Aktual

Həbsdə ölən keçmiş icra başçısının əmlakı müsadirə edildi

Apelyasiya məhkəməsi 600 min manatlıq əmlakla bağlı qərar verdi

Gəncə Apelyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı nəticəsində öz kabinetində saxlanılan Ağsatafanın keçmiş icra başçısı, 2021-ci ilin sentyabrında həbsdə vəfat edən Nizaməddin Quliyevin əmlaklarının müsadirəsi məsələsinə baxılıb. Məhkəmənin qərarıyla sabiq icra başçısının özünə və yaxınlarına aid 600 min manat dəyərində əmlaklar müsadirə olunub.
Uzun illər Goranboy, ardınca da Ağstafa rayonunda icra başçısı işləmiş Nizaməddin Quliyev 2019-cu ilin dekabrından həbs olunandan sonra bu əmlakların da üzərinə həbs qoyulmuşdu. 2021-ci il avqustun 6-da o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il azadlıqdan məhrum ediləndə 600 min manatlıq əmlaklar da müsadirə olunmuşdu. Bundan təxminən bir ay sonra Nizaməddin Quliyev həbsdə vəfat etmiş, Gəncə Apelyasiya Məhkəməsinin qərarıyla onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdi. Məhkəmə eyni zamanda, onun müsadirə olunmuş əmlaklarının müsadirədən azad edilib, ailəsinə qaytarılmasına qərar vermişdi. Qərarın əmlaklara aid hissəsinə etiraz edən prokurorluq bundan Ali Məhkəməyə kassasiya protesti vermiş və nəticədə həmin qərar ləğv olunmuşdu. Ali Məhkəmə qərar vermişdi ki, Nizaməddin Quliyevin əmlaklarıyla bağlı məsələyə apelyasiya instansiyası yenidən baxsın. Bu səbəbdən iş yenidən araşdırılıb və bu dəfə Gəncə Apelyasiya Məhkəməsi sabiq icra başçısının əmlaklarının müsadirəsinə qərar verib.
1954-cü il təvəllüdlü Nizaməddin Quliyev Gəncədə saxlandığı 2 saylı istintaq təcridxanasında koronavirusa yoluxmuş, 2021-ci il sentyabrın 8-də müalicə olunduğu modul tipli xəstəxanada vəfat etmişdi.
Nizaməddin Quliyevlə yanaşı, birinci müavini Ramiz Tatarov da həbs olunmuşdu. Avqustun 6-da Gəncə Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.
Yeddi ay davam edən məhkəmə prosesinin yekunu olaraq, Nizaməddin Quliyev 9 il, onun birinci müavini olmuş Ramiz Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Onlar Cinayət Məcəlləsinin 311.3.1 (əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələrilə təqsirli bilinib.
Apelyasiya Məhkəməsi Ramiz Tatarovun cəzasını 8 il 3 aya, sonradan Ali Məhkəmə isə 6 ilə endirib.
Azərbaycanda icra başçılarından həbs dalğası 2019-cu ilin dekabrında Nizaməddin Quliyevlə başlamışdı. Həmin dövrdə Yevlaxın sabiq icra başçısı Qoca Səmədov da həbs olunmuşdu. Daha sonra bu əməliyyatlar Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkirdə davam etdirildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button