ArxivNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Gültəkin Hacıbəyli Tale Bağırzadəyə qarşı yönəldilən ittihamları absurd və əsassız adlandırdı

Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəyli bəzi media orqanlarında Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəyə qarşı yönəldilən ittihamlara münasibət bildirib.

Rakurs.tv-yə danışan Gültəkin Hacıbəyli Tale Bağırzadəyə qarşı yönəldilən ittihamların tamamilə əsassız və qondarma olduğunu vurğulayıb: “Nardaran kəndində nələrin baş verdiyini Azərbaycan cəmiyyəti artıq gözəl bilir. Təəssüf ki, 2015-ci ildə bu hadisələr baş verərkən cəmiyyətdə bir çaşqınlıq var idi. Bəziləri doğurdan da burada İran izi axtarırdılar,  bəziləri burada başqa səbəblər axtarırdılar. Amma mən çox sevinirəm ki, təmsilçisi olduğum Milli Şura elə ilk gündən hadisələrə öz qiymətini verdi. Bildirdik ki, bu hadisələrdə Tale Bağırzadə və tərəfdarları tərəfindən hansısa qanunsuz hərəkətə yol verilə bilməz. Hansısa terrorçuluqdan, ifrat və radikal dindarların qruplaşmasından söhbət gedə bilməz. Nardaran hadisələri zamanı günahsız insanlara qarşı cinayət törədilib. Təəssüf ki, hüquq mühafizə orqanları bu cinayətin törədilməsində aktiv şəkildə iştirak ediblər. Məhkəmələrdə də gördük ki, hüquq mühafizə orqanlarının və hakimiyyətin iddia etdiyi kimi Tale Bağırzadə və tərəfdarları hansısa qanun pozuntusuna yol verməyiblər. Əksinə burada hacı Tale Bağırzadə və onun dostlarına qarşı çox ağır cinayət törədilib”.

Gültəkin Hacıbəyli Tale Bağırzadənin İrana bağlı olması iddialarına münasibət bildirərkən bildirib ki, əgər ittihamlar düz olsa idi hüquq mühafizə orqanları fakt və sübutları ortaya qoya bilərdi: “Əgər Tale Bağırzadə İrana bağlı adam idisə hansı səbəbə görə hüquq mühafizə orqanları bu barədə bir dənə də olsun ortaya sübut qoya bilmədilər? Səhv etmirəmsə Tale Bağırzadəyə qarşı məhkəmədə irəli sürülən ittihamlar arasında İranla bağlı heç bir şey yoxdur. Tale Bağırzadəyə işgəncə verərək Milli Şuranın rəhbərliyinə qarşı, professor Cəmil Həsənliyə qarşı, AXCP sədri Əli Kərimliyə qarşı ifadələr almaq istəyiblər. Tale Bağırzadədən ağıla sığmaz işgəncələr altında siyasi müxalifət liderlərini şərləməsini tələb ediblər. Açıq deyim ki, çox az insan Tale Bağırzadə kimi bu işgəncələr altında dözüm göstərərək tələbləri rədd edə bilərdi. Çünki ona həqiqətən ağıla sığmaz işgəncələr verilmişdi. O bənzəri olmayan fiziki və mənəvi işgəncələrə məruz qalmışdı. Bunun qarşısında əqidəsindən dönməmək, heç kimi şərləməmək haqqı nahaqqa satmamaq sözsüz ki Tale Bağırzadənin kamil imanından və əqidəsindən qaynaqlanır. Bu baxımdan mən qətiyyən bu versiyanı qəbul etmirəm. Bir daha vurğulayım ki, Azərbaycan hüquq mühafizə orqanları, məhkəmələr ortaya fakt qoymalı idilər. Digər tərəfdən də baxdıqda ölkədə hər kəsin kim olduğunu gözəl bilirik və anlayırıq. Hacı Tale Bağırzadə həbs olunandan sonra qonşu dövlət tərəfindən ona heç bir dəstəyin olmadığını gördük. Yəni sözügedən ölkə Tale Bağırzadənin müdafiəsi istiqamətində heç bir addım atmadı. Bu da təbii haldır. Çünki Tale Bağırzadə İranın deyil Azərbaycanın inanclı vətəndaşıdır. O, öz konstitusion hüquqndan istifadə edir. Azərbaycan konstitusiyasının ona verdiyi vicdan azadlığından istifadə edərək öz əqidəvi baxışlarını bəyan edir”.

Tale Bağırzadənin öz əqidəsində və imanında  möhkəm olduğunu qeyd edən Gültəkin Hacıbəyli burada hansısa xarici izin axtarılmasının düzgün olmadığını da sözlərinə əlavə edib: “Tale Bağırzadəni mənim üçün dəyərli edən tərəflərdən biri də budur ki, O, heç vaxt radikal dini mövqedən çıxış etməyib. O, heç vaxt cahil zümrənin təmsilçisi olmayıb. O insanların, din adamlarının gözünü bir həqiqətə açmağa çalışıb. Məsələn mən dünyada ikinci bir müsəlman din xadimi tanımıram ki, Tale Bağırzadə qədər cəsarətli bəyanatlar versin. Məsələn onun “zülmə boyun əyən bir dindar olmaqdansa, zalımla mübarizə aparan bir ateist yüz qat üstündür” cümləsinin mən təsəvvürümə gətirə bilmirəm ki, hansısa bir müsəlman din xadiminin dilindən səslənsin. Bu da Tale Bağırzadənin həyat fəlsəfəsindən qaynaqlanır. Məhz buna görə də mən onun imanına və şəxsiyyətinə hörmətlə yanaşıram. Bir daha söyləyirəm ki, Tale Bağırzadə haqqında səsləndirilən bu ittihamlar tamamilə absurddur. Azərbaycan dindarlarının gözü İrandan və yaxud da digər xarici ölkələrdən çəkilməlidir. Azərbaycanın dini liderləri də ölkəmizin içərisində yetişməlidir. İslam dininə siyatiş edən Azərbaycan vətəndaşlarının din xadimləri də Azərbaycanın özündə olmalıdır. Məsələn hacı Tale Bağırzadə belə bir nümunə yaradır. O, Azərbaycan dindarlarının gözünün İrandan çəkəcək nümunə yaradır. Mənə elə gəlir ki, hakimiyyəti narahat edən məqam da budur. Çünki xarici ölkələrə bağlı dindarları, insanları idarə etmək asandır. Çünki onları daima nəzarətdə saxlamaq, yeri gələndə zərərsizləşdirmək asandır. Azərbaycan dindarlarının xarici ölkələrə bağlı olmamasında Tale Bağırzadə kimi müasir düşüncəli din xadimlərimizin müstəsna rolu ola bilər. Mən bu yolda ona uğurlar arzulayıram və ümid edirəm ki, tezliklə azadlığa çıxar. Onun həbsinin motivi qurama idi və siyasi məqsədlər güdürdü. Mən həbsdə olan digər inanclı qardaşlarımıza və bütün siyasi məhbuslara azadlığa çıxmalarını arzu edirəm”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button