Ermənistan və Türkiyə xarici işlər nazirləri təkbətək görüşdən sonra iki tərəf geniş tərkibdə danışıqlar aparıblar və daha sonra nazirlərin müştərək mətbuat konfransı keçirilib.
“Ermənistan bu çətin günümüzdə bizə dostluq əlini uzatdı, bizimlə həmrəylik nümayiş etdirdi.”
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransı zamanı deyib.
“Cənubi Qafqazda normallaşma prosesi davam edir. Bu gün ortaya qoyduğumuz iş birliyi anlayışının bu məsələyə dəstək verəcəyinə inanıram. Eyni zamanda, Ermənistanın Azərbaycanla münasibətlərinin normalaşması bölgəmizdəki sabitliyə töhfə verəcək”, – o əlavə edib.
Çavuşoğlu Ararat Mirzoyanla normallaşma məsələsində hansı addımların atıla biləcəyini də müzakirə etdiyini deyib.
“Bunlardan biri Ermənistanla Türkiyə arasında tarixi İpək yolu körpüsünün bərpasıdır. Bundan başqa, sərhəd-buraxılış məntəqəsinə aparan yolların bərpası ilə bağlı addımlar atmağı düşünürük”, – Türkiyə XİN rəhbəri vurğulayıb.
Çavuşoğlu, Ermənistanın zəlzələdən sonra ölkəsinə dəstək verdiyini və həmrəylik nümayiş etdirdiyini vurğulayıb: “Zəlzələdən dərhal sonra Ermənistan ölkəmizə 28 nəfərlik axtarış-xilasetmə heyəti göndərdi. Eyni zamanda, Ermənistan Türkiyənin zəlzələ bölgəsinə 100 tonluq humanitar yardım göndərdi. Və bugünkü görüşümüzdə əlavə yardımlar da göndəriləcəyini bildirdi”,- Türkiyə XİN rəhbəri deyib.
Ankarada Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Ermənistan hökuməti adından Türkiyə xalqına və hökumətinə başsağlığı ilə çıxışına başlayan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan diqqəti sərhəddin açılmasına çəkib və rəsmi İrəvanın əlaqələrin normallaşmasına hazır olduğunu bildirib: “İki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb və Ermənistan buradan Türkiyəyə humanitar yardım göndərib”,- Mirzoyan deyib.
Ermənistan xarici işlər naziri vurğulayıb ki, səfərinin məqsədi bu çətin anda Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir.
“Regionda sülh üçün, eyni zamanda, Türkiyə ilə münasibətlərin normallaşması, diplomatik münasibətlərin qurulması ilə bağlı Ermənistan hökumətinin hazırlığını bir daha vurğulamaq istəyirəm”, – Mirzoyan qeyd edib.
Ermənistan XİN başçısı Ararat Mirzoyan Türkiyəyə rəsmi səfəri proqramına zəlzələdən ən çox zərər görmüş və ermənistanlı axtarış-xilasetmə qrupunun üzvlərinin fəaliyyət göstərdiyi Adıyaman vilayətinə baxış da daxildir.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə gəlişini tarixi səfər adlandırıb.
Toivo Klaar “Twitter”də yazıb: “Bu, Ermənistanın yardıma ehtiyacı olan qonşusuna dəstək vermək qərarından sonra tarixi səfərdir. Ümid edirəm ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin inkişafının xəbərçisidir”.