ArxivXəbər lentiXəbərlər

Azərbaycandan sərnişin daşımalarının azalma səbəbləri

 Avropanın aparıcı aviasiya şirkətlərindən biri London – Bakı marşrutu üzrə uçuşları dayandırıb.

qafqaz.ir/Şirkət uçuşların dayandırılmasının əsas səbəbi kimi sərnişin sayının azalmasını göstərib. Beləliklə, London-Bakı-London marşrutu üzrə indi həftədə 6 dəfə həyata keçirilən uçuşlar dayandırılır.

Yəni xidmət sektorunda yeni bir boşluq yaranır. Londona alternativ uçuşlar təşkil edən yerli aviaşirkət AZAL isə bu boşluğu doldurub-doldurmayacağı barədə sorğuya qəti bir cavab verməyib. Böyük ehtimalla, şirkət hazırda Londona həftədə üç dəfə gerçəkləşdirilən mövcud reyslərin daha rentabelli olması ilə kifayətlənəcək. Hər halda, London istiqamətində sərnişin sayı xeyli azalıb.

Turizm şirkətlərindən birinin rəhbəri, iqtisadçı Elxan Vəliyev müsahibəsində ölkədən xaricə sərnişin axınının azalmasını üç səbəblə izah edib. Onun sözlərinə görə, birinci səbəb dünyada baş verən iqtisadi böhran üzündən bir sıra xarici şirkətlərin Bakıya ezam edilmiş işçilərini geri çağırması ilə bağlıdır: “Həmin işçilər mütəmadi olaraq öz ailələrini görmək üçün vətənlərinə gedirdilər. Həmçinin onların qohumları Bakıya tez-tez qonaq gəlirdilər. Bəzən bir işçiyə görə 5-6 nəfər ber neçə dəfə Bakıya gəlirdi. İndi həmin işçilər yoxdur, qonaqlar da yoxdur”.

Bu fikri BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birel də vurğulamışdı. “Çoxlu əcnəbi işçiləri artıq öz ölkələrinə göndərmişik. Onların tutduqları yüksək vəziflərə azərbaycanlıları təyin edirik”, – deyə Qordon Birel dünya bazarlarında neft qiymətlərinin aşağı düşməsinin BP-nin kadr siyasətinə etdiyi düzəlişlərdən bəhs etmişdi.

Elxan Vəliyev xaricə sərnişin axınının azalmasının ikinci səbəbi kimi ölkəyə mal idxal edən iş adamlarının səfər sayının azalması ilə bağlayır: “Dolların bahalaşmasından sonra xaricdən mal gətirənlərin sayı da xeyli azalıb. Mənim müştərilərim arasında elələri vardı ki, Bakıda 5-6 dükan işlədirdi. İndi dükan sayı 2-3-ə düşüb. Təbii ki, xaricə səfərləri də iki-üç dəfə azalıb. Çünki gətirdiyini sata bilmir”.

İş adamı xaricə sərnişin axının azalmasında tələbələrin də rolunun böyük olduğunu vurğulayır: “İndi övladlarını xaricdə oxutmaq istəyənlərin də sayı azalıb. Bu sahəyə ayrılan vəsaitlər də azaldılıb. Həmçinin dolların manata nisbətən məzənnəsinin iki dəfəyə qədər qalxması xaricdə tələbə oxutmağı çox ailələr üçün çətinləşdirib”.

Azərbaycanlı tələbələr daha çox Ukraynada və Rusiyda oxuyurlar. Türkiyə və Şimali Kipr də azərbaycanlı tələbələrin daha çox üz tutduğu ünvanlardır. Beləliklə, Bakıdan Moskva, Kiyev və İstanbul kimi şəhərlərə də sərnişin axınının azalacağını düşünmək olar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button