ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Həbsdəki generala qarşı 1.2 milyonluq mülki iddia

Rövşən Əkbərov istintaqa ifadə verməkdən imtina edib

Həbsdə olan general Rövşən Əkbərovun mühakiməsi başlayıb.

İşə Bakı Hərbi Məhkəməsində baxılır. Qəsdən adam öldürməkdə ittiham olunan generalın işini məhkəmənin sədri Həbib Həsənov araşdırır.

Bildirilir ki, iİyulun 16-da məhkəmənin hazırlıq iclasında təqsirləndirilən generalın anket məlumatları dəqiqləşdirilib. Ardınca onun vəkilləri istintaqdan narazılıqlarını dilə gətiriblər.

Müdafiəçiləri bildiriblər ki, prokurorluqda aparılan istintaq zamanı çoxsaylı qanun pozuntularına yol verilib.

Vəkillərin çıxışlarından məlum olub ki, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Diaporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov istintaqda şahid qismində dindirilib və onlar Rövşən Əkbərovun əleyhinə ifadə veriblər. Vəkillər onların ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib.

Müdafiəçilərin sözlərinə görə, adıçəkilən şəxslər əvvəllər də istintaqda dindiriliblər, amma əvvəlki ifadələrində hadisənin kim tərəfindən törədildiyini bilmədiklərini deyiblər. Bu dəfə ifadələrində isə Elçin Əliyevi Rövşən Əkbərovun qətlə yetirdiyini bildiriblər.

“Bu ziddiyyətə görə həmin ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyirik”, – vəkillər vəsatəti belə əsaslandırıblar.

Müdafiə tərəfinin daha bir vəsatəti isə Rövşən Əkbərovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun ev dustaqlığına buraxılması barədə olub.

Vəkilləri deyib ki, onun məhkəmədən yayınmaq niyyəti yoxdur, yaşadığı yer məlumdur. Bundan əvvəl də nə vaxt prokurorluğa çağırılıbsa, həmişə gedib.

Zərərçəkmiş tərəf isə onun ev dustaqlığına buraxılmasına etiraz edib.

“Onun xaricdə dostları var, onların yanına qaçıb gedə bilər. İndirə qədər 20 ilə yaxındır ki, məsuliyyətdən yayınıb”, – zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, vəkil Elçin Sadıqov belə deyib.

Müdafiə tərəfinin vəsatətləri təmin olunmayıb.

Zərərçəkmiş tərəf təqsirləndirilən generala qarşı 1 milyon mənəvi, 200 min də maddi olmaqla, 1 milyon 220 min manatlıq mülki iddia qaldırıb.

Generalın vəkilləri etiraz edib və bildiriblər ki, Rövşən Əkbərova qarşı ittiham hələ sübuta yetirilməyib. Onların sözlərinə görə, məhkəmə təqsirsizlik prezumpsiyası anlayışına hörmət etməlidir. Buna baxmayaraq, məhkəmə mülki iddianın icraata qəbul edilib və baxılmasına qərar verib.

Məhkəmədə o da məlum olub ki, general Rövşən Əkbərov istintaq dövründə ifadə verməkdən imtina edib.

Məhkəmə baxışı iyulun 30-a təyin edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddələrilə ittiham verilib.

General 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında “Sikora” kafesində yeyib-içəndən sonra Rövşən Əkbərovla Elçin Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib.

2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı.

Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

Elçin Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək, Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

Uzun illər əvvəl çıxarılmış icraatın dayandırılması barədə qərar 2020-ci ildə ləğv edilib. Elçin Əliyevin qətlilə bağlı cinayət işi üzrə icraat təzələnib və prosesin nəticəsi olaraq, Rövşən Əkbərov həbs edilib.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb.

1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button