“Eyni adama məxsus şirkətlər Təhsil Nazirliyinin 6 tenderində qalib olursa, bu şübhələrə yol açır”
Təhsil Nazirliyi qurumun aparatı üçün mebel avadanlıqlarının və müxtəlif jalüzlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Nazirliyin mətbuat xidməti tenderin qalibinin “Nərmin-H.N” MMC olduğunu bildirib:
“Tender komissiyasının yekun protokoluna əsasən, “Nərmin-H.N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 14 avqust 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb”.
Qalib şirkətə 1 mln. 610,9 min manat ödəniləcəyi qeyd olunub.
2018-ci ildə qeydə alınan “Nərmin-H.N” MMC-nin nizamnamə kapitalı 30 manat, qanuni təmsilçisi isə Nəriman Hacıyevdir.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, Nəriman Hacıyevin daha 2 şirkəti var: “İNŞAAT-12” MMC və “ALİ-MİLANGO” MMC. İctimaiyyətə açıq olan 2010-2017 illərin tender siyahısına nəzər saldıqda, “Ali Milango MMC” Təhsil Nazirliyinə məxsus olan ümumilikdə 171 867,00 AZN vəsaitlik daha 5 tenderin qalibi olub.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bir adama məxsus şirkətin Təhsil Nazirliyində artıq 6-cı dəfə tenderin qalib elan edilməsinin şübhələrə yol açdığını düşünür:
“Ümumiyyətlə, bu cür tenderlərin təhsilə hər hansı aidiyyatı yoxdur. Əgər bir nəfərin şirkəti qalib elan edilirsə, deməli o hakimiyyətdə yüksək vəzifəli şəxsin yaxınıdır, yaxud şirkətlər həmin məmurundur. Nəriman Hacıyev isə icraçıdır. Nəticədə adamın adına olan şirkətlər dəfələrlə qalib elan olunur və külli miqdarda vəsait mənimsənilir”.
N.Qulamoğlu hesab edir ki, bir sıra yüksək vəzifəli məmurlar nazirlik vasitəsilə büdcədən ayrılan vəsaitləri belə tenderlərlə mənimsəyirlər, korrupsiya da belə yaranır və total şəkil alır.
Meydan TV yaranan suallarla bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin katibi Cəsarət Valehoğluna müraciət edib.
Cəsarət Valehoğlu məlumatdan xəbəsiz olduğunu deyib. Ona nazirliyin saytında məlumatın yerləşdirildiyi xatırlandıqda “başa düşdüm, amma bu barədə heç nə bilmirəm:
“Siz sorğu göndərsəniz, cavab verə bilərik”.