ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Generalın adamları məni girov götürüb, Bakıdakı oteldə saxlayırdılar”

Vəli Nağıyevə məxsus olduğu deyilən şirkətin əməkdaşları işçiləri döyməkdə, girov götürməkdə ittiham olunur
Qəbələ sakini Vüsal Aslanov deyir ki, onu 15 gün bir otağa salıb, telefonunu da əlindən alıblar. Onun bildirdiyinə görə, Bakıdakı otellərdən birində zorla saxlayaraq, ətraf aləmdən təcrid ediblər.
“Məni faktiki girov götürmüşdülər”
35 yaşlı Vüsal Aslanov başına gələnlərlə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Şikayətində otelin ünvanını da qeyd edən Qəbələ sakini ona qarşı bu addımı atanların cəzalandırılmasını tələb edir. Deyir ki, kamera görüntüləri və başqa sübutlar araşdırılsa, bu fakt təsdiqini tapar:
“Məni faktiki girov götürmüşdülər. O müddətdə də girov saxlayırdılar…”
Vüsal Aslanov iddia edir ki, ona qarşı bu əməli törədənlər “Sara Group” şirkətinə bağlı şəxslər olub.
“Sara Group” Qapalı Səhmdar Cəmiyyəti gübrə satışıyla məşğuldur. Bu şirkət “Kraun -Ko-R” Holdinqə daxildir.
Vüsal Aslanov özü də gübrə satışıyla məşğul olub. O, 2020-ci ilin fevralından “Buta Trading” şirkətində satış mütəxəssisi kimi işə başlayıb. Bu şirkətin Qəbələ rayonunun Soltannuxa kəndində də satış məntəqəsi var. Orada gübrə, bitki mühafizə preparatları, toxum və başqa kənd təsərrüfatı məhsulları satılır.
Vüsal Aslanov deyir ki, “Sara Group”un işçisi Əlişükür razılaşıb, Qəbələdə onların da gübrəsini satıb:
“Sahib adlı tanışım var, 2020-ci ilin sentyabrında mənə zəng vurub dedi ki, tələbə yoldaşı Yusif oğlu Əlişükürlə Qəbələyə gəlib, mənimlə görüşmək istəyir, mənimlə gübrə satışı işini qurmaq niyyətindədilər. Mən həmin vaxt Qəbələnin Yenikənd kəndində idim. Tanışım Sahib də onlarla birlikdə həmin kəndə gəldi. Görüşdük, söhbət zamanı Yusif və oğlu Əlişükürlə razılığa gəldik ki, hər gübrə kisəsinə görə mənə 50 qəpik qazanc verəcəklər. Mən də onlar verən gübrələri Qəbələ ərazisində satacam. 2020-ci ilin sentyabr ayında mənə göndərdikləri gübrələrin bir hissəsini Yenikənddə yaşayan tanışım İsgəndərin evinin həyətinə, bir hissəsini də onun elə həmin kənddəki tikinti mağazasının anbarına boşaltdıq”.
“Eşitdim ki, audit yoxlamasında Əlişükürün külli miqdarda borcu yaranıb”
Həmin gübrələrin satışından əldə olunan vəsaiti Yusif Əzizovun bank hesabına köçürdüyünü deyən Vüsal Aslanovun sözlərinə görə, pulun bir hissəsini də nağd şəkildə Əlişükürə verib. O vurğulayıb ki, istər Əlişükürün yaşadığı İmişli rayonunun Sərxanlı kəndindəki evində, istərsə də Bakıda ona pul verdiyini görən, bunu təsdiqləyə biləcək şahidlər var:
“Təxminən bir aydan sora Əlişükür mənə ödəniş terminalı aparatı göndərdi. Dedi ki, fermerlərə ayrılan subsidiya kartlarına köçən pullar əsasında alqı-satqı edə bilərsən. Satış zamanı istifadə olunanda bildim ki, ödəniş terminalı “Sara Group” şirkətinə məxsusdur. Əlişükürlə telefonla danışanda soruşdum ki, ”Sara Group” sizin şirkətdi? Dedi ki, atası Yusif kişinin tələbə yoldaşı Xaliq Məmmədov şirkətə rəhbərlik edir. Təxminən bir ildən artıq onlarla əməkdaşlıq edəndən sonra eşitdim ki, audit yoxlaması zamanı Əlişükürün külli miqdarda borcu yaranıb. Əlişükür rəhbərliyə deyib ki, mallar da, satılmış malların pulu da məndədir”.
