən, sənə qarşı bu maddə ilə ittiham irəli sürürük, ya da biz dediyimizi edirsən, vəziyyətin daha yüngül olur. Mənim ürəyimdə ciddi problemlər var. Gündə 5-6 dəfə ürəyim gedirdi. Vəziyyətim də yaxşı deyildi…”

Baba Süleymanov əlavə edib ki, Bakı İstintaq Təcridxanasına köçürüləndə təcridxanada dustaqların üstünə baxış keçirməklə məşğul olan Dəyanət adlı şəxs tərəfindən döyülüb. Səbəb isə cibindəki pul olub.

Bu qrupun işi üzrə məhkəmə prosesi martın 16-da davam edəcək.

Bu cinayət işi üzrə təqsirləndirilən 36 nəfər sırasında AXCP-nin 15 fəalı ilə yanaşı, Naxçıvan daxili işlər nazirinin sabiq müavini Səyavuş Mustafayev, Azərbaycan Demokratiya və Rifah Hərəkatının, “Müsəlman Birliyi” Hərəkatının da üzvləri var.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

AXCP bu ittihamların saxta olduğunu, üzvlərinin siyasi sifarişlə məsuliyyətə cəlb edildiyini bəyan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button