Vüsal Aslanov iddia edir ki, bundan sonra onu “Sara Group” QSC-nin Bakının Nərimanov rayonu ərazisində yerləşən ofisinə çağırıblar. O da gəlib. Onu Nərimanov rayonu ərazisindəki otellərdən birinə aparıb, təxminən 15 gün saxlayıblar:
“Sara Group” QSC-nin vəzifəli şəxsləri deyirdilər ki, azad edilməyimi istəyirəmsə, Əlişükürün onlara olan borcunu ödəməliyəm. Pulu məndən və qohumlarımdan tələb edirdilər. Qohumlarım Kəmaləddin İsgəndərov və Əsmər İsgəndərovanı vadar edirdilər ki, pulu ödəsinlər”.
“Dəfələrlə şirkətə çağırıb döyürdülər, söyürdülər, hədələyirdilər”
Əlişükür Vahabzadə işlədiyi “Sara Group” şirkətinə məxsus 630 min manatlıq gübrəni satıb, pulunu mənimsəməkdə ittiham olunur. Amma o, bu ittihamı qəbul eləmir və Qəbələyə göndərilən gübrə ilə bağlı yeyintiyə aidiyyəti olmadığını deyir. Onun sözlərinə görə, yaşadığı İmişli və ətraf rayonlarda gübrə satışıyla məşğul olub. Satışdan gələn pulları da Bakıya – şirkətin baş ofisinə göndərib. Qəbələyə göndərilən gübrəyə nə aidiyyəti olmasına isə o, belə izah verir:
“Şirkətə Qəbələ rayonu üzrə gübrə satışıyla məşğul olmağa işçi lazım idi. Atam oradakı tanışlarının vasitəsilə Vüsal Aslanovu tapıb, onu şirkət rəhbərliyilə tanış edib. Vüsal Qəbələdə gübrənin satışıyla məşğul olsa da, mal Bakıdan Qəbələyə mənim adımdan göndərilirdi. Yəni Qəbələyə göndərilən gübrəyə görə sənədləri mən imzalayırdım. Vüsal da yaxşı işləyirdi. Bu ilin fevralından rəsmiləşmə mənim adımdan çıxarıldı, Vüsalın öz adına göndərildi. Pulu-malı təhvil-təslim elədim. Ayyarım sonra məni və atamı şirkətin Dərnəgüldəki baş ofisinə çağırıb dedilər ki, çatışmazlıq var”.

29 yaşlı Əlişükür Vahabzadə 2020-ci ilin avqustunda “Sara Group”da işə düzəlib. Atası Yusif Əzizovun tələbəlik illərindən tanıdığı Xaliq Məmmədov bu məsələdə ona kömək edib. Xaliq Məmmədov o zaman “Sara Group”un da daxil olduğu “Kraun -Ko-R” Holdinqin direktoru idi.
Əlişükür Vahabzadə iddia edir ki, yeyintidə ittiham edəndən sonra dəfələrlə onu və atasını şirkətə çağırıb, bir otaqda gecəyə qədər ac-susuz saxlayıb, döyüblər, təhqir ediblər. Tələb ediblər ki, verdikləri sənədləri imzalasın. Şirkətin rəhbərinin kim olduğunu nəzərinə çatdırıb, hədələyiblər:
“Atamı və məni hədələyib deyirdilər ki, bilirsən də bu şirkətin rəhbəri Vəli Nağıyev kimdir, kimin qardaşıdır. Dəfələrlə davam edən fiziki və psixoloji işgəncələrdən bezib, həm də xəstə atamı nəzərə alıb, verdikləri sənədlərə qol çəkdim ki, satılan gübrənin pulunu mən xərcləmişəm”.
Şikayətlərin nəticəsi
Əlişükür Vahabzadə şirkətdə döyülməsi, təcrid edilməsi haqda hüquq-mühafizə orqanlarına şikayət edib. Onun sözlərinə görə, əgər lazımi formada araşdırma aparılsaydı – şirkətin ofisindəki kameralara baxış keçirilsəydi, şikayətdə göstərilənlər təsdiqini tapardı:
“Amma araşdırma aparmadılar. Qərar qəbul olundu ki, təsdiqini tapmadı, cinayət işi başlanması rədd edilsin”.
Meydan TV-nin əldə etdiyi məlumata görə, ölkədə gübrə satışına Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyev nəzarət edir, “Sara Group” QSC də ona məxsusdur. O, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin qardaşıdır.
Meydan TV Dövlət Miqrasiya Xidmətindən məsələyə münasibət öyrənə bilməyib. Qurumdan sualı cavablandırmaq istəməyiblər.
Vüsal Aslanovun qanunsuz azadlıqdan məhrum edilib, 15 gün otellərdən birində təcrid olunmuş vəziyyətdə saxlanması haqda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayətinin nəticəsilə bağlı məlumat almaq üçün Meydan TV Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button